Məhkəmə qərarları › İş №3(051)-489/2022

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-489/2022

07.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-489/2022 07.10.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi Ağayeva Aynurə Nizami qızının katibliyi Zərəçəkmiş şəxs X1 və Mingəçevir şəhər Polis şöbəsinin İTB-nın polis sahə rəisi polis kapitanı X4 iştirakı ilə xx.xx.1977-ci il tarixdə Kəlbəcər rayonu Çaykənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şəxs xx.xx.2022-ci il tarixdə şəhid X3 xatirəsinə quraşdırılmış plakatı yırtaraq zərərçəkmiş şəxs X2 200 manat məbləğində maddi ziyan vurmuşdur. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-in 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs həmin inzibati xətanı törətməsi, zərərçəkmiş şəxsin izahatı və işdə olan mötəbər sənədlərlə təsdiq olunmuşdur. İnzibati xətanı törətmiş şəxs əvvəlki məhkəmə iclasında iştirak etmiş Şəxs məhkəmə iclası zamanı özünü ona qarşı irəli sürülmüş inzibati xəta ittihamında təqsirli bilməyərək ifadəsində göstərdi ki, onun bu hadisədən xəbəri yoxdur. Söhbətin nədən getdiyini də bilmir. O, şəhidə və xatirəsinə hörmətlə yanaşır. Heç vaxt belə bir xoşa gəlməz hərəkət yol verməz. Onun məhləsində toyuq cücəsi var ola bilsin ki, həmin toyuq cücə nəzarətsiz qalan vaxt portreti dimdikləyə bilər. Lakin bir daha qeyd edir ki, onun bu hadisədən heç bir xəbəri yoxdur və belə bir xətaya yol verməmişdir. Odur ki, məhkəmədən izahatında göstərilənlər nəzərə alınmaqla, barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş edir. İştirak etdiyi məhkəmə iclası zamanı zərərçəkmiş şəxs X5 ifadəsində göstərmişdir ki, o, onun oğlu Əzim ikinci Qarabağ mühasibəsinin iştirakçısı olmuş və Azərbaycan respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı şəhid olmuşdur. Oğlu şəhid olduqdan sonra onun xatirəsi üçün portreti Mingəçevir şəhər C.Əliyev küçəsində avtomobil yolunun kənarında yerə basdırılmış, şəkil lövhəni onların qonşuluğunda yaşayan Şəxs oğlu qəsdən yırtaraq protretə zərər yetirmişdir. Söhbət onun maddi ziyanından deyil mənəvi dəyərindən gedir. Çünki övladı vətən uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Baş verən hadisə nəticəsində isə onlar mənəvi sarsıntı keçirmişdir. Odur ki, məhkəmədən onun barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclası zamanı işdə iştirak edən Mingəçevir şəhər Polis şöbəsinin İTB-nın polis sahə rəisi polis kapitanı X6 ifadəsində göstərmişdir ki, Şəxs xx.xx.2022-ci il tarixdə şəhid Həsənov Fikrət oğlunun xatirəsinə quraşdırılmış plakatı yırtaraq zərərçəkmiş şəxs X2 200 manat məbləğində maddi ziyan vurmuşdur. İşdə olan xx.xx.2022-ci il tarixli, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs barəsində toplanmış material üzrə cinayət tərkibi əlamətləri olmadığından cinayət işi başlanması rədd edilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli qərardaddan görünür ki, Şəxs barəsində AR İXM-nin 232.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. İşdə olan Mobil MMC-nin xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, 250 manat hazırlanmış sonradan üzərində 7 sm uzunluğunda yırtıq açılmış 120x80 sm ölçüdə vinil materialında olan şəkilli lövhənin dəyəri 200 manat olaraq qiymətləndirilmişdir. Məhkəmə, inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda baxaraq, mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, iş üzrə icraat materiallarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Şəxs xx.xx.2022-ci il tarixdə şəhid Həsənov Fikrət oğlunun xatirəsinə quraşdırılmış plakatı yırtaraq ona zərər yetirmiş zərərçəkmiş şəxs X2 200 manat məbləğində ziyan vurmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1– ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və onun əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcuddur. Onun qeyd olunan inzibati xətanı törətməkdə təqsirli olması işdə olan materiallarla, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin xətanın az əhəmiyyətli olmasına görə inzibati xəta törətmiş şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar və onun əməlində inzibati məsuliyyəti istisna edən hallar yoxdur. İnzibati xəta haqqında iş üzrə icraatda tədqiq edilmiş həmin sübutlar qanunda nəzərdə tutulmuş qaydada əldə edilməklə bərabər, inzibati xəta törətmiş şəxsin təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsində göstərilir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31-ci maddəsinin tələblərinə görə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, Şəxs ilk dəfə inzibati xəta törətməsi onun məsuliyyətini yüngülləşdirən haldır. Onun əməlində məsuliyyəti ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda, inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olduqda, inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə yalnız hakim baxa bilər. İş materiallarında olan ekspert rəyindən də göründüyü kimi zərərçəkmiş şəxsə 200 manat məbləğində maddi ziyan dəymişdir. Beləliklə, məhkəmə, inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən halların olmasını, məsuliyyəti ağırlaşdıran halların olmamasını, həmçinin onun zərərçəkmiş şəxslə barışıq əldə etmədiyini nəzərə alaraq, hesab edir ki, Şəxs barəsində AR İXM-nin 232-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini, həmçinin 200 manat məbləğində vurulmuş əmlak zərərinin əvəzinin zərərçəkmiş şəxsə ödənilməsi qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğundur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 400 (dörd yüz) manat məbləğində inzibati cərimə edilsin. Şəxs vurulmuş əmlak zərərinin əvəzi olaraq 200 (iki yüz) manat məbləğində pul alınıb zərərçəkmiş şəxs X2 verilsin. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar