Məhkəmə qərarları › İş №3(051)-520/2025

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-520/2025

18.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-520/2025 18.11.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynli Tural Mirbahəddin oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Şikayət verən şəxs X2 iştirakı ilə, X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 29515275 saylı inzibati tənbeh vermə haqqında qərarından barəsində qərar çıxarılmış şəxs tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları: Azərbaycan Respublikası DİN-in BDYPİ-nin xx.xx.2025-ci il tarixli, EQ 29515275 saylı inzibati tənbeh vermə haqqında qərarı ilə X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 manat məbləğində inzibati cərimə edilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(051)-520/2025 saylı qərarına əsasən şikayət təmin edilməmiş, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.3-cü maddəsi ilə inzibati cərimə edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2025-ci il tarixli, EQ 29515275 saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(107)-276/2025 saylı qərarına əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərаr qəbul edilmiş şəxs X4 tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, Mingəçevir Şəhər Məhkəməsinin 19 avqust 2025-ci il tarixli, 3(051)-520/2025 saylı qərarı ləğv edilərək inzibati xəta haqqında qərar və materiallar üzrə olan inzibati xəta haqqında işə mahiyyəti üzrə yenidən araşdırılaraq baxılması üçün Mingəçevir Şəhər Məhkəməsinə qaytarılmışdır. İşə yenidən baxılması zamanı X4 şikayətini belə əsaslandırmışdır ki, **-OV-*** dövlət qeydiyyat nişanı, “Toyota Camry” minik markalı avtomobilin sahibidir. İxtisasca “nəqliyyatçıdır”. Sürücülük vəsiqəsini hər bir Azərbaycan Respublikasının vətəndaşının almalı olduğu kimi nəzəri və praktiki imtahanlardan keçərək almışdır. xx.xx.2025-ci il tarixdə hərəkətdə olarkən barəsində EQ 29515275 nömrəli, qərarlı protokol tərtib edilmişdir. Ərazi olaraq Bərdə DYP postu ərazisinə düşdüyündən posta yaxınlaşmış, İXM 100, 122.1 və 122.8-ci maddəsini izah etməyə çalışmış və qərar nömrəsini məhkəməyə müraciət etmək üçün istəmiş, heç bir cavab vermədən yumşaq qaydada onu postdan qovmuşlar. Daha sonra “E-Polis” vasitəsi ilə inzibati xəta ilə bağlı məlumat gəlmişdir. Videoya baxdıqdan sonra görüntülərin çəkildiyi yer və vəziyyət (protiv) məlum olmuşdur. Xidmət aparan əməkdaşın Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kollegiyasının “Yol-patrul xidməti haqqında Təlimat”ın 4.2, 4.3-cü maddələrini və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının qanununun 52-ci maddəsini pozması məlum olmuşdur. Əlavə olaraq bildirmişdir ki, DİN Baş X7 İdarəsinin xx.xx.2025-ci il tarixli EQ29515275 saylı inzibati tənbeh vermə haqqında qərarının surətini DİN-in BDYPİ-nin 902 nömrəsinə zəng etdikdən sonra elektron qərarı xx.xx.2025-ci il tarixdə Mingəçevir ŞPŞ-dən şəxsən əldə etmişdir. Qeyd etmişdir ki, əməlində hər hansı bir inzibati xətanın tərkibi olmamış, həmin vaxt avtomobili ilə hərəkətdə olarkən sürət həddini aşmamışdır. Həmçinin onun inzibati xəta törətməsi aşkar edən texniki vasitəsinin saz və ya nasaz olması barədə əvvəlki məhkəmə tərəfindən hər hansı araşdırma aparılmamış, İXM-nin 122.8-ci maddəsinin tələblərinə əsasən ona həmin inzibati xətanın qeydə alınmasının texnologiyası əyani şəkildə göstərilməmişdir. Məhkəmə iclasında iştirak edən şikayət verən şəxs X4 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən şikayətin təmin edilməsini, qərarın ləğv edilməsini xahiş etmişdir. Qərar qəbul etmiş səlahiyyətli orqana (vəzifəli şəxs) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Ona görə də məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Sübutların tədqiqi: İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli EQ 29515275 saylı “inzibati tənbeh vermə haqqında” qərardan görünür ki, X4 Azərbaycan Respublikası İXM-nin 328.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə əsasən 200 manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli, EQ 29515275 nömrəli qərardan görünür ki, qərarın çıxarıldığı yer, xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt, dövlət yoxlamasından keçdiyini təsdiq edən sənədin nömrəsi, tarixi və keçirilməli olduğu yer, bundan başqa qərara əlavə edilmiş fotoşəkildən aydın olaraq görünür ki, kameranın nömrəsi, xətanın növü və yeri, tarix və saat, nəqliyyat vasitəsinin qeydiyyat nömrəsi və avtomobil markası qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli 627 №li arayışdan görünür ki, Füzuli rayonundan məcburi köçkün düşmüş X1 şəhər 504 mənzilli məcburi köçkün qəsəbəsində bina 3, mənzil 44 ünvanında müvəqqəti məskunlaşmışdır. Məhkəmə tərəfindən verilmiş sorğuya cavab olaraq BDYPİ tərəfindən təqdim olunmuş Azərbaycan Metrologiya İnstitutu X6 Ölçmə vasitələrinin yoxlanılması haqqında şəhadətnamənin surətindən görünür ki, ölçmə vasitəsi olan Surətölçən Almaniya istehsalıdır, Cihaz ГОСТ P 50856-96-nın tələblərinə cavab verir, yararlıdır. Yoxlama tarixi xx.xx.2025-ci il tarixdə aparılmış və növbəti yoxlama tarixi xx.xx.2026-cı il tarixdə keçiriləcəkdir. Məhkəmənin gəldiyi nəticə: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 12.1-ci maddəsinə görə, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 76-cı maddəsinə əsasən isə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1-327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1.1, 3461.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. 126.2-ci maddəsinə əsasən yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 328.3-ci maddəsinə əsasən yolda müəyyən edilmiş hərəkət sürətini 41-60 km/saat həddində aşmağa görə - iki yüz manat məbləğində cərimə edilir. “Yol-patrul xidməti haqqında Təlimat”ın təsdiq edilməsi barədə 12 may 2017-ci il tarixli Təlimatın 8.2-ci maddəsinə görə inzibati xəta hadisəsi DYP-nin səlahiyyətli əməkdaşı tərəfindən bilavasitə, o cümlədən xüsusi texniki vasitələrin (foto və ya videoqeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalar istisna olmaqla) köməyi ilə aşkar edildikdə onun törədilməsində təqsirli hesab edilən şəxs barədə protokol və ya qərar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 18 noyabr tarixli 466 nömrəli qərarı ilə təsdiq edilmiş əlavələrə uyğun olaraq sürücülük vəsiqəsi və ya şəxsiyyəti təsdiq edən sənəd əsasında tərtib edilir (çıxarılır). Məhkəmə işdə olan sənədləri nəzərdən keçirərək hesab edir ki, X2 yolda müəyyən edilmiş hərəkət sürətini 41-60 km/saat həddində aşmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək tənbeh edilməsi qanuni olmuş, Azərbaycan Respublikası DİN-in Baş X7 İdarəsi tərəfindən inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən hər hansı pozuntuya yol verilməmişdir. Həmçinin məhkəmə araşdırması zamanı inzibati xətanı aşkar edən texniki vasitənin hadisə baş verən zaman müvafiq sertifikasiyadan keçmiş olması, yəni texniki standartlara uyğun olması müəyyən olunmuşdur. Bundan əlavə, məhkəmə X2 şikayət ərizəsində göstərdiyi “İXM-nin 122.8-ci maddəsinin tələblərinə əsasən ona həmin inzibati xətanın qeydə alınmasının texnologiyasının əyani şəkildə göstərilməməsi” xüsusatları ilə bağlı qeyd edir ki, İXM-nin 122.8-ci maddəsinin tələblərinə əsasən ona həmin inzibati xətanın qeydə alınmasının texnologiyasının əyani şəkildə göstərilməsi barədə səlahiyyət Azərbaycan Respublikası DİN-in Baş X7 İdarəsinə aiddir və bununla bağlı həmin quruma müraciət etmək hüququ vardır. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayətçi X2 Azərbaycan Respublikası DİN-in Baş X7 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 29515275 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair şikayəti təmin edilməməli, inzibati xəta haqqında qərar dəyişdirilmədən saxlanmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132,133 və 134-cü maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Şikayət təmin edilməsin. X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.3-cü maddəsi ilə inzibati cərimə edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2025-ci il tarixli, EQ 29515275 saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Tural Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar