Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-523/2024 14.08.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs iştirakı ilə xx.xx.2004–cü il tarixdə Moskva şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İXM–in 511.1.3-cü maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şəxs barəsində xx.xx.2024-cü il tarixdə saat 16:17-də Azərbaycan Respublikası İXM–in 511.1.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə verilmişdir ona görə ki, o, 6 ay əvvəl BMW 525 minik markalı **-FA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən, Azərbaycan Respublikası İXM–in 327.1-ci, 511.1.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. İnzibati xətanı törətmiş şəxs Şəxs məhkəmə iclası zamanı izahatında göstərdi ki, təxmini 5-6 ay bundan əvvəl etibarnamə ilə idarə etdiyi BMW markalı **-FA-*** dövlət qeydiyyat nişanlı avtomobili Bakı-Sumqayıt yolunda idarə edərkən manevr etmə qaydasını pozaraq, dönmə işığından istifadə etməklə hərəkətinə davam etmişdir. Həmin qayda pozuntusu arxada gələn nəqliyyat vasitəsi tərəfindən video qeydə alınmışdır. Sosial şəbəkədə təxminən 6 ay bundan əvvəl paylaşmışdır. Hesab edir ki, o, manevr qaydalarını pozsa da, avtoxuliqanlıq etməmişdir. Odur ki, məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş edir. İşə əlavə edilmiş xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində AR İXM-in 327.1-ci, 511.1.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair inzibati xəta haqqında protokol tərtib edilmişdir. İşə əlavə edilmiş sürücülük vəsiqəsindən görünür ki, xx.xx.2023-cü il tarixdə Şəxs verilmiş, xx.xx.2033-cü il tarixədək etibarlıdır və B1,B,C1,C kateqoriyalıdır. Məhkəmə, inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxsin izahatı, iş üzrə icraat materiallarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Şəxs barəsində törətdiyi inzibati xətanın tərkib əlamətlərinə uyğun olmayan qanun norması ilə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə verilmişdir. Belə ki, Şəxs avtomaşınla ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan, yəni avtomaşını qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına səbəb olan qərəzli hərəkətlərlə avtoxuliqanlıq edən şəxs kimi göstərilməklə onun barəsində İXM-in 511.1.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati iş materiallarında olan CD diskə baxış keçirilən zaman müəyyən edilmişdir ki, Şəxs hərəkətlərində AR İXM-in 511.1.3-cü maddəsinin tərkib əlamətləri yoxdur. Belə ki, Şəxs BMW 525 minik markalı **-FA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən manevr etmə qaydasını pozaraq avtomobilin surətini qəfil artırmaqla digər hərəkət zolağı ilə hərəkətdə olan nəqliyyat vasitəsini yoluna çıxsa da, həmin hərəkətlər davamlı olmamaqla, yalnız bir dəfə baş vermişdir. Bu hərəkətlər onun barəsində 511.1.3-cü maddəsi ilə protokol tərtib edilməsi üçün yetərli deyildir. Halbuki AR İXM-in 511.1.3-cü maddəsinin tərkib əlamətlərinin yaranması üçün həmin hərəkətlər davamlı olaraq baş verməlidir. Belə olan halda Şəxs tam təqsirli olması, yəni onun əməlində inzibati xəta tərkibinin bütün əlamətlərinin məcmu halında mövcud olması öz təsdiqini tapmır. Bu hallar isə inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların dairəsinə daxildir. Azərbaycan Respublikası İXM-in 511.1.3-cü maddəsinə əsasən mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə AR İXM-in yuxarıda qeyd edilən maddəsini nəzərdən keçirərək belə qənaətə gəlir ki, Şəxs əməlində ona istinad olunan inzibati xətanın tərkibi yoxdur. Azərbaycan Respublikası İXM–nin 75–ci maddəsində inzibati xəta törətməkdə şəxsin təqsirli olması inzibati xətalar haqqında işlərin icraatı üzrə sübut edilməli olan hal kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası İXM–nin 3–cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.2–ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3–cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Bu səbəbdən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinə əsasən protokol tərtib edilmiş şəxsin barəsində olan inzibati xəta haqqında işə, əməlində inzibati xəta tərkibinin olmaması əsası ilə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM–in 53.1.2-ci maddəsində göstərilmişdir ki, inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Ona görə də məhkəmə hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməsini qanuni və əsaslı hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-in 48-50, 53, 114, 128-130ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işin icraatına əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №3(051)-523/2024
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-523/2024
14.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver