Məhkəmə qərarları › İş №3(051)-499/2025

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-499/2025

22.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-499/2025 22.07.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynli Tural Mirbahəddin oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi ilə, Mingəçevir ŞPŞ-nin səlahiyyətli nümayəndəsi polis sahə rəisi, polis leytenantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İntiqam oğlunun iştirakı ilə, xx.xx.1995-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, evli, Mingəçevir şəhəri C.Əliyev küçəsi ev 9A-da yaşayan( FİN xxxxxxx) Şəxs İntiqam oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İşin halları: Şəxs İntiqam oğlu “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mingəçevir şəhər şöbəsi tərəfindən 30 yaşı tamam olana qədər hər 3(üç) ildən bir keçirilən tibbi müayinə yoxlamasında icbari narkoloji müayinədən keçərkən nəticəsi pozitiv olmuşdur.Onun Mingəçevir şəhərində qanunsuz olaraq narkotik vasitə olan marixuana istifadə etməsi müəyyən edilmiş və barəsində Mingəçevir ŞPŞ-nin İTB tərəfindən inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Mingəçevir Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Mingəçevir ŞPŞ-nin nümayəndəsi X2 izahatında protokolun dəlillərini müdafiə edərək şəxs barəsində tətbiq ediləcək inzibati tənbeh tədbirinin məhkəmənin mülahizəsinə buraxdığını qeyd etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İntiqam oğlu barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə özünü təqsirli bilərək izahatında göstərmişdir ki, 3 gün bundan öncə narkotik vasitə olan marixuana istifadə etmişdir. xx.xx.2025-cü il tarixdə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mingəçevir şəhər şöbəsi tərəfindən 30 yaşı tamam olana qədər hər 3(üç) ildən bir keçirilən tibbi müayinə yoxlamasında icbari narkoloji müayinədən keçərkən nəticəsi pozitiv olmuşdur. Əməlindən peşmandır. Barəsində yüngül cəza verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş sübutlar: İşə əlavə edilmiş xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs İntiqam oğlu narkotik vasitə qəbul edərək inzibati xəta törətmişdir. İşə əlavə edilmiş xx.xx.2025-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs İntiqam oğlu 21 iyul 2025-ci il tarixdə saat 10:40-da inzibati qaydada tutulmuşdur. İşə əlavə edilmiş Gəncə şəhər Narkoloji Dispanserin xx.xx.2025-ci il tarixli 1149 saylı rəyindən görünür ki, Şəxs İntiqam oğlu narkotik vasitə olan marixuana çəkib.Keçirilən narkoloji-tibbi yoxlama zamanı Şəxs İntiqam oğlunda narkomaniya xəstəlik əlamətləri aşkar edilməmişdir.Narkotik vasitələr aclığı əlamətləri aşkar olunmur. Elektron məhkəmə informasiya sistemindən əldə olunmuş məlumata əsasən Şəxs İntiqam oğlunun himayəsində xx.xx.2020-cü il təvəllüdlü Nərmin və xx.xx.2018-cü il təvəllüdlü Tofiq adlı uşaqları vardır. Məhkəmənin gəldiyi nəticə: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin(bundan sonra – İXM) 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə - üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Məhkəmə, inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxsin izahatını, iş üzrə icraat materiallarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Şəxs İntiqam oğlu narkotik vasitə qəbul etməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206–cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və onun əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcuddur. Onun qeyd olunan inzibati xətanı törətməkdə təqsirli olması, özünün etirafedici ifadəsi, habelə işdə olan materiallarla, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin xətanın az əhəmiyyətli olmasına görə inzibati xəta törətmiş şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar və onun əməlində inzibati məsuliyyəti istisna edən hallar yoxdur. İnzibati xəta haqqında iş üzrə icraatda tədqiq edilmiş həmin sübutlar qanunda nəzərdə tutulmuş qaydada əldə edilməklə bərabər, inzibati xəta törətmiş şəxsin təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. İXM-nin 31-ci maddəsinə əsasən, fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, Şəxs İntiqam oğlunın əməlindən peşman olmasını, ilk dəfə həmin inzibati xəta törətməsini və himayəsində iki azyaşlı uşağının olmasını onun məsuliyyətini yüngülləşdirən hal hesab edir. Onun əməlində məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Şəxs İntiqam oğlunın hərəkətlərində Azərbaycan Respublikası İXM-in 206-cı maddəsinin tərkibi vardır və o, həmin maddə üzrə inzibati xəta törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Beləliklə, məhkəmə, inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halların mövcudluğunu, daha ağır inzibati tənbehin tətbiq olunmasının onun ailə həyatına mənfi təsirini, o cümlədən məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Şəxs İntiqam oğlunun barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğun hesab edir. İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla, tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 31.4-1, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs İntiqam oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və İXM-nin 31.4-1ci maddəsinin tələbləri nəzərə alınaraq 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. İnzibati qaydada tutulmuş Şəxs İntiqam oğlu məhkəmə iclas zalından dərhal azad edilsin. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Tural Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar