Məhkəmə qərarları › İş №3(051)-467/2023

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-467/2023

26.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-467/2023 26.05.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızı, Məhkəmə iclas katibi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1996-cı ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Mingəçevir şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq Müəyyənetdim: Mingəçevir şəhər Polis Şöbəsi tərəfindən tərtib olunmuş ******* № li, xx.xx.2023-cü il tarixli protokolda göstərilir ki, Şəxs xx.xx.2023-cü il tarixdə polisin qanuni tələbinə tabe olmayaraq müəyyən edilmiş vaxtdan sonra Kür çayında motorlu qayıq idarə etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, Kür çayının Mingəçevir şəhərindən keçən hissəsində motorlu qayıqla müştərilər gəzdirərək pul qazanır. Həmin qayığı idarə etmək üçün notarial qaydada ona etibarnamə verilmişdir. Həmçinin motorlu qayıq idarə etmək hüququ var. Saat 19:00-dan sonra Kür çayı ərazisində motorlu qayıq idarə etməyin qadağan olduğunu bilir. xx.xx.2023-cü il tarixdə saat 19:00-dan sonra motorlu qayığı Kür çayında idarə etmişdir. Lakin həmin vaxt üzərində saat olmadığına, telefonu da əlindən düşdüyü üçün xarab olduğuna görə saatın 19:00-dan keçməsindən xəbəri olmayıb. Müəyyən edilmiş vaxtdan 10-15 dəqiqə keçmişdir. Buna görə də polis əməkdaşları onu polis şöbəsinə dəvət etmiş və barəsində protokol tərtib olunmuşdur. Əməlindən peşimandır. X1 məhkəmə iclasında bildirdi ki, PPXB-nün taqım komandiri, polis leytenatıdır. Saat 19:00dan sonra Kür çayında motorlu qayıq idarə olunmasının qadağan edilməsi barədə göstəriş mövcuddur. Lakin Şəxs həmin göstərişə əməl etməmiş, saat 19:00-dan sonra Kür çayı ərazisində motorlu qayıq idarə etmişdir. Ona görə də Şəxs polis şöbəsinə dəvət edilmiş və raport yazılmışdır. Şahid polis baş serjantı X4 da X3 izahatına uyğun izahat verdi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsində göstərilmişdir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin mənasına görə polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati məsuliyyət yaranır. Lakin məhkəmə iclasında Şəxs ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması müəyyən edilmədi. Eləcə də inzibati xəta haqqında protokola saat 19:00-dan sonra Kür çayında motorlu qayıq idarə olunmasının qadağan edilməsi barədə hər hansı qanuni göstəriş olmasını təsdiq edən sənəd əlavə edilməmişdir. Azərbaycan Respublikasının İXM-nin 109.2-ci maddəsində göstərilir ki, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilir. İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. İş üzrə toplanmış sübutlara qiymət verərək hesab edirəm ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığına görə iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 128-130-cu maddələrini rəhbər tutub, Qəraraaldım: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə olan inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar