Məhkəmə qərarları › İş №3(051)-500/2025

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-500/2025

23.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-500/2025 23.07.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynli Tural Mirbahəddin oğlunun, Ağayeva Aynurə Nizami qızının katibliyi ilə, Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X1, İcra sənədi üzrə borclu Şəxs və onun vəkili X5 iştirakları ilə, xx.xx.1988-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Mingəçevir şəhəri Naxçıvan küç. ev 46 mənzil 49-da qeydiyyatda olan və yaşayan (FİN xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və olan əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları: Mingəçevir şəhər İcra və Probasiya şöbəsinin icra məmuru X6 tərəfindən xx.xx.2025-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə təqdim edilmişdir. Protokoldan görünür ki, Saadov X3 Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(051)-779/2018 saylı və xx.xx.2024-cü il tarixli 2(051)-847/2024 saylı icra vərəqələrini üzrsüz səbəbdən icra etmədiyindən 5740 manat aliment borcu yaranmışdır. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Mingəçevir Şəhər İcra və Probasiya şöbəsinin icra məmuru X6 bildirmişdir ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(051)- 779/2018 saylı icra sənədinə əsasən xx.xx.2018-ci il tarixdən başlayaraq borclu Şəxs hər ay 130 manat olmaqla, xx.xx.2024-cü il tarixli 2(051)-847/2024 saylı Mingəçevir Şəhər Məhkəməsinin qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarı artırılaraq 180 manat məbləğində aliment alınıb tələbkar X4 verilməlidir. İcra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul olunmuşdur. Borclu icra idarəsində olmuş, tələbin könüllü icrası haqqında bildiriş ona təqdim edilmişdir. Bundan sonra xx.xx.2025-ci il tarixdə icra idarəsinə çağırılaraq izahatı alınmış və qeyd olunan borcdan hal-hazıradək tələbkara heç bir ödəniş etməmişdir. Hal-hazırda tələbkara veriləcək 5740 manat aliment borcu yaranmış, müxtəlif bəhanələr gətirərək borcun icra olunması ilə bağlı qanuni tələblərini yerinə yetirməkdən yayınmışdır. İcra tədbirləri zamanı borclunun əmlakı da müəyyən edilməmişdir. Göstərilən halları nəzərə alaraq borclu Şəxs barəsində qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, hal-hazırda 5740 manat aliment borcu olduğunu qəbul edir,aliment borcunun yığıldığı müddətdə heç bir yerdə işləmədiyini,lakin hal-hazırda aliment borcundan 700(yeddi yüz) manat ödəmək iqtidarında olduğunu, əmək fəaliyyəti ilə məşğul olduğunu bildirərək aliment borcundan növbəti aylarda 250 manat ödəyəcəyinə söz verir. Maddi imkanının aşağı olduğunu nəzərə alaraq inzibati protokolun təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X7 bildirmişdir ki, borclu Şəxs məhkəmə qətnaməsinin çıxarılmasından hal-hazıradək tələbkara olan borcunu ödəməmişdir. Hər dəfə borclu müxtəlif bəhanələr gətirərək ödəniş etməkdən yayınmışdır. Göstərilən hallara baxmayaraq, borclunun məhkəmə iclasında aliment borcunu ödəyəcəyini söz verdiyini nəzərə alıb borclu barəsində ağır olmayan inzibati tənbehin tətbiq olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən icra sənədi üzrə borclu Şəxs vəkili X8 bildirmişdir ki,Şəxs borclu X4 olan aliment borcundan 700(yeddi yüz) manat ödəmək iqtidarındadır. Geri qalan aliment borcunu növbəti aylarda işləyərək ödəməsini təmin edəcəkdir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş sübutlar: İş materiallarında olan xx.xx.2018-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, borclu Şəxs hər ay Zeynəb adlı uşağın saxıanması üçün 130 manat məbləğində aliment alınıb tələbkar X4 verilməlidir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, borclu Şəxs hər ay Zeynəb adlı uşağın saxlanması üçün 180 manat məbləğində aliment alınıb tələbkar X4 verilməlidir. İş materiallarında olan Mingəçevir şəhər İcra və Probasiya şöbəsi tərəfindən borclu Şəxs ünvanlanmış xx.xx.2018-ci il tarixli bildirişdən görünür ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(051)-779/2018 saylı icra sənədi üzrə tələbin 10 gün müddətində könüllü icra edilməsi ondan tələb edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli borclunun axtarışı haqqında qərardan görünür ki, borclu Şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarında olan Şəxs Mingəçevir şəhər İcra və Probasiya şöbəsində verdiyi xx.xx.2025-ci il tarixli izahatdan görünür ki, o, borcu ödəyə bilməməyinin səbəbi kimi maddi imkanının olmadığını və işsiz olmasını göstərmişdir. Elektron məhkəmə sistemindən əldə olunmuş məlumata əsasən borclu Şəxs adına dövlət reyestrində hər hansı daşınar və ya daşınmaz əmlak müəyyən olunmamışdır. Məhkəmə iclasında X2 təqdim etdiyi xx.xx.2025-ci il tarixli qəbzə əsasən, o, borclu Şəxs aliment borcu kimi 700 manat məbləğində pulu təhvil aldı. Məhkəmənin gəldiyi nəticə: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin(bundan sonra – İXM) 528.1ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarından görünür ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2018ci il tarixli 2(051)-779/2018 saylı və xx.xx.2024-cü il tarixli 2(051)-847/2024 saylı icra sənədlərinin icrasından bir müddət keçməsinə baxmayaraq borclu Şəxs tərəfindən icra olunmamış, bununla bağlı icra məmuru tərəfindən borcluya xəbərdarlıq edilsə də borclu həmin xəbərdarlıqdan heç bir nəticə çıxarmamışdır. Həmçinin borculunun icra sənədinin icrasından yayınması nəticəsində barəsində axtarış elan olunmuşdur. Hətta məhkəmə hesab edir ki, Şəxs izahatında qeyd etdiyi halları da(“işsiz olması”, “maddi imkanının aşağı olması” və s. ifadələri) üzrlü hesab etmək olmaz. Əks halda qeyd olunan hallar digər şəxslər tərəfindən də bəhanə kimi istifadə olunaraq məhkəmə qərarlarının icrasından kütləvi şəkildə yayınmağa, nəticədə məhkəmə qərarlarının icrasız qalmasına səbəb ola bilər. Göstərilən səbəblərdən də məhkəmə hesab edir ki, Şəxs hərəkətləri məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməldir. Onun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır. Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün və məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-cü maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə tərəfindən borclu Şəxs məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə, inzibati tənbeh tətbiq edərkən törədilmiş xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, daha ağır inzibati tənbehin tətbiq olunmasının uşaqların mənafeyinə mənfi təsirini nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Tural Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar