Məhkəmə qərarları › İş №3(051)-518/2024

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-518/2024

12.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-518/2024 12.08.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs iştirakı ilə xx.xx.1991-ci il tarixdə Ağdam rayonu, Eyvazxanbəyli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Ağdam rayonu, Eyvazxanbəyli kəndində qeydiyyatda olan, hazırda Mingəçevir şəhərinin sağ sahilində mehmanxanada yaşayan Şəxs Azərbaycan Respublikası İXM–in 535.1-ci maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şəxs xx.xx.2024-cü il tarixdə saat 21:10 radələrində Mingəçevir şəhəri, Sahil parkında ucadan səs-küy saldığına görə onu nizam-intizama dəvət edən polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs həmin inzibati xətanı törətməsi şahid ifadələri və işdə olan sənədlərlə təsdiq olunmuşdur. İnzibati xəta törətmiş şəxs Şəxs məhkəmə iclası zamanı özünü ona qarşı irəli sürülmüş inzibati xəta ittihamında təqsirli bilməyərək göstərdi ki, xx.xx.2024-cü il tarixdə Mingəçevir şəhəri, Sahil parkında gəzərkən eşitmə qabiliyyəti zəif olduğuna görəı telefonla ucadan danışmış, bu zaman polis əməkdaşları ona yaxınlaşmış, səs-küy saldığını bildirmişlər. Lakin telefonla ucadan danışsa da, nalayiq ifadələr işlətməmişdir. Polis əməkdaşlarına tabesizlik göstərməmiş, onların qanuni tələblərinə tabe olmuşdur. Əksinə, polis əməkdaşları ona qarşı nalayiq ifadələr işlətmiş, onu döymüşlər. 2 bakal pivə içmiş, lakin sərxoş olmamışdır. Odur ki, məhkəmədən izahatında göstərdiyi halları nəzərə alaraq inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş edir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş, Mingəçevir ŞPŞ-nin PPXB-nün polis serjantı X1 ifadəsində göstərdi ki, xx.xx.2024-cü il tarixdə saat 21:10 radələrində Mingəçevir şəhəri, Sahil parkında xidmətdə olan zaman bir nəfər şəxsin ucadan səs-küy salaraq nalayiq küçə söyüşləri söydüyünü görmüşlər. Sonra onlar həmin şəxsə yaxınlaşıb özlərini təqdim edərək, nizam-intizama dəvət etmələrinə baxmayaraq, həmin şəxs onların qanuni tələblərinə qəsdən tabe olmayaraq qərəzli şəkildə öz əməllərini davam etdirmişdir. Daha sonra həmin şəxsi PŞ-nə gətirmişlər. Orada məlum olmuşdur ki, həmin şəxs Şəxsdur. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X3 və X2 da X1 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etdilər. İşə əlavə edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 21:10 radələrində Mingəçevir şəhəri, Sahil parkında ucadan səs-küy salaraq onu nizam-intizama dəvət edən polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. İşə əlavə edilmiş sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə haqqında xx.xx.2023-cü il tarixli 844 saylı protokoldan görünür ki, Şəxs yoxlamadan imtina etmiş, yoxlamaq mümkün olmamışdır. İşə əlavə edilmiş xx.xx.2024-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 21:20-də inzibati qaydada tutulmuşdur. Məhkəmə, inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda baxaraq, mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, iş üzrə icraat materiallarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 21:10 radələrində Mingəçevir şəhəri, Sahil parkında ucadan səs-küy salaraq onu nizam-intizama dəvət edən polisin qanuni tələbinə qəsdən tabe olmamaqla, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və onun əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcuddur. Onun qeyd olunan inzibati xətanı törətməkdə təqsirli olması, şahid ifadələri, habelə işdə olan materiallarla, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin xətanın az əhəmiyyətli olmasına görə inzibati xəta törətmiş şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar və onun əməlində inzibati məsuliyyəti istisna edən hallar yoxdur. İnzibati xəta haqqında iş üzrə icraatda tədqiq edilmiş həmin sübutlar qanunda nəzərdə tutulmuş qaydada əldə edilməklə bərabər, inzibati xəta törətmiş şəxsin təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə görə, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31-ci maddəsinin tələblərinə görə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdiriən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, həmçinin hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs izahatında inzibati xəta törətməməsi və ona fiziki zor tətbiq edilməsi ilə bağlı istinad etdiyi dəlillər işin həqiqi hallarına uyğun deyildir. Məhkəmə, həmçinin nəzərə alır ki, Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi, qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğundur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM–in 30.3–cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə əlavə edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM–in 40, 43, 48-51, 114, 128- 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 08 (səkiz) gün müddətə inzibati qaydada həbs edilsin. Həbsə almanın əvvəli 10 avqust 2024-cü il tarixdən saat 21:20-dən hesablansın. Qərarın icrası Mingəçevir Şəhər Polis Şöbəsinə tapşırılsın. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar