Məhkəmə qərarları › İş №3(051)-487/2025

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-487/2025

16.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-487/2025 16.07.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi Mingəçevir ŞPŞ-nin İTB-nin profilaktika üzrə baş inspektoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs iştirakı ilə xx.xx.1996-cı il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Samux rayonu, Qarabağlar kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İnzibati xəta haqqında protokola görə Şəxs xx.xx.2025-ci il tarixdə saat 17:30 radələrində Mingəçevir şəhəri Dəniz çimərliyində təyin olunmamış ərazidə üzdüyünə görə FHN əməkdaşları tərəfindən dəfələrlə irad bildirilsə də, onların qanuni tələbinə məhəl qoymaması göstərilmişdir. Mingəçevir ŞPŞ-nin İTB-nin profilaktika üzrə baş inspektoru X3 məhkəmə iclası zamanı protokolu müdafiə etdi və Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclası zamanı özünü ona qarşı irəli sürülmüş inzibati xəta ittihamında təqsirli bilmədi və göstərdi ki, xx.xx.2025-ci il tarixdə dostları olan Nemət və Mehman adlı şəxslərlə Mingəçevir şəhərinə istirahət məqsədi ilə bağlı gəlmişlər. Dəniz çimərliyində daha sonradan girməyin qadağan olduğunu öyrəndikləri su hövzəsində olarkən, polis əməkdaşları onlara yaxınlaşıb qadağan olunmuş ərazidən çıxmağı tələb edən kimi onlar oradan çıxmışlar. Sonradan onlara məlum olmuşdur ki, guya FHN-nin sulardan xilas etmə xidmətinin əməkdaşları tərəfindən onlara dəfələrlə irad bildirilmiş, lakin onlar məhəl qoymamışlar. Əslində isə onlara FHN-nin sulardan xilas etmə xidmətinin əməkdaşları onlara heç bir irad bildirməmişdir. Onlardan başqa həmin ərazidə başqa şəxslər də olmuşdur. Həmin şəxslər də polis əməkdaşları dedikdən sonra çıxmışdır. O və dostları polis əməkdaşının tələblərinə qarşı çıxmamış, nə də onlarla mübahisə etməmişlər. Onlar su hövzəsindən çıxdıqdan sonra polis əməkdaşları onları polis şöbəsinə dəvət etmiş və onlar da etiraz etmədən polis əməkdaşları ilə birlikdə polis şöbəsinə getmişlər. Hesab edir ki, onun əməlində inzibati xəta tərkibi yoxdur. Odur ki, məhkəmədən izahatında göstərdiyi halları nəzərə alaraq qərar çıxarılmasını xahiş edir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş, Mingəçevir ŞPŞ-in PPXB-nin polis nəfəri X4 ifadəsində göstərdi ki, xx.xx.2025-ci il tarixdə saat 17:30 radələrində şəhərin Dəniz çimərliyində xidmətdə olduqları zaman FHN-nin sulardan xilas etmə xidmətinin əməkdaşları müraciət edərək, qadağan olunmuş su hövzəsində olan şəxslərə dəfələrlə irad bildirdiklərinə baxmayaraq onlara məhəl qoymadıqlarını bildirmişdir. Onlar qeyd olunan əraziyə yaxınlaşıb həmin şəxslərlə profilaktiki söhbət aparan zaman tutulan iradları səmimi qəbul etməyərək onlarla da mübahisə etməyə başlamışlar. Həmin şəxsləri ŞPŞ-yə aparmışlar. ŞPŞ-də həmin şəxslərin X5, Şəxs və X2 olduqları müəyyən olmuşdur. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş, X6 ifadəsində göstərdi ki, FHN-nin sulardan xilas etmə xidmətinin əməkdaşıdır. xx.xx.2025-ci il tarixdə şəhərin Dəniz çimərliyində qadağan olunmuş su hövzəsində olan şəxslərə dəfələrlə irad bildirdiklərinə baxmayaraq, həmin şəxslər onlara məhəl qoymamışlar. Ona görə də polis əməkdaşlarını əraziyə dəvət etmişlər. İşə əlavə edilmiş xx.xx.2025-ci il tarixli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 18:50-də müayinə olunmuş, müayinənin nəticəsinə görə o, yüngül dərəcəli sərxoş olmuşdur. İşə əlavə edilmiş xx.xx.2025-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 18:45-də inzibati qaydada tutulmuşdur. Məhkəmə, iş üzrə dindirilmiş şəxslərin izahatlarını, iş üzrə icraat materiallarını və digər sənədləri nəzərdən keçirib, belə nəticəyə gəlir ki, Şəxs ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmaması müəyyən olunmur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı və iş materialları ilə müəyyən edilir ki, Şəxs polis əməkdaşlarının qanuni tələblərinə tabe olmuşdur. Belə ki, polis işçisi Şəxs onlarla birlikdə polis şöbəsinə getməsini bildirdikdə, o, etiraz etməmiş, polis əməkdaşları ilə birlikdə onların xidməti maşınına əyləşərək polis şöbəsinə getmişdir. Halbuki, Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini polis işçisi ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, qanuni tələblərinə qəsdən tabe olmaması ilə şərtləndirmişdir. Hazırki vəziyyətdə isə Şəxs əməlində həmin inzibati xətanın tərkibinin olması iş materialları ilə təkzib olunur. Belə olan halda onun əməlində inzibati məsuliyyəti istisna edən hallar mövcuddur. Belə ki, inzibati xəta haqqında iş üzrə icraatda tədqiq edilmiş sübutlar inzibati xəta törətmiş şəxsin təqsirli olmasına şübhə yaradır və onun təqsirinin sübuta yetirilməsi üçün kifayət etməmişdir. Ona görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində polis işçisi ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, qanuni tələblərinə qəsdən tabe olmaması müəyyən edilmir. Şəxs əməlində ona istinad olunan inzibati xətanın tərkibi yoxdur. Həmin Məcəlləninin 75–ci maddəsində inzibati xəta törətməkdə şəxsin təqsirli olması inzibati xətalar haqqında işlərin icraatı üzrə sübut edilməli olan hal kimi müəyyən edilmişdir. Həmin Məcəlləninin 3–cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.2–ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3–cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll edilir. Bu səbəbdən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinə əsasən Şəxs barəsində olan inzibati xəta haqqında işə, əməlində inzibati xəta tərkibinin olmaması əsası ilə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM–in 53.1.2-ci maddəsində göstərilmişdir ki, inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Ona görə də məhkəmə hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməsini qanuni və əsaslı hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 114 və 128–130–cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işin icraatına inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Şəxs məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Qərarın icrası Mingəçevir Şəhər Polis Şöbəsinə tapşırılsın. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar