Məhkəmə qərarları › İş №3(051)-482/2024

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-482/2024

29.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-482/2024 29.07.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi İnzibati xəta törətmiş şəxs: Şəxs və müdafiəçisi X1 iştirakı ilə xx.xx.1990-cı il tarixdə Kəlbəcər rayonu Soyuqbulaq kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, Kəlbəcər rayonu, Şurtan kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələri ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İnzibati xəta haqqında protokola görə xx.xx.2024-cü il tarixdə saat 21:50-də Şəxs sərxoş vəziyyətdə Mingəçevir dəniz çimərliyində səs küy salaraq nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmaqla xırda xuliqanlıq etmişdir. Bununla bağlı Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Şəxs məhkəmə iclası zamanı barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə özünü ona qarşı irəli sürülmüş inzibati xəta ittihamında tam təqsirli bilərək izahatında göstərdi ki, dostu Vüsalla istirahət etmək üçün Bərdə rayonundan Mingəçevir şəhərinə çimərliyə gəlmişlər. Çimərlikdə olarkən içkili olduqlarına və səs-küy saldıqlarına görə polis əməkdaşları tərəfindən polis şöbəsinə aparılmışlar. Hazırda əməlindən peşmandır. Ona görə də məhkəmədən barəsində həbslə əlaqədar olmayan tənbeh verilməsini xahiş edir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Mingəçevir ŞPŞ-nin PPXB-nün polis nəfəri, polis serjantı X2 ifadəsində göstərdi ki, xx.xx.2024-cü il tarixdə saat 21:50 radələrində Dəniz çimərliyində xidmətdə olarkən 2 nəfər şəxsin ucadan səs-küy salaraq nalayiq ifadələr işlətdiyini görüb onlara yaxınlaşaraq özlərini təqdim edib nizam-intizama dəvət etmişlər. Lakin həmin şəxslər polisin qanuni tələbinə tabe olmayaraq yenidən öz əməllərini təkrarlayaraq, yenidən nalayiq ifadələr işlədərək, ”səs-küy edirəm, yaxşı edirəm” demişdir. Onlar daha sonra həmin şəxsləri Mingəçevir ŞPŞ-nə dəvət etmişlər. Orada həmin şəxslərin Bərdə rayon sakinləri Şəxs, X3 olması müəyyən olunmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixdə Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılmış 761 nömrəli tibbi müayinə protokolundan görünür ki, Şəxs orta dərəcəli sərxoşluq vəziyyətində olmuşdur. İşə əlavə edilmiş inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 22:00-da inzibati qaydada tutulmuşdur. Məhkəmə inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda baxaraq mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə icraat materiallarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 21:50-də sərxoş vəziyyətdə Mingəçevir dəniz çimərliyində səs küy salaraq nalayiq ifadələr işlətməklə ictimai qaydanı pozması və AR İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi, həmçinin onun əməlində inzibati xəta tərkibinin bütün əlamətlərinin mövcud olması, özünün etirafı, şahid ifadələri, həmçinin işdə olan materiallarla, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmiş, lakin onun həmin vaxt polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayaraq AR İXM-in 535.1-ci maddəsinin tələblərini pozması və inzibati xəta törətməsi, həmçinin onun əməlində həmin maddədə nəzərdə tutulmuş inzibati xəta tərkibinin bütün əlamətlərinin mövcud olması, işdə olan materiallarla, yəni kifayət qədər mötəbər sübutlarla öz təsdiqini tapmamışdır. Bu hal isə Şəxs AR İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı təqsirinin sübuta yetirilməsi üçün kifayət etməmişdir. Ona görə də onun əməlində AR İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi yoxdur. Məhkəmə, həmçinin nəzərə alır ki, inzibati xəta haqqında protokolda inzibati xətaya görə məsuliyyət nəzərdə tutan İXM-in 535.1-ci maddəsi qeyd edilsə də, xətanın mahiyyətinin nədən ibarət olması, yəni barəsində protokol tərtib edilmiş şəxsin hərəkətlərində həmin maddənin tərkib əlamətlərinin məcmu halında mövcud olması təsvir edilməmişdir. Səlahiyyətli vəzifəli şəxs yalnız barəsində protokol tərtib edilmiş şəxsin sərxoş vəziyyətdə nalayiq ifadələr işlədərək səs-küy salmaqla ictimai qaydanı pozması göstərmişdir. İnzibati xəta haqqında protokolda Şəxs polisin qanuni tələblərinə tabe olmamasına dəlalət edən hərəkətləri öz əksini tapmamışdır. Belə olan halda şəxsin İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi istisna edilir. Azərbaycan Respublikası İXM–in 3–cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.2–ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3–cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 13–cü maddəsində göstərilmişdir ki, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Azərbaycan Respublikası İXM–in 53.1.2–ci maddəsində göstərilmişdir ki, inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Ona görə də məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işin icraatına xitam verilməli, lakin Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinin tərkibi əlamətləri məcmu halında mövcud olduğundan, o, həmin maddə üzrə inzibati xəta törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati tənbeh tətbiq edilməlidir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə görə, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31-ci maddəsinin tələblərinə görə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 33.1.7-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi, məsuliyyəti ağırlaşdıran hal hesab edilir. Məhkəmə, həmçinin nəzərə alır ki, Şəxs təqsirini etiraf edərək əməlindən peşman olması onun məsuliyyətini yüngülləşdirən, sərxoş vəziyyətdə olması isə onun məsuliyyətini ağırlaşdıran haldır. Məhkəmə, xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların mövcudluğunu nəzərə alaraq hesab edir ki, Şəxs barəsində aşağı həddə həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğundur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM–in 30.3–cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə əlavə edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM–in 40, 43, 48-51, 114, 128- 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 04 (dörd) gün müddətə inzibati qaydada həbs edilsin. Həbsə almanın əvvəli 27 iyul 2024–cü il tarixdən saat 22:00-dan hesablansın. Qərarın icrası Mingəçevir Şəhər Polis Şöbəsinə tapşırılsın. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar