Məhkəmə qərarları › İş №3(051)-452/2021

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-452/2021

29.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-452/2021 29.04.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Mingəçevir şəhər məhkəməsinin hakimi Hüseynov Ələkbər Məmmədtağı oğlu, Ağayeva Aynurə Nizami qızının katibliyi, Mingəçevir şəhər İcra və Probasiya şöbəsinin icra məmuru X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun iştirakı ilə, xx.xx.1988-ci ildə Ağdərə rayonun, Umudlu kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, Mingəçevir şəhəri, Sağ Sahil yarımçıq Mehmanxanada məskunlaşıb yaşayan Şəxs oğlunun barəsində Azərbaycan Respublikası İXM-nin 529.2-ci maddəsi ilə Mingəçevir şəhər İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq müəyyən e t d i m: Şəxs oğlu barəsində tətbiq edilmiş 1500 manat məbləğdə inzibati cərimə olunması haqqında Mingəçevir şəhər məhkəməsinin 20 noyabr 2020-ci il tarixli, 3(051)-678/2020 saylı qərarını qanunla müəyyən olunmuş müddətdə icra etməmişdir. Məhkəmədə Şəxs oğlunun həmin inzibati xətanı törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Belə ki, iş materiallarından görünür ki, Şəxs oğlu 20 noyabr 2020-ci il tarixdə Mingəçevir şəhər məhkəməsinin qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1500 manat məbləğdə inzibati cərimə edilmişdir. Bununla da o, Azərbaycan Respublikası İXMnin 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə barəsində qəbul edilmiş qərar qanuni qüvvəyə mindiyi gündən cəriməni 25 gün müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan ödəməmiş və buna görə də barəsində İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Şəxs ona istinad olunan inzibati xətanı törətməkdə özünü təqsirli bilərək verdiyi izahatında göstərmişdir ki, Mingəçevir şəhər məhkəməsinin 20 noyabr 2020-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1500 manat məbləğdə inzibati cərimə olunmuşdur. Qərarı icra etməkdən boyun qaçırmır. Lakin maddi imkanı olmadığı üçün cəriməni ödəyə bilməmişdir. Buna görə də barəsində yüngül tənbeh növünün seçilməsini xahiş edir. Məhkəmə iclasında icra məmuru X2 izahatında göstərmişdir ki, Şəxs oğlu 1500 manat məbləğdə inzibati cərimə ödəməli olduğu halda, cəriməni tam ödəməmişdir. Cərimənin ödənilməsini tələb etmək üçün dəfələrlə Şəxs rəsmi məktub göndərmiş, izahatının alınması üçün şöbəyə dəvət etmişdir. Lakin, Şəxs oğlu indiyə kimi qərarı müxtəlif bəhanələr gətirərək icra etməmiş və qərar icrasız qalmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və icra məmurunun izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib məcmu halda qiymət verərək hesab edirəm ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 529.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır və həmin maddə ilə təqsirli bilinib ona inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə görə, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 529.1 və ya 529.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs məhkəmə yekun qərar qəbul edənədək cəriməni ödəməmişdir. Məhkəmədə Şəxs qanunla müəyyən edilmiş qaydada cəriməsini ödəməməsi müəyyən olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31-ci maddəsinə əsasən Şəxs oğlunun törətdiyi inzibati xətanın xarakterini nəzərə alaraq hesab edirəm ki, ona ictimai işlər növündə inzibati tənbehin tətbiq edilməsi tənbehin məqsədlərini təmin edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 21, 40 , 43, 48- 51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldım: Şəxs oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 200 saat müddətinə ictimai işlərə cəlb edilsin. Şəxs oğlu yaşadığı ərazinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi ictimai yerlərdə ictimai işlərə cəlb edilsin. Şəxs oğlunun üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. HAKİM Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar