Məhkəmə qərarları › İş №3(051)-489/2024

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-489/2024

05.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-489/2024 05.09.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlu, Ağayeva Aynurə Nizami qızının katibliyi, Şikayət vermiş şəxs: X3, Qərarı barəsində şikayət verilmiş orqanın nümayəndəsi Nümayəndə iştirakı ilə, X3 “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X11 (bundan sonra TƏBİB PHŞ) vəzifəli şəxsinin inzibati xəta haqqında qərarından verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: TƏBİB PHŞ-nin vəzifəli şəxsinin 12 iyul 2024-cü il tarixli MN ******* nömrəli qərarı ilə X7 Azərbaycan Respublikası İXM-in 215.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 manat miqdarda inzibati cərimə edilmişdir. X7 həmin qərardan şikayət verərək, qərarın ləğv olunmasını xahiş etmişdir. X1 məhkəmə iclasında şikayət ərizəsində göstərdiyi tələbində qaldığını bildirərək izahatında göstərmişdir ki, X2 laboratoriyasının həkimi vəzifəsində çalışır. TƏBİB PHŞ-nin vəzifəli şəxsi şikayətçi Zamanov Qaçayın haqqında vermiş olduğu natamam məlumatları əsas tutaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.3-cü maddəsi ilə əsassız olaraq onun barəsində cərimə növündə inzibati tənbeh tətbiq edtmişdir. O, xəstənin istəyi ilə müalicə yazmaq hüququna malikdir. Şikayətçinin istəyi əsasında son müalicəni bu gündən 1 il 2 ay əvvəl 2023-cü ilin may ayının 25-i tarixdə yazdırmışdır. Heç bir təmənna güdülmədən və sağlamlığa ziyan vurmadan müalicəni tam başa çatdırmışdır. Məhkəmədən İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsini və həmçinin Təhsil haqqında qanunun 1.0.50 və 22.6-cı maddələrinə və Əhalinin sağlamlığının qorunması haqqında qanunun 24-cü maddəsini əsas tutaraq TƏBİB-in 12 iyul 2024-cü il tarixli MN ******* inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş edir. Qərarından şikayət verilmiş orqanın nümayəndəsi Nümayəndə məhkəmə iclası zamanı etiraz ərizəsinə uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, X7 xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət vermişdir. M.Hacıyev həkim-biokimyaçı ixtisasına malik olmuş, xx.xx.2023-cü il tarixində həkimlərin sertifikasından keçərək AH051477 nömrəli sertifikasiya şəhadətnaməsi əldə etməklə laboratoriya işi ixtisası üzrə praktik fəaliyyətlə məşğul olmaq hüququ əldə etmişdir. Lakin M.Hacıyev öz ixtisaslaşmasına uyğun olmayan tibbi xidmət göstərmiş və müalicə həkimi olmadığı halda vətəndaşlara müalicələr yazmışdır. O, İzahatında yalnız pasiyentlər Qaçay Zamanov və onun həyat yoldaşı G. Zamanovanı deyil, xeyli sayda digər xəstələri də eyni üsulla müalicə etdiyini qeyd etmişdir. Qeyd edək ki, ixtisaslaşdırılmış tibbi yardım “əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun göstərilməmiş, nəticədə şikayətçi həm qanunvericiliyin tələblərinə, həm də öz vəzifə təlimatına zidd hərəkət edərək pasiyenti ixtisas həkiminə yönləndirməmişdir. Qeyd olunanlar X4 və X5 izahatları, Mingəçevir şəhər prokurorluğundan TƏBİB-ə daxil olmuş inzibati xəta haqqında iş üzrə icraata başlanması haqqında müraciət ilə öz təsdiqini tapır. Belə ki, M.Hacıyev barəsində Mingəçevir Şəhər Prokurorluğunun xx.xx.2024-cü il tarixli 2- 440/2-055733/2024 nömrəli müşayiət məktubu ilə daxil olmuş xx.xx.2024-cü il tarixli 22/14(m)-24 nömrəli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarına TƏBİB-də aidiyyəti üzrə baxılmış və barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.3-cü maddəsinə əsasən xx.xx.2024-cü il tarixli MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. xx.xx.2024-cü il tarixində M.Hacıyevə 18-1/2-H-29-16263/2024 nömrəli məktubla onun barəsində qəbul edilən qərarın nüsxəsi və qanunvericilyin tələblərinin pozulmasına görə tətbiq edilən inzibati cərimənin ödənilməsi üçün müvafiq hesab rekvzitləri barədə məlumatlandırılmışdır. Bundan sonra o, inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayətlə məhkəməyə müraciət etmişdir. Qeyd edir ki, ixtisaslaşdırılmış tibbi yardım” Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun göstərilməmiş, nəticədə şikayətçi həm qanunvericiliyin tələblərinə, həm də öz vəzifə təlimatına zidd hərəkət edərək pasiyenti ixtisas həkiminə yönləndirilməmişdir. Tibb müəssisəsində vətəndaş üçün zəruri olan ixtisaslaşdırılmış tibbi yardımın göstərilməsi mümkün olmadıqda, müəssisənin müalicə həkimi tərəfindən həmin şəxs bu yardımı göstərilən dövlət tibb və ya şəxsin istəyinə uyğun olaraq özəl tibb müəssisəsinə göndərilir. İşin hallarından da görünür ki, şikayətçi qanunvericiliyə zidd hərəkət edərək pasiyentləri ixtisas üzrə həkimə yönəltməmiş, öz ixtisas dərəcəsinə uyğun olmadığı halda onları müalicə etmiş, dərman vasitələri yazmışdır. Göründüyü kimi M.Hacıyev müvafiq təhsil müəssisəsində peşə hazırlığı keçmədiyi və qanunverciliyə uyğun olaraq sertifikasiya olunmadığı halda ixtisasına uyğun olmayan fəaliyyət göstərmişdir. Beləliklə, M.Hacıyev həm qanunvericiliyin, həm də öz vəzifə təlimatına zidd hərəkət edərək pasiyenti ixtisas həkiminə yönləndirilmişdir. Odur ki, məhkəmədən xx.xx.2024-cü il tarixli MN 1798947nömrəli inzibati tənbeh vermə haqqında qərardan X7 tərəfindən verilmiş şikayətin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş edir. Tərəflərin izahatlarını dinləyib və təqdim olunmuş sənədləri araşdırıb məcmu halda qiymət verərək hesab edirəm ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə əsasən Bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İşə əlavə olunmuş Sertifikasiya şəhadətnaməsinin surətindən görünür ki, X7 17 may 2023-cü il tarixində həkimlərin sertifikasiyasından keçmiş və ona Azərbaycan Respublikasının ərazisində laboratoriya işi ixtisası üzrə praktik fəaliyyətlə məşğul olmaq üçün icazə verilir. İşə əlavə olunmuş TƏBİB-nin icraçı direktoru cənab X6 şəhəri Mərkəzi Xəstəxanası PHŞ-in laboratoriya şöbəsinin həkimi X3 izahatından görünür ki, X7 xəstəyə müalicə təyin etdiyini etiraf etmişdir. İşə əlavə olunmuş AB-İ seriyalı, 080172 nömrəli diplomunun surətindən görünür ki, X7 1997ci ildə N.Nərimanov adına Azərbaycan Tibb Universitetinə daxil olmuş və 2002-ci ildə Azərbaycan Tibb Universitetini Tibbi-biologiya ixtisası üzrə tam kursu bitirmişdir. Dövlət imtahan komissiyasının 10 iyun 2002-ci il tarixli qərarı ilə ona həkim-biokimya ixtisası verilmişdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsində yazılmışdır ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə hesab edir ki, X7 öz ixtisaslaşmasına uyğun olmayan tibbi xidmət göstərmiş və müalicə həkimi olmadığı halda vətəndaşlara müalicələr yazmışdır. Məhkəmə işin bu hissəsi ilə bağlı qeyd edir ki, X7 bütün bu halları etiraf etmişdir. İXM-in 215.3-cü maddəsinin və “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunun 34-cü maddəsinin məzmunundan aydın olur ki, xəstəyə tibbi yardım və müalicə həmin sahə üzrə ixtisaslaşmış həkim tərəfindən edilməlidir. Əks yanaşma, qanunvericiliyin tələblərinə ziddir. Ona görə də məhkəmə qənaətə gəlir ki, X3 əməlində İXM-in 215.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri məcmu halında mövcud olmuşdur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.3-cü maddəsinə əsasən İxtisaslaşdırılmış tibbi yardımın “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada göstərilməməsinə görə - beş yüz manat məbləğində cərimə edilir. “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunun 34-cü maddəsinə əsasən İxtisaslaşdırılmış tibbi yardım vətəndaşın xəstəliyi xüsusi müayinə, müalicə və mürəkkəb tibb texnologiyalarının tətbiqini tələb etdiyi hallarda dövlət və qeyri-dövlət tibb müəssisələrində ixtisaslı həkimlər tərəfindən göstərilir. Məhkəmə, həmçinin qeyd edir ki, şikayətçinin şikayət ərizəsində qeyd etdiyi “əhalinin sağlamlığı haqqında qanunun 24-cü maddəsində bildirildiyi kimi xəstənin istəyi ilə müalicə yazmaq hüququna malikdir.” Mülahizəsinə münasibət bildirərək qeyd edir ki, həmin maddənin məzmununa əsasən təxirəsalınmaz tibbi yardım göstərilməsi halları istisna olmaqla, həkimin öz razılığı ilə həkimi, o cümlədən müalicə həkimini və müalicə-profilaktika müəssisəsini seçmək hüququnun pasiyentə verilməsi onun xəstələyinə münasibətdə digər ixtisas sahibi həkim seçməsini və müalicə yazılmasını nəzərdə tutmur. Şikayətçi həmin maddəni öz xeyrinə şərh etmiş və buradan yola çıxaraq özünün ixtisaslaşdırılmış tibbi yardım qaydalarını pozmasını bu yolla ört-basdır etməyə çalışmışdır. Bununla da məhkəmə hesab edir ki, şikayətçinin barəsində çıxarılmış qərar əsaslıdır. Belə ki, “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunun 24-cü maddəsinə əsasən Pasiyentin: təxirəsalınmaz tibbi yardım göstərilməsi halları istisna olmaqla həkimin öz razılığı ilə həkimi, o cümlədən müalicə həkimini və müalicə-profilaktika müəssisəsini seçmək; sanitariya-gigiyena tələblərinə uyğun olan şəraitdə müayinə və müalicə olunmaq; stasionar müalicə olunduğu tibb müəssisəsinin mütəxəssislərinin iştirakı ilə konsilium və məsləhətləşmələr aparılmasını tələb etmək; tibbi yardım üçün müraciət faktını, müalicə, sağlamlıq vəziyyəti, xəstəliyin diaqnozu barəsində, eləcə də müayinə və müalicə zamanı əldə edilən digər məlumatları ətrafdakılardan gizli saxlamaq; tibbi müdaxiləyə şifahi və ya yazılı könüllü razılıq vermək; tibbi müdaxilədən imtina etmək; hüquq və vəzifələri haqqında, sağlamlığının vəziyyəti barədə məlumat almaq və öz mənafeyi baxımından bu məlumatı vermək mümkün olan şəxsi seçmək; daxili qaydalar pozulmamaq şərtilə xəstəxanada dini mərasimin icra edilməsi üçün ayrıca yerlə təmin olunmaq hüququ vardır. Pasiyentin hüquqları pozulduqda, o, müalicə-profilaktika müəssisəsinin rəhbərliyinə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və ya qanunvericilikdə müəyyən edilmiş qaydada məhkəməyə müraciət edə bilər. Məhkəmə, həmçinin şikayətçinin müddətin keçməsi ilə bağlı istinad etdiyi dəlilləri də əsaslı hesab etmir. Məhkəmə öz mövqeyini onunla əsaslandırır ki, qərarı barəsində şikayət verilmiş vəzifəli şəxs şikayətçi barəsində cərimə növündə inzibati tənbeh tədbirini məhz Mingəçevir Şəhər Prokurorluğunun xx.xx.2024-cü il tarixli 22/14(m)-24 nömrəli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı əsasında tətbiq etmişdir. Bu hal isə İXM-in 215.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın blanket dispozisiya tərkibli uzanan inzibati xətalara aid olması ilə əlaqədar olmuşdur. Belə ki, uzanan inzibati xətalara dair inzibati tənbeh tədbirinin tətbiq edilməsi müddəti xətanın aşkara çıxarıldığı gündən hesablanır. Hazırkı inzibati xəta uzanan inzibati xətalara aid olduğundan, həmin xəta haqqında inzibati tənbeh də məhz aşkar olunduğu vaxtdan 4 ay müddət ərzində tətbiq edilmişdir. İnzibati xətanın uzanan olunması onunla müəyyən edilir ki, törədilmiş inzibati xətanın aşkar olunmasını qeyri-mümkün edən hallar olur və yaxud aşkar olunması üçün əlavə məlumatın verilməsindən asılı olur, yəni zərərçəkmiş şəxsin şikayəti əsasında araşdırılma aparılmadan xətanın aşkar olunması mümkün olmur. Hazırkı iş üzrə də inzibati xəta məhz X5 müraciətindən sonra aşkar olunmuşdur. Ona görə də Mingəçevir Şəhər Prokurorluğu qeyd olunan inzibati xətanı verilmiş şikayət əsasında xx.xx.2024-cü il tarixdə aşkar etdikdən sonra xx.xx.2024-cü il tarixli 22/14(m)-24 nömrəli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul edərək aidiyyəti üzrə göndərmişdir. Göründüyü kimi barəsində qərar çıxarılmış şəxsin törətdiyi inzibati xəta uzanan inzibati xətalara aid olduğuna, həmçinin xx.xx.2024cü il tarixdə aşkar olunduğuna görə vəzifəli şəxs tərəfindən onun barəsində inzibati xəta haqqında qərar çıxarılmışdır. Bu da o nəticəyə gəlməyə əsas verir ki, müddətin keçməsi ilə bağlı inzibati məsuliyyətdən azad etmə üçün əsaslar yoxdur. Ona görə də məhkəmə şikayət vermiş şəxsin istinad etdiyi dəlilləri qəbul etmir və nəzərə almır. Azərbaycan Respublikası İXM-in 38.2-ci maddəsinə əsasən bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər uzanan inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli qərarında formalaşmış hüquqi mövqeyə görə inzibati məsuliyyətə cəlbetmə müddəti elə bir müddətdir ki, onun ərzində şəxs, hüquqpozmaya yol verdiyinə görə inzibati tənbehə məruz qala bilər. İnzibati məsuliyyətə cəlbetmə müddətinin bitməsi inzibati xətalar haqqında işlər üzrə icraatın başlanılmasını istisna edən, başlanmış icraata isə xitam verilməsinə səbəb olan hallardan biridir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İİ hissəsində əks olunmuş mütənasiblik prinsipinə uyğun olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.3cü maddəsində göstərilən hallarda inzibati məsuliyyətə cəlb etmə müddəti həmin Məcəllənin 38.1 və 38.2-ci maddələrinin müddəaları nəzərə alınmaqla müəyyən edilməli və inzibati xətanın törədildiyi (aşkara çıxarıldığı) gündən bir ildən artıq olmamalıdır. Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda, qərarın dəyişdirilmədən, şikayət və protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, şikayətçinin özünün də etirafı ilə müəyyən edilmişdir ki, o, ixtisaslaşmasına uyğun olmayan tibbi xidmət göstərmiş və müalicə həkimi olmadığı halda vətəndaşlara müalicələr yazmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 133 və 134-cü maddələrini rəhbər tutaraq q ə r a r v e r d i: X3 TƏBİB PHŞ-nin vəzifəli şəxsinin 12 iyul 2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında qərarından verilmiş şikayət təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Mingəçevir şəhər məhkəməsinin hakimi: Ələkbər Hüseynov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar