Məhkəmə qərarları › İş №3(051)-53/2025

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-53/2025

27.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-53/2025 27.01.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi Barəsində qərar çıxarılmış: X1 iştirakı ilə Azərbaycan Respublikası DİN Baş X4 İdarəsinin vəzifəli şəxsinin, fiziki şəxs X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsi əsasında inzibati cərimə edilməsinə dair xx.xx.2024-cü il tarixli EQ 24371222 nömrəli inzibati xəta haqqında iş üzrə qərarından, barəsində qərar çıxarılmış şəxs tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası DİN Baş X4 İdarəsinin vəzifəli şəxsinin xx.xx.2024-cü il tarixli EQ 24371222 nömrəli inzibati xəta haqqında iş üzrə qərarı ilə fiziki şəxs X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 50 (əlli) manat məbləğində inzibati cərimə edilmişdir. Barəsində qərar çıxarılmış fiziki şəxs, X2 Azərbaycan Respublikası DİN Baş X4 İdarəsinin xx.xx.2024-cü il tarixli EQ 24371222 nömrəli inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək həmin qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixli EQ 24371222 nömrəli inzibati xəta haqqında qərar qanunsuz və əsassızdır. Həmin qərarla FİAT Doblo markalı 99MH447 dövlət nömrə nişanlı avtomobilin sürücüsü tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi qeydə alınmış və İXM-in 122.2-ci maddəsinin tələbinə uyğun son etibarnamənin ona verilməsi səbəbindən həmin qərar əsassız olaraq barəsində çıxarılmışdır. Tərəfindən dəfələrlə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinə müraciət edilmiş, inzibati xəta törətməməsi vurğulanmışdır. Müraciətlərinə baxmayaraq, cavabdeh qurumun nümayəndələri onunla telefon əlaqəsi zamanı araşdırma getdiyini bildirsələr də, nəticədə qərar ləğv edilməmişdir. xx.xx.2024-cü il tarixdə FİAT Doblo markalı 99MH447 dövlət nömrə nişanlı avtomobil texniki baxışdan keçirilərkən Yevlax RQİ və TBŞ-də cərimənin ödənilməsi tələb olunduğundan cərimə tərəfindən ödənilmişdir. xx.xx.2024-cü il tarixdə isə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsi tərəfindən 3-13-16/2-0-181324/5 saylı məktubla onun müraciətlərinə cavab verilərək şikayəti üzrə araşdırma barədə heç bir hal göstərilmədən cərimənin tərəfindən ödənilməsi barədə məlumat verilmişdir. Bildirir ki, heç bir qayda pozmamış və inzibati xəta törətməmişdir. Odur ki, Azərbaycan Respublikası DİN Baş X4 İdarəsinin vəzifəli şəxsinin xx.xx.2024-cü il tarixli EQ 24371222 nömrəli inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsi haqda qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı barəsində qərar çıxarılmış X2 şikayətin dəlillərini müdafiə edərək, Azərbaycan Respublikası DİN Baş X4 İdarəsinin vəzifəli şəxsinin xx.xx.2024-cü il tarixli EQ 24371222 nömrəli inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsi haqda qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Qərarı barəsində şikayət verilmiş vəzifəli şəxsə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, vəzifəli şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqda məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə işə qərarı barəsində şikayət verilmiş vəzifəli şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, barəsində qərar çıxarılmış şəxsin izahatını, digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, inzibati xəta haqqında qərar dəyişdirilmədən, şikayət isə təmin edilmədən saxlanmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8–ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Belə ki, işdə olan cərimə haqqında məlumatdan və fotoşəkildən görünür ki, protokolun tərtib edilmə tarixi xx.xx.2024-cü il, protokol nömrəsi EQ 24371222, İnzibati Xətalar Məcəlləsinin maddəsi 469.3, ümumi məbləğ 45.0 manat, avtomobilin dövlət nömrə nişanı 99MH447 göstərilmişdir. Məhkəmə, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə iş üzrə olan materiallar əsasında baxaraq, qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını yoxlayaraq müəyyən etdi ki, 99MH447 dövlət nömrə nişanlı avtomobilin sürücüsü-X2 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmiş, barəsində protokol tərtib olunmuş və həmin protokol əsasında inzibati xəta haqqında iş üzrə qərar qəbul olunmuşdur. X2 50 (əlli) manat məbləğində inzibati cərimə edilmiş və tərəfindən inzibati cərimə ödənilmişdir. Heç bir qayda pozmaması və inzibati xəta törətməməsi ilə bağlı şikayət verən şəxsin istinad etdiyi dəlillər məhkəmə iclasında öz təsdiqini tapmamış, şikayətçi isə həmin hallara dair əsaslı sübutlar təqdim etməmişdir. Sığortaçı ilə icbari sığorta müqaviləsi bağlanmamışdır. Ona görə də X1 barəsində inzibati xəta haqqında protokol tərtib edilməklə inzibati xəta haqqında qərar verilmişdir. Həmin xətanın az əhəmiyyətli olmasına görə inzibati xəta törətmiş şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar və onun əməlində inzibati məsuliyyəti istisna edən hallar yoxdur. İnzibati xəta haqqında iş üzrə icraatda tədqiq edilmiş həmin sübutlar qanunda nəzərdə tutulmuş qaydada əldə edilməklə bərabər, inzibati xəta törətmiş şəxs X1 təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə, həmçinin müəyyən etdi ki, Baş X4 İdarəsi inzibati xəta haqqında işə baxarkən, İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl etmişdir. Belə ki, Azərbaycan Respublikası İXM–in 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İXM–in 101.1–ci maddəsinə əsasən inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. İXM–in 114.1.1–ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. İXM–in 122.1–ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1, 353.1, 353.2, 353.4, 353.5 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Bu Məcəllənin 346-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə təsdiq edilmiş qərarlar real vaxt rejimində həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə göndərilir. Həmin Məcəllənin 122.2-ci maddəsinə əsasən İnzibati tənbeh vermə haqqında elektron qərar müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin məlumatlarına əsasən nəqliyyat vasitəsinin istifadəçisi (nəqliyyat vasitəsini icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya nəqliyyat vasitəsindən istifadə etmə və ya ona dair sərəncam vermə hüquqları ilə bağlı etibarnamə əsasında sonuncu dəfə təkrar dövlət qeydiyyatından keçirilərkən qeydiyyata götürülmüş şəxs, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü, belə məlumat olmadıqda isə nəqliyyat vasitəsinin mülkiyyətçisi olan fiziki şəxs) barəsində çıxarılır. Həmin Məcəllənin 124.4–cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort–kompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1–ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərərçəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3–cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2–ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Həmin Məcəllənin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Məhkəmə, şikayətin dəlilərini araşdırarkən, həmçinin müəyyən etdi ki, vəzifəli şəxsin gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmış, həmin nəticələr işin faktiki hallarına uyğundur, iş üçün əhəmiyyəti olan hallar sübuta yetirilmiş və inzibati məsuliyyəti müəyyən edən qanunun norması düzgün tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1–ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərarlardan biri qəbul edilir. Odur ki, məhkəmə verilmiş şikayətə iş üzrə olan materiallar əsasında baxaraq, qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını yoxlayaraq, işin müəyyən olunmuş hallarına əsasən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası DİN Baş X4 İdarəsinin vəzifəli şəxsinin, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsi əsasında inzibati cərimə edilməsinə dair xx.xx.2024-cü il tarixli EQ 24371222 nömrəli inzibati xəta haqqında iş üzrə qərarı əsaslıdır və qanuna uyğun şəkildə qəbul edilmişdir. Bu səbəbdən X1 şikayəti təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 120–126 və 133–136–cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: X1 Azərbaycan Respublikası DİN Baş X4 İdarəsinin vəzifəli şəxsinin xx.xx.2024-cü il tarixli EQ 24371222 nömrəli inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsinə dair şikayəti təmin edilməsin. Azərbaycan Respublikası DİN Baş X4 İdarəsinin vəzifəli şəxsinin, fiziki şəxs X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsi əsasında inzibati cərimə edilməsinə dair xx.xx.2024-cü il tarixli EQ 24371222 nömrəli inzibati xəta haqqında iş üzrə qərarı dəyişdirilmədən saxlansın. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar