Məhkəmə qərarları › İş №3(051)-475/2022

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-475/2022

01.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-475/2022 01.08.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi, Abbasova Gülşən Elxan qızının katibliyi, İnzibati xəta törətmiş şəxs: Şəxs və vəkili Vəkil iştirakı ilə xx.xx.1979-cu il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə icasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: Şəxs 31 iyul 2022-ci il tarixdə saat 16:30 radələrində şəhərin Naxçıvan küçəsində ucadan səs-küy salaraq ünvansız küçə söyüşləri söyən vaxt onu intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs həmin inzibati xətanı törətməsi şahid ifadələri və işdə olan sənədlərlə təsdiq olunmuşdur. İnzibati xətanı törətmiş şəxs Şəxs məhkəmə iclası zamanı göstərdi ki, xx.xx.2022-ci il tarixdə saat 16:30 radələrində Mingəçevir şəhəri Naxçıvan küçəsində yerləşən “Oskar” çayxanasında dostları ilə domino oynamışdır. Həmin vaxt o, spitrli içki qəbul etmişdir. Oyun zamanı aralarında mübahisə düşmüş və o, səs-küy salaraq, söyüş söymüşdür. Həmin vaxt Mingəçevir şəhəri, Naxçıvan küçəsində xidmət aparan polis əməkdaşları onun söyüş söydüyünü görüb yaxınlaşmışlar və onu nizam intizama dəvət etmişlər. Lakin o, içkili olduğu üçün təkrarən səs-küy salıb söyüş söymüşdür. Ondan sonra polis əməkdaşları təkrarən ona yaxınlaşmış və irad bildirmişlər. O, sərxoş olduğuna görə polisin qanuni tələblərinə tabe olmamış və öz hərəkətlərini davam etdirmişdir. Bundan sonra polis əməkdaşları onu Mingəçevir şəhər polis şöbəsinə aparmışlar. Orada isə ona polis əməkdaşları tərəfindən fiziki güc tətbiq edilmişdir. Ona görə də o, xəsarət almışdır. Hazırda əməlindən peşmandır. Odur ki, məhkəmədən inzibati tənbeh tədbiri tətbiq edərkən izahatında göstərdiyi halların nəzərə almasını xahiş edir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X1 ifadəsində göstərdi ki, Mingəçevir ŞPŞ-in İTB-nin əməkdaşıdır. xx.xx.2022-ci il tarixdə saat 16:30 radələrində Mingəçevir şəhəri Naxçıvan küçəsində xidmətdə olarkən, bir nəfər şəxsin ucadan səs-küy salıb ünvansız nalayiq küçə söyüşləri söydüyünü, ictimai asayişi kobudcasına pozduğunu görmüşlər və həmin şəxsə yaxınlaşaraq nizam-intizama dəvət etmək istəyərkən, həmin şəxs onların qanuni tələblərinə qəsdən tabe olmayaraq, öz hərəkətlərini qərəzli şəkildə davam etdirmişdir. Bundan sonra həmin şəxsi Mingəçevir şəhər Polis Şöbəsinə gətirmişlər. Mingəçevir şəhər Polis Şöbəsində həmin şəxsin Şəxs olması müəyyən olunmuşdur. İşə əlavə edilmiş 31 iyul 2022-ci il tarixli MN №1156553 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində 31 iyul 2022-ci il tarixdə İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol tərtib edilmişdir. İşə əlavə edilmiş 31 iyul 2022-ci il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Şəxs inzibati xəta törədən zaman orta dərəcəli sərxoşluq vəziyyətində olmuşdur. Məhkəmə, inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda baxaraq, mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, iş üzrə icraat materiallarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Şəxs 31 iyul 2022-ci il tarixdə saat 16:30 radələrində şəhərin Naxçıvan küçəsində ucadan səs-küy salaraq ünvansız küçə söyüşləri söyərkən, polis işçisinin qanuni tələbinə qəsdən tabe olmamaqla, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və onun əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcuddur. Onun qeyd olunan inzibati xətanı törətməkdə təqsirli olması, özünün etirafı, şahid ifadələri, habelə işdə olan materiallarla, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin xətanın az əhəmiyyətli olmasına görə inzibati xəta törətmiş şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar və onun əməlində inzibati məsuliyyəti istisna edən hallar yoxdur. İnzibati xəta haqqında iş üzrə icraatda tədqiq edilmiş həmin sübutlar qanunda nəzərdə tutulmuş qaydada əldə edilməklə bərabər, inzibati xəta törətmiş şəxsin təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə görə, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsini qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31-ci maddəsinin tələblərinə görə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdiriən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, həmçinin nəzərə alır ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən peşman olması məsuliyyətini yüngülləşdirən, sərxoş halda olması isə məsuliyyətini ağırlaşdıran haldır. Azərbaycan Respublikası İXM–in 33.1.7-ci maddəsinə əsasən İnzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi, məsuliyyəti ağırlaşdıran hal hesab edilir. Məhkəmə, inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların mövcudluğunu, təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi, qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğundur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM–in 30.3–cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə əlavə edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM–in 35.1, 35.2, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 08 (səkkiz) gün müddətə inzibati qaydada həbs edilsin. Həbsə almanın əvvəli xx.xx.2022–ci il tarixdən saat 18:00-dan hesablansın. Qərarın icrası Mingəçevir Şəhər Polis Şöbəsinə tapşırılsın. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar