Məhkəmə qərarları › İş №3(051)-524/2022

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-524/2022

16.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-524/2022 16.09.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızı Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş X4, inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş Mingəçevir Şəhər İcra Hakimiyyətinin Hüquq Şöbəsinin müdiri X5 iştirakı ilə, X3 Mingəçevir Şəhər İcra Hakimiyyətinin Hüquq Şöbəsinin müdiri X5 xx.xx.2022-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayətinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Mingəçevir Şəhər İcra Hakimiyyətinin Hüquq Şöbəsinin müdiri X5 xx.xx.2022-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 manat məbləğində inzibati cərimə edilmişdir. Barəsində qərar çıxarılmış X1 Şəhər İcra Hakimiyyətinin Hüquq Şöbəsinin müdiri X5 xx.xx.2022-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında işin icraatına xitam verilməsinə dair şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında barəsində qərar çıxarılmış şəxs X4 izahatında bildirdi ki, Mingəçevir şəhəri, Cəmil Əliyev döngəsi, 6D ünvanda yerləşən torpaq sahəsini Gülpəri adlı şəxsdən (etibarnamə üzrə səlahiyyətləri icra edirdi) alğı-satqı yolu ilə almışdır. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin ********** saylı Qeydiyyat nömrəsinə əsasən xx.xx.2021-ci il tarixdə adına Çıxarış almışdır. Həmçinin torpaq sahəsinin planı və ölçüsünü də almışdır. 2022-ci ilin mart ayının əvvəllərində bünövrə tökərək fərdi yaşayış evi tikməyə başlamışdır. 7 daş hündürlüyündə yarımçıq tikilidir. 2022-ci ilin iyul ayının əvvəllərində AZ.Dres qəsəbəsində Mingəçevir ŞP-nin sahə rəisi Elnur adlı şəxs ona yaxınlaşıb tikinti işi apardığına görə torpağın sənədinin olub-olmamasını soruşdu. Çıxarışın ASAN Xidmətdə olduğunu dedi, həmin şəxs ondan izahat aldı və o, evinə getdi. Bir neçə gün bundan əvvəl ona SMS gəldi və Mingəçevir Şəhər İcra Hakimiyyəti tərəfindən cərimə edildiyini öyrəndi. Mingəçevir Şəhər İcra Hakimiyyətinə qərarla tanış olması barədə müraciət edəndə qərarın poçt vasitəsilə göndərildiyini dedilər. xx.xx.2022-ci il tarixdə qərarı aldı. Mingəçevir Şəhər İcra Hakimiyyətinin Hüquq Şöbəsinin müdiri X5 xx.xx.2022-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək maddənin sanksiyasında ən ağır cərimə 500 (beş yüz) manat cərimə edilmişdir. Hesab edir ki, Mingəçevir Şəhər İcra Hakimiyyətinin Hüquq Şöbəsinin müdiri X5 xx.xx.2022-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı qanunsuzdur. Ona görə də Mingəçevir Şəhər İcra Hakimiyyətinin Hüquq Şöbəsinin müdiri X5 xx.xx.2022-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Qərarı barəsində şikayət verilmiş Mingəçevir Şəhər İcra Hakimiyyətinin Hüquq Şöbəsinin müdiri X6 məhkəmə iclası zamanı şikayətin dəlillərini qəbul etməyərək xx.xx.2022-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının dəyişdirilmədən saxlanmasını məhkəmədən xahiş etdi. Məhkəmə barəsində qərar çıxarılmış şəxsin izahatını, həmçinin iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, şikayət qismən əsaslı olduğundan qismən təmin edilməli və X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 manat məbləğində inzibati cərimə edilməsi haqqında Mingəçevir Şəhər İcra Hakimiyyətinin Hüquq Şöbəsinin müdiri X5 xx.xx.2022-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı xətanın xarakterinə, inzibati xəta törədən şəxsin şəxsiyyətinə, onun təqsirinin dərəcəsinə uyğun olmadığından dəyişdirilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Belə ki, işdə olan Mingəçevir Şəhər İcra Hakimiyyətinin Hüquq Şöbəsinin müdiri X5 xx.xx.2022-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, xx.xx.2022-ci il tarixdə şəhərin AZDRES qəsəbəsində idman kompleksinin arxasında qanunsuz tikinti işləri apardığına görə X4 Azərbaycan Respublikası İXM-in 395.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 500 manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə inzibati materialı araşdıraraq hesab edir ki, barəsində inzibati qərar qəbul edilmiş Çingiz Osmanov müvafiq icra hakimiyyəti orqanının icazəsini almadan tikinti işləri aparmış və qanunvericiliyin tələblərini pozmuşdur, ona görə də əməlində İXM-nin 395.1-ci maddəsinin tərkibi vardır. Məhkəmə, həmçinin inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə işdə olan və əlavə təqdim edilmiş materiallar və istinad edilən normaların müddəaları əsasında baxıb, qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını yoxlayaraq müəyyən etdi ki, Mingəçevir Şəhər İcra Hakimiyyətinin Hüquq Şöbəsinin müdiri X6 inzibati tənbeh tətbiq edərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almamış, X4 barəsində qeyd edilən maddənin sanksiyasında inzibati cərimə növündə inzibati tənbeh tədbirinin fiziki şəxslər üçün nəzərdə tutulmuş yuxarı həddini özündə ehtiva edən qərar qəbul etmişdir. Məhkəmə hesab edir ki, X4 barəsində inzibati xəta haqqında qərar qəbul edilərkən ədalətlilik prinsipi gözlənilməmişdir. Belə ki, İXM-in 9.1-ci maddəsində qeyd olunur ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 21-ci madddəsində isə göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.2-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hər hansı şəxs barəsində tətbiq edilən inzibati tənbeh tədbiri şəxsi mütənasibsiz şəkildə cəzalandırma xarakteri daşımamalı, şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə hesablanmalıdır. Məhkəmənin qənaətinə görə hazırki iş üzrə inzibati xətanı törətmiş şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tədbirinin aşağı həddinin müəyyən edilməsi, qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğundur. Odur ki, məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1-ci maddəsi ilə X3 inzibati cərimə edilməsinə dair xx.xx.2022-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilərək, ona həmin maddə ilə 300 manat məbləğində inzibati cərimə edilməsi haqqında yeni qərar çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5-ci maddəsinə əsasən tətbiq edilmiş tənbehin bu Məcəllənin 31– 34-cü maddələrinin tələblərinə uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 135.1.2–135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şikayət qismən təmin olunsun. X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 manat məbləğində inzibati cərimə edilməsinə dair Mingəçevir Şəhər İcra Hakimiyyətinin Hüquq Şöbəsinin müdiri X5 xx.xx.2022-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilsin. X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar