Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-471/2023 30.05.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi İnzibati xəta törətmiş şəxs: Şəxs iştirakı ilə xx.xx.1996-cı il tarixdə Şəki rayonu, Kiçik Dəhnə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2da yaşayan Şəxs Azərbaycan Respublikası İXM-in 206-cı maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: xx.xx.2023-cü il tarixdə Şəxs qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq olmayan, yəni təmiz çəkisi 0,31 qram olan bitki mənşəli, tərkibində narkotik maddələr olan, çətənə (kannabis) bitkisindən küstar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuananı üzərində saxlayaraq daşımışdır. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-in 206–cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs həmin inzibati xətanı törətməsi özünün etirafı və işdə olan sənədlərlə tam təsdiq olunmuşdur. İnzibati xəta törətmiş şəxs Şəxs məhkəmə iclası zamanı barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə özünü təqsirli bildi və ifadəsində göstərdi ki, o, əvvəllər narkotik vasitə istifadə etmişdir. 27 mart 2023- cü il tarixdə saat 21:35 radələrində Mingəçevir Şəhər icra Hakimiyyətinin yaxınlığında olarkən polis əməkdaşları onu saxlayıb özünü təqdim edərək onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirdilər və onu polis şöbəsinə gətirdilər. O, şəhər polis şöbəsinin inzibati binasına daxil olan zaman üzərinə şəxsi axtarış keçirilməsi üçün oraya vəkil çağırılmış, bundan sonra ona vəkil Hüseyn Əsgərovun hüquqlarını müdafiə edəcəyi bildirildi və təqdim edildi. Video çəkilişlə üzərinə şəxsi axtarış keçiriləcəyi izah olundu. O, yenə də etiraz etmədi. Şəxsi axtarış zamanı başına taxdığı qara rəngli papağın içərisindən bir ədəd ağ rəngli kağız büküm aşkar edilərək götürülmüşdür. Onun üzərindən aşkar edilərək götürülmüş bir ədəd ağ rəngli kağız bükümün içərisinə baxış keçirən zaman narkotik vasitəyə oxşar kütlənin olması müəyyən olundu. O, üzərindən aşkar edilmiş narkotik vasitəni xx.xx.2023-cü il tarixdə saat 21 radələrində Elxan adlı tanıdığı şəxsdən “X3”nın yaxınlığında 10 manat pul verib almış, əvvəllər də Elxan adlı şəxsdən bir neçə dəfə pul qarşılığında narkotik vasitə alaraq, üzərində aşkar olunmuş narkotik vasitəni isə öz şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Üzərində aşkar olunmuş narkotik vasitəyə oxşar kütlə onun və vəkilin iştirakı ilə elektron tərəzidə çəkilmiş, bükümün içərisində olan narkotik vasitənin ümumi çəkisinin 0.46 qram olması müəyyən edilmişdir. Bununla belə hazırda əməlindən peşimandır. Vətən müharibəsi iştirakçısıdır. Müharibə vaxtı bir neçə dəfə xəsarət almışdır. Ona görə də onun dözülməz ağrıları olur. O səbəbdən də narkotik vasitədən istifadə etmək məcburiyyətində qalmışdır. Odur ki, məhkəmədən onun barəsində həbslə əlaqədar olmayan inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X4 ifadə verərək bildirmişdir ki, Mustafayev X1 şəhəri ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olduğuna görə əməliyyat-axtarış tədbirinin keçirilməsi qərara alınmışdır. Bundan sonra Mustafayev X1 şəhəri İcra Hakimiyyətinin yaxınlığında saxlanılaraq polis şöbəsinə gətirilmişdir. İşə əlavə edilmiş Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 17/285 saylı rəyindən görünür ki, təqdiqata təqdim edilmiş üzərində “vət. Şəxs üzərindən aşkar edilmiş narkotik vasitə “ sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 01 ədəd kağız bükümdə təmiz çəkisi 0.31 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. İşdə olan şübhəli şəxsin azad olunması haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Şəxs üzərindən götürülmüş narkotik vasitə olan marixuananın çəkisi şəxsi istehlak miqdarından, yəni 05 qramdan artıq olmadığı üçün onun barəsində AR CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanıla bilmədiyi üçün Şəxs AR CPM-nin 148.4-cü maddəsinə əsasən şübhəli şəxs qismində tutulub saxlanıldığı Mingəçevir ŞPŞ-nin müvəqqəti saxlama yerindən azad edilmişdir. İşdə olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibinin əlamətləri müəyyən olunmadığından, material üzrə cinayət işi başlanması rədd edilmiş və onun barəsində AR İXM-nin 206-cı maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti aidiyyatı üzrə Mingəçevir ŞPŞ-in İTB-nə verilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə Şəxs üzərində təmiz çəkisi 0,31 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən küstar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana olması aşkar edilmişdir. İşdə olan vəsiqənin surətindən görünür ki, Şəxs Vətən müharibəsi iştirakçısıdır. Məhkəmə, inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxsin izahatını, iş üzrə icraat materiallarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Şəxs qanunsuz olaraq narkotik vasitə olan marixuananı şəxsi istehlak miqdarından artıq olmayan çəkidə üzərində saxlayıb daşımaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206–cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və onun əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcuddur. Onun qeyd olunan inzibati xətanı törətməkdə təqsirli olması, işdə olan materiallarla, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin xətanın az əhəmiyyətli olmasına görə inzibati xəta törətmiş şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar və onun əməlində inzibati məsuliyyəti istisna edən hallar yoxdur. İnzibati xəta haqqında iş üzrə icraatda tədqiq edilmiş həmin sübutlar qanunda nəzərdə tutulmuş qaydada əldə edilməklə bərabər, inzibati xəta törətmiş şəxsin təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsində göstərilir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31-ci maddəsinin tələblərinə görə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdiriən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, Şəxs əməlindən peşiman olması, Vətən müharibəsi iştirakçısı olması onun məsuliyyətini yüngülləşdirən haldır. Onun əməlində məsuliyyəti ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-in 206-cı maddəsinin tərkibi vardır və o, həmin maddə üzrə inzibati xəta törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Beləliklə, məhkəmə, inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halların mövcudluğunu, ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğun hesab edir. Məhkəmə, həmçinin qeyd edir ki, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edildiyindən, narkomaniyadan müalicə təyin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-in 37.1-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128- 130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 300 manat məbləğində inzibati cərimə edilsin. Qərarın icrası Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №3(051)-471/2023
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-471/2023
30.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver