Məhkəmə qərarları › İş №3(051)-493/2025

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-493/2025

14.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-493/2025 14.08.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynli Tural Mirbahəddin oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan X5 Agentliyi yanında Suların İstifadəsinə və X2 Xidmətinin nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.1.2 və 264.0.3-cü maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və olan əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları: Suların İstifadəsinə və X2 Xidmətinin 11 saylı Mərkəzi Aran regional bölməsi tərəfindən xx.xx.2025-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.1.2 və 264.0.3-cü maddələri ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə təqdim edilmişdir. Protokoldan görünür ki, Şəxs Kür çayının Mingəçevir şəhər ərazisindən keçən hissəsində yerləşən “Ponarama” restoranının qarşısında uzunluğu 35 metr, eni 3 metr olmaqla dəmir konstruksiyadan tikinti işlərinin aparılmasına aidiyyəti razılaşma sənədləri olmamışdır. Həmin tikinti işləri ilə bağlı fotoşəkillər iş materiallarına əlavə olunmuşdur. Məhkəmə iclasında iştirak edən Suların İstifadəsinə və X2 Xidmətinin nümayəndəsi X3 tərtib olunmuş inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək məhkəmədən protokolun təmin olunmasını və Şəxs barəsində vəzifəli şəxs qismində qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, qeyd olunan obyekti 05 yanvar 2025-ci il tarixdən icarə müqaviləsi əsasında işlədir. Lakin o, obyekti icarəyə götürdükdə həmin obyektdə X5 Agentliyinin qeyd etdiyi dəmir konstruksiyadan tikinti artıq mövcud olmuş, tərəfindən həmin obyektdə hər hansı tikinti işləri aparılmamışdır. O, sadəcə, həmin tikilidə köhnəlmiş taxtaları dəyişdirmiş və müəyyən rəngsaz işləri aparmışdır. Onun həmin obyektdə tikinti işlərinin aparılmasına hər hansı aidiyyətinin olmadığını əsas gətirərək inzibati protokolun təmin olunmamasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş sübutlar: İş materiallarında olan Suların İstifadəsinə və X2 Xidmətinin 11 saylı Mərkəzi Aran regional bölməsinin 08 iyul 2025-ci il tarixli, 002208 nömrəli aktından görünür ki, Kür çayının Mingəçevir şəhər ərazisindən keçən hissəsində yerləşən “Ponarama” restoranının qarşısında uzunluğu 35 metr, eni 3 metr olmaqla dəmir konstruksiyadan tikinti işlərinin aparılması aşkar olunmuşdur. Bu barədə müvafiq fotoşəkillər çəkilərək akta əlavə olunmuşdur. İş materiallarında olan 05 yanvar 2025-ci il tarixli icarə müqaviləsindən görünür ki, “Ponarama” restoranı Şəxs 5 il müddətinə icarəyə verilmişdir. Məhkəmənin gəldiyi nəticə: Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, hazırki inzibati xəta haqqında işdə Azərbaycan Respublikasının CM-nin 222-2.1-ci maddəsinin əlamətləri olduğu üçün Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.1.2 və 264.0.3-cü maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və iş üzrə material Mingəçevir şəhər prokurorluğuna göndərilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 222-2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada müvafiq icazə almadan magistral boru kəmərlərinin, gərginliyi 1000 voltdan çox olan elektrik şəbəkələrinin, metropolitenin, dəmir yolu qurğularının, müdafiə obyektlərinin, su təchizatı və kanalizasiya sistemlərinin texniki qurğularının, neft buruqlarının, avtomobil yollarının və ya suların mühafizə zonalarında tikinti və ya quraşdırma işləri aparma cinayət məsuliyyətinə səbəb olur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.2-ci maddəsinə əsasən həmin Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 85-ci maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) fiziki şəxs tərəfindən törədilmiş inzibati xətada cinayət əlamətlərini aşkar etdikdə, materialları prokurora, ibtidai istintaq və ya təhqiqat orqanına göndərir. Həmin Məcəllənin 114.2.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işdə cinayətin əlamətləri olduqda, iş üzrə materiallar prokurora, təhqiqat və ya istintaq orqanına göndərildikdə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 85, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.1.2 və 264.0.3-cü maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və inzibati xəta haqqında işdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 222- 2.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin əlamətləri olduğu üçün iş üzrə materiallar Mingəçevir Şəhər Prokurorluğuna göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Tural Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar