Məhkəmə qərarları › İş №3(051)-441/2024

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-441/2024

16.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-441/2024 16.07.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs və müdafiəçisi Vəkil Məhərrrəm oğlunun iştirakı ilə xx.xx.1979-cu il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İXM–in 535.1-ci maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Şəxs xx.xx.2024-cü il tarixdə saat təxminən 23:00 radələrində Mingəçevir şəhəri, H.Əliyev prospektində polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs həmin inzibati xətanı törətməsi şahid ifadələri və işdə olan sənədlərlə təsdiq olunmuşdur. İnzibati xətanı törətmiş şəxs Şəxs məhkəmə iclası zamanı göstərdi ki, o,xx.xx.2024cü il tarixdə saat təxminən 23:00 radələrində xalası oğlu X2 YPX əməkdaşları tərəfindən saxlamasını eşidib onun yanına, yəni H.Əliyev prospektinə getmişdir. Orada ona məlum olmuşdur ki, xalası oğlu Elməddin sərxoş olmuşdur. Ona görə də o, avtomobilin buraxılmasını xahiş etmiş, lakin Aqil Hüseynov ondan 250 manat istəmiş, o isə 200 manat təklif etmişdir. Ondan sonra o, Aqil Hüseynova protokol yazmasını demişdir. Aqil Hüseynov isə avtomobilin cərimə meydançasına aparılmasını demişdir. Həmin vaxt X4 avtomaşının cərimə meydançasına aparılmasına, “sroka gedərəm avtomaşını vermərəm” deyərək, etiraz etmişdir. Ondan sonra X14 bölməsinin əməkdaşı Aqil Hüseynov onun xalası oğlunu təhqir etmişdir, nalayiq ifadələr işlətmişdir. Ona görə də o, nalayiq ifadələr işlətməsinə görə Aqil Hüseynov etiraz etmişdir. Bununla da polis əməkdaşı Aqil X1 arasında sözlə mübahisə başlamışdır. O, bir neçə dəfə tərəfləri sakitləşdirməyə çalışsa da, polis əməkdaşı Aqil Hüseynov vətəndaşın ünvanına nalayiq ifadələr işlətməyini davam etdirmişdir. Ondan sonra xalası oğlunu polis lər apardığına görə o da polis əməkdaşları ilə birlikdə polis şöbəsinə getmişdir. Polis şöbəsində də heç bir səs-küy salmamış, yalnız X3 polis əməkdaşı Aqil Hüseynovdan söyüş söydüyünə görə prokurora şikayət etməsini demişdir. Onu deyən kimi Aqil Hüseynov onun barəsində raport yazmışdır. Hesab edir ki, Aqil Hüseynov ona qarşı qərəzli olmuşdur. Odur ki, məhkəmədən əməlində inzibati xəta tərkibi olmadığına görə barəsində olan inzibati inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş edir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş, Mingəçevir ŞPŞ-nin DYPB-nin YPX-nin inspektoru X7 ifadəsində göstərdi ki, xx.xx.2024-cü il tarixdə saat 22:30 radələrində xidmətdə olarkən 99MB128 dövlət qeydiyyat nişanlı MERCEDES BENZ C220 CDİ minik markalı avtomobil işıq cihazından düzgün istifadə etmədiyi üçün tərəflərindən saxlanılmışdır. Sürücü spirtli içki qəbul etdiyi üçün həkim müayinəsindən keçirilmişdir. X10 həkim müayinəsindən gəldikdən sonra onun qohumu Ruslan adlı adlı şəxs də sərxoş halda ona yaxınlaşmış və pul təklif edərək avtomaşının buraxılmasını xahiş etmişdir. O, razılıq verməmiş və avtomobilin cərimə meydançasına yerləşdirilməsi bildirmişdir. Belə ki, həmin vaxt avtomobildə olan bütün sərnişinlər, həmçinin Şəxs özü də sərxoş olmuşdur. Belə olan halda sürücü barəsində inzibati protokol tərtib edildikdən sonra avtomaşın cərimə meydançasına yerləşdirilməlidir. Ondan sonra Şəxs onu işdən çıxaracağı ilə hədələmiş və ona qarşı qərəzli münasibət sərgiləyərək, X10lə birlikdə səs-küy salaraq onun qanuni tələbinə tabe olmamış, yəni avtomaşının cərimə meydançasına yerləşdirilməsinə mane olmuşlar. Ona görə də o, post patrul xidməti çağırmaq məcburiyyətində qalmışdır. Post patrul əməkdaşlarıgəldikdən sonra avtomaşının cərimə meydançasına, X10in isə Mingəçevir ŞPŞ-nin inzibati binasına aparılmasımümkün olmuşdur. Ondan sonra Şəxs Mingəçevir ŞPŞ-nin inzibati binasına gələrək yenə də səsküy salmış, işin aparılmasına maneələr törətmiş və şəxsən onu ağır ifadələrlə hədləmişdir. Dəfələrlə nizam-intizama dəvət etsələr də, yenə də öz hərəkətlərini davam etdirmişdir. O, nə X10ə, nə də Şəxs münasibətdə heç bir söyüş və ya nalayiq ifadə işlətməmiş, yalnız hər iki şəxsi qanunun tələblərinə riayət etməyə dəvət etmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X5 və X8 da şahid X7 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etdilər. İşə əlavə edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat təxminən 23:00 radələrində Mingəçevir şəhəri, H.Əliyev prospektində polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. İşdə olan CD-R markalı video diskdən görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə hadisə yerində olmuş və polis əməkdaşları ilə mübahisə etmişdir. İşə əlavə edilmiş xx.xx.2024-cü il tarixli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs inzibati xəta törədən zaman orta dərəcəli sərxoşluq vəziyyətində olmuşdur. İşdə olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024cü il tarixdə saat 02:00-da inzibati qaydada tutulmuşdur. Məhkəmə, inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda baxaraq, mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadəsini, iş üzrə icraat materiallarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat təxminən 23:00 radələrində Mingəçevir şəhəri, H.Əliyev prospektində polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamaqla, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və onun əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcuddur. Onun qeyd olunan inzibati xətanı törətməkdə təqsirli olması, şahid ifadələri, habelə işdə olan materiallarla, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin xətanın az əhəmiyyətli olmasına görə inzibati xəta törətmiş şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar və onun əməlində inzibati məsuliyyəti istisna edən hallar yoxdur. İnzibati xəta haqqında iş üzrə icraatda tədqiq edilmiş həmin sübutlar qanunda nəzərdə tutulmuş qaydada əldə edilməklə bərabər, inzibati xəta törətmiş şəxsin təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə görə, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsini qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31-ci maddəsinin tələblərinə görə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, həmçinin nəzərə alır ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyəti yüngülləşdirən hallar müəyyən edilmədi. Sərxoş vəziyyətdə olması isə məsuliyyətini ağırlaşdıran haldır. Belə ki, AR İXM-nin 33.1.7-ci maddəsinə əsasən inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi inzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti ağırlaşdıran hal hesab edilir. Məhkəmə, inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halların olmamasını, ağırlaşdıran halın mövcudluğunu, təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi, qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğundur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM–in 30.3–cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə əlavə edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM–in 40, 43, 48-51, 114, 128- 130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 08 (səkkiz) gün müddətə inzibati qaydada həbs edilsin. Həbsə almanın əvvəli 16 iyul 2024-cü il tarixdən saat 02:00-dan hesablansın. Qərarın icrası Mingəçevir Şəhər Polis Şöbəsinə tapşırılsın. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar