Məhkəmə qərarları › İş №3(051)-434/2020

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-434/2020

15.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-434/2020 15.09.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Mingəçevir şəhər məhkəməsinin hakimi Hüseynov Ələkbər Məmmədtağı oğlu, Ağayeva Aynurə Nizami qızının katibliyi, Zərərçəkmiş şəxs X1 iştirakı ilə, xx xxxxxx 1981-ci ildə Ukrayda Respublikası Sovetski rayonunda doğulmuş, evli, orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, ünvan 1 mənzil 83 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə Mingəçevir şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, müəyyən etdim: Şəxs 2020-ci ilin iyul ayında Mingəçevir şəhərinin Günəşli qəsəbəsində yerləşən X2 məxsus torpaq sahəsinə daxil olaraq ümumi dəyəri 64,60 manat olan su sayğacını gizli olaraq oğurlamışdır. Şəxs məhkəmə iclasında verdiyi izahatında göstərmişdir 2020-ci ilin iyul ayında Mingəçevir şəhərinin Günəşli qəsəbəsində yerləşən porpaq sahəsinə girmiş və orada olan su sayğacını gizli olaraq oğurlamışdır. Səhvini başa düşmüşdür. Əməlindən peşmandır. Zərərçəkmiş şəxs X3 məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, 2020-ci ilin iyul ayında Mingəçevir şəhərinin Günəşli qəsəbəsində yerləşən ona məxsus torpaq sahəsindən ümumi dəyəri 64,60 manat olan su sayğacı oğurlamışdır. Ona dəymiş ziyan ödənilməmişdir. Şəxs barəsində qanunla nəzərdə tutulmuş ağır cəzanın verilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib məcmu halda qiymət verərək hesab edirəm ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır və həmin maddə ilə təqsirli bilinib ona inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31-ci maddəsinin tələbinə görə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs əməlindən peşman olması onun məsuliyyətini yüngülləşdirən haldır. İnzibati xətanı ağırlaşdıran hal müəyyən olunmadı. İnzibati xətanın xarakterini, pozuntunu törədənin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alıb digər cəzanın tətbiqini kifayət saymayaraq hesab edirəm ki, ona həbs növündə inzibati tənbehin tətbiq edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Zərərçəkmiş şəxsə dəymiş ziyanı Şəxs ödəmək iqtidarında olmadığı üçün zərərçəkmiş şəxsə maddi ziyanla bağlı mülki qaydada şikayət vermək hüququq izah olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 21, 40, 43, 48-51, 114, 128-130-ci maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı m: Şəxs Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 1 (bir) ay müddətinə inzibati həbs edilsin. Qərarın icrası Mingəçevir şəhər Polis Şöbəsinə həvalə edilsin. İnzibati həbs müddətinin əvvəli xx xxxxxxxx 2020-ci il tarixdən, saat 20:00-dan hesablansın. Zərərçəkmiş şəxsə maddi ziyanla bağlı mülki qaydada şikayət vermək hüququq izah olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Mingəçevir şəhər məhkəməsinin hakimi: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar