Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-448/2024 29.07.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi İnzibati xəta törətmiş şəxs: Şəxs iştirakı ilə xx.xx.1988-ci il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, Mingəçevir şəhəri, X3 küçəsi, ev 4 mənzil 2 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İXM–in 333.1-ci maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şəxs xx.xx.2024-cü il tarixdə saat 11:00-da OPEL ASTRA minik markalı **-HC-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etmişdir. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-in 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs həmin inzibati xətanı törətməsi işdə olan sənədlərlə tam təsdiq olunmuşdur. İnzibati xəta törətmiş şəxs Şəxs məhkəmə iclası zamanı ifadəsində göstərdi ki, xx.xx.2024-cü il tarixdə OPEL ASTRA minik markalı **-HC-*** dövlət nömrə nişanlı avtomobili idarə edərkən polis əməkdaşları tərəfindən saxlanılmışdır. Polis əməkdaşları onu tibbi müayinəyə dəvət etmişlər. Ondan qan analizİ götürülməmişdir. O, hadisə zamanı sərxoş vəziyyətdə olmamışdır. Belə ki, o, bir gün əvvəl bir bakal pivə içmişdir. Həmin içkinin isə qeyd olunan miqdarda sərxoşluq yaratması inandırıcı görünmür. Ona görə də o, əlavə olaraq qandan analiz götürülməsini tələb etmiş, lakin onun tələbi yerinə yetirilməmişdir. Hesab edir ki, onun barəsində əsassız olaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, məhkəmədən ifadəsində göstərdiyi halların nəzərə alınmasını və barəsində olan inzibati xəta haqqında işin icratına xitam verilməsini xahiş edir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Mingəçevir şəhər rayonlararası narkoloji dispanserdə feldşer narkoloq vəzifəsində işləyən X1 ifadəsində göstərdi ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 10:15-də müayinə təqdim edilmiş və xx.xx.2024-cü il tarixdə test edilərək işlək vəziyyətdə olan, alkodedektor ilə iki dəfə tibbi müayinədən keçirilmişdir. Hər iki müayinə zamanı onun yüngül dərəcəli sərxoş vəziyyətdə olduğu müəyyən edilmiş və o barədə sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktı tərtib edilmişdir. Şəxs ondan qan nümunələrinin götürülməsi yolu ilə sərxoşluq vəziyyətinin müəyyən edilməsini tələb etmiş, lakin qan nümunəsinin götürülməsi onun səlahiyyətinə aid olmadığına görə sürücünün tələbi təmin edilməmişdir. Ona görə də Şəxs sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktı ilə tanış olmaqdan imtina etmişdir. O barədə akta qeyd edilmişdir. İşə əlavə edilmiş nəqliyyat vasitəsinin mühafizə olunan duracağa yerləşdirilməsi barədə aktdan görünür ki, xx.xx.2024-cü il tarixdə OPEL ASTRA minik markalı **-HC-*** dövlət nömrə nişanlı avtomobil duracağa yerləşdirilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli Sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Şəxs yüngül dərəcədə sərxoş vəziyyətdə olmuşdur. Məhkəmə, inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxsin izahatlarını, iş üzrə icraat materiallarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 11:00-da OPEL ASTRA minik markalı **-HC-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və onun əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcuddur. Onun qeyd olunan inzibati xətanı törətməkdə təqsirli olması, işdə olan materiallarla, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin xətanın az əhəmiyyətli olmasına görə inzibati xəta törətmiş şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar və onun əməlində inzibati məsuliyyəti istisna edən hallar yoxdur. İnzibati xəta haqqında iş üzrə icraatda tədqiq edilmiş həmin sübutlar qanunda nəzərdə tutulmuş qaydada əldə edilməklə bərabər, inzibati xəta törətmiş şəxsin təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə, həmçinin barəsində protokol tərtib edilmiş şəxsin məhkmə iclası zamanı xx.xx.2024-cü il tarixdə nəqliyyat vasitəsini idarə edərkən sərxoş olmaması və sərxoşluq vəziyyətinin tibbi müayinənsi aktı ilə razılaşması ilə bağlı bildirdiklərinə tənqidi yanaşır və həmin halları sübut növü kimi qəbul etmir. Məhkəmə öz mövqeyini onunla əsaslandırır ki, barəsində protokol tərtib edilmiş şəxsin nəqliyyat vasitəsini idarə edən vaxt sərxoş vəziyyətdə olmasını güman etməyə kifayət qədər əsas olduğuna və o, xüsusi texniki vasitə ilə müayinənin nəticəsi ilə razılaşmadığına görə onun barəsində səlahiyyətli vəzifəli şəxs tərəfindən xx.xx.2024-cü il tarixdə nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma və sərxoşluq vəziyyətini müəyyən etmək üçün tibbi müayinəyə göndərilmə barədə protokol tərtib olmuş, eyni zamanda həmin protokol tərtib etmiş vəzifəli şəxs və barəsində protokol tərtib edilmiş şəxs tərəfindən imzalamışdır. Eləcə də protokolun surəti barəsində protokol tərtib edilmiş şəxsə verilmişdir. Göründüyü kimi protokol tərtib etmiş vəzifəli şəxs barəsində protokol tərtib edilmiş şəxsin qanunla qorunan hüquqlarını təmin etmişdir. Ondan sonra aparılmış tibbi müayinə zamanı barəsində protokol tərtib edilmiş şəxsin yüngül dərəcədə sərxoşluq vəziyyətində olması müəyyən edilmişdir. Şəxs özü də izahatında bir gün əvvəl spirtli içki (pivə) qəbul etdiyini etiraf etmişdir. Belə olan halda xx.xx.2024-cü il tarixdə tərtib edilmiş Şəxs sərxoşluq vəziyyətinin tibbi müayinə aktı inzibati xəta haqqında iş üzrə mötəbər sübut sayılır. Ona görə də sərxoşluq vəziyyətini müəyyən etmənin tibbi müayinəsi barədə akt əlavə olumaqla, Şəxs barəsində xx.xx.2024-cü il tarixdə İXM-in 333.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bu hallar isə o nəticəyə gəlməyə əsas verir ki, barəsində protokol tərtib edilmiş şəxsin sərxoş olmamasına dair istinad etdiyi dəlillər əsaslı deyildir. Azərbaycan Respublikası İXM-in 96.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoş vəziyyətdə olmasını güman etməyə kifayət qədər əsas olduqda, onun sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün xüsusi texniki vasitələrdən istifadə edilir. Həmin şəxs sərxoş vəziyyətdə olub-olmamasının xüsusi texniki vasitədən istifadə edilməklə müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsi ilə razılaşmadıqda, tibbi müayinəyə aparılır. Həmin Məcəllənin 96.3-cü maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma barədə və sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitələrdən istifadə etmək və ya tibbi müayinəyə göndərmək barədə protokol tərtib olunur və həmin sənədin surəti barəsində belə tədbir tətbiq edilən şəxsə verilir. Həmin Məcəllənin 96.5-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma barədə və sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitələrdən istifadə etmək və ya tibbi müayinəyə göndərmək haqqında protokol onu tərtib etmiş vəzifəli şəxs, habelə nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırılan və sərxoşluq vəziyyətini müəyyən etmək üçün barəsində xüsusi texniki vasitələrdən istifadə edilən və ya tibbi müayinəyə göndərilən sürücü tərəfindən imzalanır. Sürücü protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Sürücünün izahat vermək və protokolun məzmunu barədə öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququ vardır. Onun bu izahatı və mülahizələri protokola əlavə olunur. Protokolun surəti sürücüyə təqdim edilir. Həmin Məcəllənin 96.6-cı maddəsinə əsasən sərxoşluq vəziyyətini müəyyən etmənin tibbi müayinəsi barədə akt müvafiq protokola əlavə olunur. Məhkəmə hesab edir ki, Şəxs İXM-in 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli olması, işdə olan xx.xx.2024-cü il tarixdə tərtib edilmiş, sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktı ilə öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsində göstərilir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31-ci maddəsinin tələblərinə görə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, həmçinin nəzərə alır ki, Şəxs əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə, inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İXM-in 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 400 (dörd yüz) manat məbləğində inzibati cərimə edilsin. Şəxs tətbiq edilmiş inzibati cəriməni dərhal və ya bu qərarın qanuni qüvvəyə mindiyi gündən 5 iş günü müddətində icra edərsə, tətbiq olunan cərimənin 10 faizi məbləğində ödənişdən azad edilsin. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Mingəçevir Şəhər Polis Şöbəsinə tapşırılsın. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №3(051)-448/2024
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-448/2024
29.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver