Məhkəmə qərarları › İş №3(051)-449/2024

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-449/2024

19.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-449/2024 19.08.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlu Ağayeva Aynurə Nizami qızının katibliyi, Barəsində qərar qəbul edilmiş şəxs: X5 iştirakı ilə X5 Gəncə şəhəri X14 şöbəsinin TP ******* №li 22 fevral 2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarından şikayətə baxaraq məhkəmə Müəyyən etdi: X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 342.2.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb olunması haqqında Gəncə şəhəri DYPŞ-nin TP ******* №li 22 fevral 2024-cü il tarixli qərarından şikayət verərək həmin qərarın ləğv olunmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində qərar qəbul edilmiş X11 şikayət ərizəsinə uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, onun barəsində xx.xx.2024-cü il tarixdə qanunsuz və əsassız olaraq Azərbaycan Respublikası İXM-nin 342.2.2 və 327.1-ci maddələrinə istinadən İXP ******* saylı protokol və onun əsasında TP ******* inzibati tənbeh vermə haqqında qərar tərtib edilmişdir. Həmin protokola və qərara əsasən, Gəncə X14 X10 Xidmətinin əməkdaşı tərəfindən guya onun nəqliyyat vasitəsinə normativ tələblər pozulmaqla avadanlıq quraşdırmağı və əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etdiyi əsasları göstərilərək barəsində qanunsuz və əsassız protokol tərtib edilmişdir. Həmin protokol və onun əsasında qəbul edilmiş qərar qanunsuz və əsassız olduğundan ləğ edilməlidir. Belə ki, o, xx.xx.2024-cü tarixdə şəxsi avtomobili ilə Mingəçevir şəhərindən X4 xəstə anası X2 müalicə etdirmək məqsədilə aparanda Gəncə şəhərinin girişində Gəncə DYPŞ-nin Yol Patrul Xidmətinin əməkdaşları onun idarə etdiyi nəqliyyat vasitəsini saxladılar. Polis serjantı onun avtomobilinə yaxınlaşaraq, nəqliyyat vasitəsinin ön işıqlarını dəyişdirdiyini, avtomobilin “Amerikanka” yox “Yaponka” avtomobil olduğunu bildirdi. O etiraz edərək nəqliyyat vasitəsinə hər hansı dəyişiklik etmədiyini, hər bir detalın orijinal olduğunu bildirdi. Bu zaman polis serjantı ona “çox vaxtımı alma, səhər saatlarından burada burada durmuşuq, 20 manat hörmət elə, get” deyərək laqeyd şəkildə cavab verdi. O, polis serjantına onlara verməyə pulu olmadığını bildirdi. Bu zaman digər polis əməkdaşı ona “bu dəqiqə POS patrulu yığacam, gəlsin götürüb aparsın” deyərək hədə-qorxu gəldi. O, Mingəçevirdən uzaqda - Gəncədə olduğunu və nəqliyyat vasitəsində xəstə anası olmasını nəzərə alaraq artıq polis əməkdaşlarına etiraz edə bilmədi. Polis əməkdaşlarından biri cərimə meydançasına aparmaq məqsədilə onun avtomobilində əyləşdikdə, o anasını taksi ilə dostugilə yola saldı, özü isə polis əməkdaşları ilə cərimə meydançasına yollandı. Cərimə meydançasında 2 saata yaxın onu gözlətdikdən sonra nəhayət ki, polis əməkdaşları ona yaxınlaşaraq İXM-nin 342.2.2-ci və 327.1-ci maddələr ilə, yəni nəqliyyat vasitəsinə normativ tələblər pozulmaqla avadanlıq quraşdırdığı və əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etdiyi əsasları göstərilərək barəsində qanunsuz və əsassız protokol tərtib edib imzalanmağını tələb etdilər, O həmin polis əməkdaşına nəyə görə onunla bu cür rəfta etdiyini, onun nəqliyyat vasitəsinə nə əlavə avadanlıq quraşdırmadığını, nə də manevr qaydasını pozmadığını bildirdi və onun əməlinin düzgün olmamasını nəzərinə çatdırdı. Lakin o, “o cərimələr yazır, gedib şikayət edərsən, məhkəmədə silərlər” deyə laqeyd şəkildə cavab verdi. O hər hansı bir qanuni tələbləri pozmamışdır. Yolda hərəkətdə olarkən, hər zaman qanunvericilyin tələblərinə uyğun olaraq nəqliyyat vasitəsini idarə etmişdir. Həmin gün də xəstə anasını müalicə etdirmək üçün Gəncə şəhərinə gedirdi və nəqliyyat vasitəsini lazımi qaydada sürürdü. Hər hansı qanun pozuntusuna yol verməməyinə və təqsiri olmamasına baxmayaraq, heç bir hüquqi əsas olmadan onun barəsində qanunsuz və əsassız protokol tərtib edilmişdir. Belə ki, əgər onun nəqliyyat vasitəsində əlaqə avadanlıq quraşdırılmış olsaydı, qanunvericiliyin tələblərinə əsasən cərimə meydançasında həmin avadanlığın dəyişdirilməsi tələb olunar və yalnız bu tələb yerinə yetirildikdən sonra nəqliyyat vasitəsini cərimə meydançasından çıxarmağına icazə verərdilər. Eyni zamanda nəzərə çatdırır ki, o manevr qaydasını da pozmamışdır. Polis əməkdaşı onu saxlayarkən manevr qaydasını pozmağına dair video çəkiliş ona göstərilməmiş, hətta bu barədə söhbət belə getməmişdir. Əgər belə bir fakt varsa, polis əməkdaşının üzərində yerləşdirilərək aparılan səs yazısı qeydlərindən və kamera çəkilişlərindən çıxarışları məhkəməyə təqdim etməsini xahiş edir. Bildirir ki, o çox zəhmətkeş, insanlara, təhsilə, əməyə, habelə başda Azərbaycanın böyük sərkərdəsi, ilham və inam yerimiz olan İlham Əliyev olmaqla bütün böyüklərə hörmətlə, ləyaqətlə yanaşan biridir. O himayəsində azyaşlı uşağa təkbaşına baxan bir valideyn kimi, xəstə anasına daim dəstək olan bir oğul kimi, ümumiyyətlə, bir Azərbaycan vətəndaşı kimi öz məsuliyyətini dərk edir və avtomobil aldığı ilk günlərdən yol hərəkəti qaydaları ilə əlaqədar qəbul edilmiş bütün qayda və qanunlara ciddi riayət edir. Özünü və yaxınlarını hər gün yollarda baş verən ağır qəzalardan qorumağa çalışır. O, Gəncə şəhərində nəqliyyat vasitəsini qanunvericiliyin tələblərinə uyğun lazımi qaydada idarə etməyinə baxmayaraq, polis işçsisi tərəfindən barəsində əsassız protokol tərtib edilmiş, etiraz etməyinə baxmayaraq, onun haqlı etirazlarına heç bir məhəl qoyulmamışdır. Nəticədə onun hüquqlarını, eyni zamanda inzibati qanunvericiliyin norma və prinsiplərini kobud şəkildə pozan qərar qəbul edilmişdir. Odur ki, məhkəmədən AR DİN Gəncə şəhər X13 X10 Xidmətinin əməkdaşının xx.xx.2024-cü il tarixli, İXP ******* saylı protokolunun və inzibati tənbeh vermə haqqında TP ******* saylı qərarının ləğv edilməsi və barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş edir. Gəncə şəhər DYPŞ-ə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və onun tərəfindən çıxarılan qərarın qanunauyğunluğunu sübut edə biləcək heç bir sübut məhkəməyə təqdim etməmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, şikayət qismən təmin olunmalıdır. İşdə olan Gəncə şəhəri DYPŞ Yol Patrul Xidməti inspektoru Polis serjantı X3 “İnzibati tənbeh vermə haqqında” TP ******* №li 22 fevral 2024-cü il tarixli qərarından görünür ki, X1 Xətalar Məcəlləsinin 327.1 və 342.2.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 150 manat məbləğində cərimə olunumşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 101.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. “İnzibati tənbeh vermə haqqında” 22 fevral 2024-cü il tarixli qərardan görünür ki, X8 İXM-nin 327.1-ci və 342.2.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 150 manat cərimə olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 342.2.2-ci maddəsinə görə normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə inzibati məsuliyyət yaranır. Lakin məhkəmə iclası zamanı şikayətçi onun avtomobilində göstərilən heç bir avadanlıq quraşdırılmadığını və dəyişdirilmədiyini bildirmişdir. Eyni zamanda həmin vaxt avtomobili idarə edərkən heç bir qanun pozuntusuna yol vermədiyini söyləmişdir. Qərarı çıxarmış tərəf isə məhkəmə iclasına gəlməyərək məhkəməyə heç bir sübut təqdim etmədiyinə görə, həmin avadanlığın normativ tələblərin pozulub-pozulmamaqla quraşdırılmasını da müəyyən etmək mümkün deyil. Ona görə də məhkəmə hesab edir ki, şikayətçinin göstərdiyi hallar yenidən araşdırılmalıdır. İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-nin 134.1 və 134.1.4-cü maddələrində göstərilir ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. İnzibati Xətalar Məcəlləsinin 135.1, 135.1.1-ci maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, bu Məcəllə ilə müəyyən edilmiş işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və dəyişdirilməsi üçün əsasdır. Məhkəmə hesab edir ki, iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün hallar araşdırılmadığına görə Gəncə şəhər DYPŞ Yol Patrul Xidməti inspektoru Polis serjantı X3 TP ******* №li 22 fevral 2024-cü il tarixli qərarı ləğv olunmalı və inzibati xəta haqqında iş yenidən baxılması səlahiyyətli orqana göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 133-135-ci maddələrini rəhbər tutub, məhkəmə Qərara aldı: Şikayət qismən təmin edilsin. X5 327.1 və 342.2.2-ci maddələri ilə inzibati məsuliyyətə cəlb olunaraq 150 manat cərimə olunması barədə Gəncə şəhər DYPŞ Yol Patrul Xidməti inspektoru Polis serjantı X3 TP ******* №li 22 fevral 2024-cü il tarixli qərarı ləğv olunsun və inzibati xəta haqqında iş yenidən baxılması üçün Gəncə şəhər DYPŞ-ə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar