Məhkəmə qərarları › İş №3(051)-519/2025

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-519/2025

11.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-519/2025 11.08.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, Məhkəmə iclas katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, Şikayət verən şəxs X2, 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X5 iştirakı ilə X2 8 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 2000 manat məbləğində inzibati cərimə edilmişdir. X6 8 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək, məhkəmədən həmin qərarın ləğv edilməsi və inzibati iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X6 şikayətini belə əsaslandırmışdır ki, 8 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 2000 manat məbləğində inzibati cərimə edilmişdir. Belə ki, İdarə hesab etmişdir ki, o, ünvan 1 ünvanda yerləşən avtoservisin həyətində xx.xx.2025-ci il tarixdə 2 ədəd “Melia” cinsli yaş halında ağacı kök dib hissədən kəsərək məhv etmişdir. Həmin ərazi xüsusi mülkiyyətdə olan torpaq sahəsidir və mülkiyyətçisi X1r. Kəsilmiş ağac Pərvanə Həsənovanın tapşırığına əsasən icra olunmuşdur. Məhkəmə iclasında iştirak edən şikayət verən şəxs X6 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən şikayətin təmin edilməsini, qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə iclasında iştirak edən 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X8 izahat verərək bildirdi ki, X6 tərəfindən ağac kəsilən ərazi “həyətyanı sahə” kateqoriyasına aid deyildir. Torpaq sahəsinə dair çıxarışda göstərilən təyinat “yaşayış məntəqələrinin torpaqları” olsa da, mülkiyyət reyestrində bütün belə çıxarışlarda bu ifadə ümumi xarakter daşıyır. Həmin torpaq sahəsi əvvəllər avtomobil dayanacağı kimi istifadə olunmuş, hazırda isə sahibkarlıq obyekti olmaqla avtoservis fəaliyyəti göstərir. Bu səbəbdən həmin ərazi həyətyanı sahə kimi qiymətləndirilə bilməz. Torpaq Məcəlləsinin müvafiq maddələrinə əsasən, yaşayış məntəqələrinin torpaqlarında yerləşən yaşıllıqlar dövlət tərəfindən qorunur və onların kəsilməsi yalnız aidiyyəti icra hakimiyyəti orqanının icazəsi ilə mümkündür. Azərbaycan Respublikasının “Yaşıllıqların mühafizəsi haqqında” qanununa görə, yaşayış sahəsində yerləşən ağac və kolların icazəsiz kəsilməsi qanun pozuntusu hesab olunur. Odur ki, idarə tərəfindən çıxarılmış inzibati tənbehvermə haqqında qərar qanunvericiliyin tələblərinə uyğun olaraq qəbul edilmiş və doğru hesab olunur. Məhkəmə iclasında şahid qismində dindirilən X3 izahat verərək bildirdi ki, qeyd olunan yer onun mülkiyyətində olan həyətyanı torpaq sahəsidir. Həmin yerdə yerləşən ağaclarının budaqları quruduğundan kəsilməsi üçün adam tapmışdır. Həmin ərazini boş torpaq sahəsi kimi almışdır və hazırda avtoservis kimi fəaliyyət göstərir. Məhkəmə işin hallarını, tərəfin izahatını və təqdim edilmiş sübutları nəzərdən keçirərək hesab edir ki, X6 tərəfindən verilmiş şikayət ərizəsi təmin edilməməlidir. İşdə olan: xx.xx.2025-ci il tarixli 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən X4 ünvanlanmış təbiətə dəymiş ziyana görə iddiadan görünür ki, 8 saylı RETSİ-nin əməkdaşları Mingəçevir şəhəri, X.Şuşinski ½ ünvanında yerləşən avtoservisin həyətində 2 ədəd 20 sm və 23 sm diametrli “Melia” cinsli ağacın kök hissəsindən kəsilərək məhv edilməsi faktını müəyyən etmişlər. Bunun nəticəsində təbiətə 380 manat ziyan vurulmuşdur. Dəymiş ziyanın könüllü ödənilməyəcəyi təqdirdə Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun tədbirlər görüləcəyi qeyd edilmişdir. xx.xx.2025-ci il tarixli MN ******* saylı “inzibati tənbeh vermə haqqında” qərardan görünür ki, X6 Azərbaycan Respublikası İXM-nin 253.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə əsasən 2000 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 126.2. Yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. 134.1. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 253.2. Meşə fonduna daxil olmayan ağac və ya kolların qanunsuz kəsilməsinə (götürülməsinə) və ya məhv edilməsinə görə - fiziki şəxslər iki min manat miqdarında, vəzifəli şəxslər dörd min manat miqdarında, hüquqi şəxslər iyirmi beş min manat miqdarında cərimə edilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: 18.1. Şəhər, qəsəbə və kəndlərin hüdudları daxilindəki bütün torpaqlar yaşayış məntəqələrinin torpaqları hesab edilir. 18.2. Yaşayış məntəqələrinin torpaqlarının tərkibinə aşağıdakılar daxildir: ictimai və yaşayış, tikinti massivlərində yerləşən yaşayış, mədəni-məişət, inzibati, ibadət və digər bina, tikili və qurğular altındakı, habelə bunlar üçün nəzərdə tutulan torpaq sahələri; “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının qanunu: 1.0.1. yaşıllıqlar – şəhərlərin, digər yaşayış məntəqələrinin və infrastruktur obyektlərinin hüdudları daxilində lazımi ekoloji, mədəni-sağlamlaşdırma, landşaft və məkan görünüşü baxımından əhəmiyyət daşıyan, təbii halda mövcud olan və ya süni yaradılan ağac, kol, gül-çiçək və ot bitkilərinin toplumu; 1.0.2. yaşıllıq əraziləri – yaşıllıqların yerləşdiyi və ya yaşıllıq salmaq üçün ayrılmış torpaq sahəsi və ona aid ekoloji mühit (məkan); 13.4. Yaşıllıqların götürülməsi müvafiq icra hakimiyyəti orqanının rəyi nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı əsasında həyata keçirilir. Rəyin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Yaşıllığın götürülməsi haqqında qərar müraciətin daxil olmasından sonrakı on təqvim günü ərzində qəbul edilir. Məhkəmə tərəflərin izahatını, işdə olan sənədləri nəzərdən keçirmiş, bir ədəd diskə baxış keçirərək hesab edir ki, X6 xx.xx.2025-ci il tarixdə Mingəçevir şəhəri, X.Şuşinski ½ ünvanında yerləşən avtoservisin həyətində 2 ədəd “Melia” cinsli yaş halda ağacı kök dib hissədən kəsərək məhv etmiş, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək tənbeh edilməsi qanuni olmuş, 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən hər hansı pozuntuya yol verilməmişdir. Məhkəmə iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayətçi X2 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli MN ******* №li inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair şikayəti təmin edilməməli, inzibati xəta haqqında qərar dəyişdirilmədən saxlanmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132,133 və 134-cü maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şikayət təmin edilməsin. X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsi ilə inzibati cərimə edilməsinə dair 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Güləndam Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar