Məhkəmə qərarları › İş №3(051)-491/2025

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-491/2025

14.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-491/2025 14.08.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X2 Xidmətinin nümayəndəsi X1 iştirakı ilə xx.xx.1998-ci il tarixdə Çeborksarı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.1.2–ci və 264.0.3-cü maddələri ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Suların İstifadəsinə və X2 Xidmətinin 11 saylı Mərkəzi Aran regional bölməsinin səlahiyyətli vəzifəli şəxsi tərəfindən xx.xx.2025-ci il tarixdə vəzifəli şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.1.2 və 264.0.3-cü maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə verilmişdir. İnzibati xəta haqqında protokola görə, Kür çayının Mingəçevir şəhər ərazisindən keçən hissəsindən “Dəli Kür” restoranı qarşısında Sağ Sahil mühafizə zolağında müvafiq sənədlər olmadan dəmir konstruksiyadan tikinti-quraşdırma işlərinin aparılması faktı aşkar olunmuşdur. Həmin tikinti işləri ilə bağlı fotoşəkillər iş materiallarına əlavə olunmuşdur. Məhkəmə iclası zamanı Suların İstifadəsinə və X2 Xidmətinin nümayəndəsi X3 tərtib olunmuş inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək məhkəmədən Şəxs barəsində qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına təkrar gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Şəxs iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, hazırki inzibati xəta haqqında işdə Azərbaycan Respublikası CM-in 222-2.1-ci maddəsinin əlamətləri olduğu üçün Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.1.2 və 264.0.3-cü maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və materiallar aidiyyəti üzrə Mingəçevir Şəhər Prokurorluğuna göndərilməlidir. Belə ki, iş materiallarında olan Suların İstifadəsinə və X2 Xidmətinin 11 saylı Mərkəzi Aran regional bölməsinin 09 iyul 2025-ci il tarixli, 002207 nömrəli aktından görünür ki, Kür çayının Mingəçevir şəhər ərazisindən keçən hissəsində yerləşən "Dəli Kür” restoranının qarşısında dəmir konstruksiyadan tikinti-quraşdırma işlərinin aparılması faktı aşkar olunmuşdur. İş materiallarında olan xx.xx.2025-ci il tarixdə tərtib edilmiş ******* nömrəli protokola əsasən, Kür çayının Mingəçevir şəhər ərazisindən keçən hissəsindən “Dəli Kür” restoranı qarşısında Sağ Sahil mühafizə zolağında müvafiq sənədlər olmadan dəmir konstruksiyadan tikinti-quraşdırma işlərinin aparılması faktı aşkar olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 222-2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada müvafiq icazə almadan magistral boru kəmərlərinin, gərginliyi 1000 voltdan çox olan elektrik şəbəkələrinin, metropolitenin, dəmir yolu qurğularının, müdafiə obyektlərinin, su təchizatı və kanalizasiya sistemlərinin texniki qurğularının, neft buruqlarının, avtomobil yollarının və ya suların mühafizə zonalarında tikinti və ya quraşdırma işləri aparma cinayət məsuliyyətinə səbəb olur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 85–ci maddəsində göstərilmişdir ki, icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) fiziki şəxs tərəfindən törədilmiş inzibati xətada cinayət əlamətlərini aşkar etdikdə materialları prokurora, ibtidai istintaq və ya təhqiqat orqanına göndərir. Həmin Məcəllənin 114.2.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işdə cinayətin əlamətləri olduqda, iş üzrə materiallar prokurora, təhqiqat və ya istintaq orqanına göndərildikdə, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu xx.xx.2022-ci il tarixli Qərarının 1-ci bəndində göstərmişdir ki, istintaq orqanının cinayət işinin başlanmasının rədd edilməsinə dair ləğv edilməmiş qərarının mövcudluğu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 85-ci maddəsinə uyğun olaraq hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xətada cinayət əlamətləri aşkar edildikdə, materialların prokurora, ibtidai istintaq və ya təhqiqat orqanına göndərilməsinə mane olmur. Odur ki, məhkəmə hesab edir ki, yuxarıda təsvir olunan məsələ ilə əlaqədar müvafiq icazə almadan suların mühafizə zonalarında tikinti və ya quraşdırma işləri aparma cinayətinin tərkib əlamətlərinin olub–olmamasının müzakirə edilməsi məqsədilə hazırki inzibati xəta haqqında protokola baxılmasına xitam verilməli və materiallar baxılması üçün Mingəçevir Şəhər Prokurorluğuna göndərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112, 114, 115 və 117–ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.1.2–ci və 264.0.3-cü maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında protokola baxılmasına xitam verilsin və materiallar cinayət əlamətlərinin olub–olmamasının müzakirə edilməsi məqsədilə Mingəçevir Şəhər Prokurorluğuna göndərilsin. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar