Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-488/2025 16.07.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynli Tural Mirbahəddin oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Mingəçevir ŞPŞ-nin İTB-nin profilaktika üzrə baş inspektoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1996-cı il tarixdə Samux rayon Ağasıbəyli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı Samux rayonu Ağasıbəyli kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İşin halları: Şəxs xx.xx.2025-ci il tarixdə saat 17:30 radələrində Mingəçevir şəhəri dəniz çimərliyində təyin olunmamış ərazidə üzdüyünə görə FHN əməkdaşları tərəfindən dəfələrlə irad bildirilməyinə baxmayaraq onların qanuni tələbinə məhəl qoymaması ilə bağlı Mingəçevir ŞPŞ tərəfindən Mehman Əliyev barəsində İXM-nin 535.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Mingəçevir ŞPŞ-nin İTB-nin profilaktika üzrə baş inspektoru X4 məhkəmə iclası zamanı protokolu müdafiə etdi və Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclası zamanı özünü ona qarşı irəli sürülmüş inzibati xəta ittihamında təqsirli bilmədi və göstərdi ki, xx.xx.2025-ci il tarixdə dostları olan Səbuhi və Mehman adlı şəxslərlə Mingəçevir şəhərinə istirahət məqsədi ilə bağlı gəlmişlər. Dəniz çimərliyində daha sonradan girməyin qadağan olduğunu öyrəndikləri su hövzəsində olarkən, polis əməkdaşları onlara yaxınlaşıb qadağan olunmuş ərazidən çıxmağı tələb edən kimi onlar oradan çıxmışlar. Sonradan onlara məlum olmuşdur ki, guya FHN-nin sulardan xilas etmə xidmətinin əməkdaşları tərəfindən onlara dəfələrlə irad bildirilmiş, lakin onlar məhəl qoymamışlar. Əslində isə onlara FHN-nin sulardan xilas etmə xidmətinin əməkdaşları onlara heç bir irad bildirməmişdir. Onlardan başqa həmin ərazidə başqa şəxslər də olmuşdur. Həmin şəxslər də polis əməkdaşları dedikdən sonra çıxmışdır. O və dostları polis əməkdaşının tələblərinə qarşı çıxmamış, nə də onlarla mübahisə etməmişlər. Onlar su hövzəsindən çıxdıqdan sonra polis əməkdaşları onları polis şöbəsinə dəvət etmiş və onlar da etiraz etmədən polis əməkdaşları ilə birlikdə polis şöbəsinə getmişlər. Hesab edir ki, onun əməlində inzibati xəta tərkibi yoxdur. Odur ki, məhkəmədən izahatında göstərdiyi halları nəzərə alaraq qərar çıxarılmasını xahiş edir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş, Mingəçevir ŞPŞ-in PPXB-nin polis nəfəri X6 ifadəsində göstərdi ki, xx.xx.2025-ci il tarixdə saat 17:30 radələrində şəhərin Dəniz çimərliyində xidmətdə olduqları zaman FHN-nin X2 və X8 Xidmətinin əməkdaşı müraciət edərək, qadağan olunmuş su hövzəsində olan şəxslərə dəfələrlə irad bildirdiklərinə baxmayaraq, onlara məhəl qoymadıqlarını bildirmişdir. Onlar qeyd olunan əraziyə yaxınlaşıb həmin şəxslərlə profilaktiki söhbət aparan zaman tutulan iradları səmimi qəbul etməyərək onlarla da mübahisə etməyə başlamışlar. Həmin şəxsləri ŞPŞ-yə aparmışlar. ŞPŞ-də həmin şəxslərin Şəxs, X5 və X3 olduqları müəyyən olmuşdur. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş, X7 ifadəsində göstərdi ki, FHN-nin X2 və X8 Xidmətinin əməkdaşıdır. xx.xx.2025-ci il tarixdə şəhərin Dəniz çimərliyində qadağan olunmuş su hövzəsində olan şəxslərə dəfələrlə irad bildirdiklərinə baxmayaraq, həmin şəxslər onlara məhəl qoymamışlar. Ona görə də polis əməkdaşlarını əraziyə dəvət etmişlər. Sonradan onların polis əməkdaşları ilə ünsiyyəti barədə heç nə görməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş sübutlar: İşə əlavə edilmiş xx.xx.2025-ci il tarixli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan №782 tibbi müayinə protokolundan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 18:40-də müayinə olunmuş, müayinənin nəticəsinə görə o, yüngül dərəcəli sərxoş olmuşdur. İşə əlavə edilmiş xx.xx.2025-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 18:45-də inzibati qaydada tutulmuşdur. Məhkəmənin gəldiyi nəticə: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Məhkəmə, iş üzrə dindirilmiş şəxslərin izahatlarını, iş üzrə icraat materiallarını və digər sənədləri nəzərdən keçirib, belə nəticəyə gəlir ki, Şəxs ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmaması hadisəsi müəyyən olunmur. Belə ki, qeyd olunan fakt üzrə polis əməkdaşının qanuni tələblərinin nədən ibarət olması, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin polisin hansı qanuni tələbini icra etməməsi kifayət qədər sübutlarla öz təsdiqini tapmamışdır. İXM-nin 75–ci maddəsinə əsasən inzibati xəta törətməkdə şəxsin təqsirli olması inzibati xətalar haqqında işlərin icraatı üzrə sübut edilməli olan hal kimi müəyyən edilmişdir. Həmin Məcəllənin 8.2–ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3–cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll edilir. Bu səbəbdən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-in 53.1.1-ci maddəsinə əsasən Şəxs barəsində olan inzibati xəta haqqında işə, inzibati xəta hadisəsinin olmaması əsası ilə xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 114 və 128–130–cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işin icraatına inzibati xəta hadisəsi olmadığına görə xitam verilsin. İnzibati qaydada tutulmuş Şəxs məhkəmə iclas zalından dərhal azad edilsin. Qərarın icrası Mingəçevir Şəhər Polis Şöbəsinə tapşırılsın. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Tural Hüseynli
Məhkəmə qərarları › İş №3(051)-488/2025
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-488/2025
16.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver