Məhkəmə qərarları › İş №3(051)-477/2024

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-477/2024

29.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-477/2024 29.08.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X1 iştirakı ilə X1 Binəqədi Rayon Polis İdarəsinin xx.xx.2023-cü il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Binəqədi Rayon Polis İdarəsinin xx.xx.2023-cü il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə X2 Azərbaycan Respublikası İXM-in 454-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 80 manat miqdarda inzibati cərimə edilmişdir. X2 həmin qərardan şikayət verərək, qərara xitam verilməsini xahiş etmişdir. X2 şikayət ərizəsinə uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, o, X2 xx.xx.1959-cu ildə anadan olmuşdur. **-BD-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz E320” markalı avtomobil ona məxsusdur. Barəsində xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası inzibati xətalar məcəlləsinin 454-cü maddəsi ilə MN ******* elektron protokol və əsasında qərar tərtib edilmişdir. Sözügedən protokol və onun əsasında tərtib edilmiş olan qərar tam qanunsuz və əsassızdır. Belə ki, nə protokol nə də qərar İXM-nin tələblərinə riayət etməklə tərtib edilməmişdir. Bu cür protokollar və qərarlar onun və digər vətəndaşların konstitusion hüquqlarının kobud surətdə tapdalanmasından başqa bir şey deyil. Belə ki, o neçə illərdir ki, Bakı Mingəçevir marşrutu üzrə taksi fəaliyyəti ilə məşğuldur və bu fəaliyyəti hamıya məlumdur. Lakin inspektor qərəzli şəxsildə ona küçə ticarəti ilə məşğul olur adı ilə protokol tərtib etmişdir. Yuxarıda qeyd etdiyi qanunsuz yazılmış protokol heç bir əsası olmadığını aşağıda göstərdiyi maddədə öz əksini tapmışdır və inspektorun bu maddədən xəbəri olmadığı bir daha öz əksini tapmışdır. Taksi fəaliyyəti ilə məşğul olmağı haqda protokol tərtib olunmalı halda inspektroun qanunlarla məhəl qoymadan bu fəaliyyəti qanunsuz küçə ticarəti kimi qələmə verməsi gülünc bir haldır. Odur ki, məhkəmədən onun, yəni X1 barəsində xx.xx.2024-cü il tarixli, MN ******* saylı protokol əsasında tərtib edilmiş, həmin tarixli inzibati xəta haqqında qərarına xitam verilməsini xahiş edir. Qərarından şikayət verilən Binəqədi Rayon Polis İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Bununla bərabər həmin tərəf məhkəmə iclasına gəlməməklə yanaşı məhkəməyə qərarlarının əsaslı olmasına dair heç bir sübut təqdim etməmişdir. Şikayət vermiş şəxsin izahatını dinləyib və təqdim olunmuş sənədləri araşdırıb məcmu halda qiymət verərək hesab edirəm ki, şikayət təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə əsasən Bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 101.1-ci maddəsinə əsasən İnzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. İşə əlavə olunmuş Binəqədi Rayon Polis İdarəsinin xx.xx.2023-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X2 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin Maddə 454-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İşə əlavə olunmuş Binəqədi Rayon Polis İdarəsinin xx.xx.2023-cü il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 İXM-in 454-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və 80 manat məbləğində inzibati cərimə edilməsi qərara alınmışdır. İşə əlavə olunmuş nəqliyyat vastisənin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 99BD945 dövlət qeydiyyat nişanlı, “Mercedes Benz E230” markalı avtomobil X1 mülkiyyətindədir. İşə əlavə olunmuş sürücülük vəsiqəsindən görünür ki, X1 xx.xx.2025-ci il tarixinədək sürücülük hüququ vardır. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsində yazılmışdır ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-in 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İXM-in 134.1.2-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İXM-in 134.1.3-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İXM-in 454-cü maddəsinə əsasən Qanunsuz küçə ticarəti, yəni müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməmiş yerlərdə malların satılmasına və ya işlərin (xidmətlərin) görülməsinə görə - səksən manat məbləğində cərimə edilir. Məhkəmə iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, şikayət əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, şikayətçi X2 Bakı Mingəçevir istiqaməti üzrə sərnişindaşıma, yəni taksi fəaliyyəti ilə məşğul olur. Şikayətçi taksi fəaliyyəti, yəni “Taksi” tanınma nişanları, taksometr və ya sərnişin və baqaj daşınması qaydaları ilə müəyyən edilmiş digər məlumat göstəriciləri olmadan taksi minik avtomobili ilə sərnişin daşımalarını həyata keçirmişdir. Lakin buna baxmayaraq onun barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarmış orqan qərarı «Qanunsuz küçə ticarəti, yəni müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməmiş yerlərdə malların satılmasına və ya işlərin (xidmətlərin) görülməsinə görə məsuliyyəti müəyyən edən» İXM-in 454-cü maddəsinə əsasən tərtib etmişdir. Məhkəmə hesab edir ki, şikayətçi barəsində tərtib edilmiş qərar əsassızdır. Belə ki, şikayətçinin verdiyi izahatdan aydın olur ki, o, Bakı Mingəçevir istiqamətində taksi fəaliyyəti ilə məşğul olur. Lakin qarşı tərəf məhkəmə iclasında iştirak etmədiyindən qərarını çıxarmağının əsasını və heç bir başqa sübut məhkəməyə təqdim etməmişdir. Taksi fəaliyyəti isə məhkəmənin qənaətincə qanunsuz küçə ticarəti deyildir. Belə ki, Azərbaycan Respublikası İXM-in 8.1-ci maddəsinə əsasən Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İXM-in 8.2-ci maddəsinə əsasənİnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Odur ki, məhkəmə belə qənaətə gəlir ki, X1 barəsində Binəqədi Rayon Polis İdarəsinin xx.xx.2023-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında iş üzrə qərarı inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsinə görə ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 133 və 134cü maddələrini rəhbər tutaraq, q ə r a r v e r d i: Şikayət təmin edilsin. X1 barəsində Binəqədi Rayon Polis İdarəsinin xx.xx.2023-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında iş üzrə qərarı inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsinə görə ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar