Məhkəmə qərarları › İş №3(051)-534/2022

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-534/2022

24.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-534/2022 24.08.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Həsənli Cavid Qurban oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs, Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X1 iştirakı ilə xx.xx.1982-ci ildə Cəbrayıl rayonu Şıxalıağalı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Mingəçevir şəhəri, Sağ Sahil yarımçıq mehmanxanada yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 529.2-ci maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 3(051)-985/2021 saylı qərarına əsasən Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 500 (beş yüz) manat miqdarında inzibati cərimə edilməsi qərara alınmışdır. Şəxs Məhkəmənin xx.xx.2021-ci il tarixli, 3(051)-985/2021 saylı icra sənədini üzürsüz səbəbdən 25 gün müddətində icra etməməsi barədə Mingəçevir şəhər İcra və Probasiya Şöbəsi tərəfindən Azərbaycan Respublikası İXM-in 529.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İnzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərdən görünür ki, Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən borclu Şəxs tələbin könüllü icrası haqqında bildirişlər göndərilmiş, lakin borclu heç bir üzrlü səbəb olmadan icra sənədini icra etməmişdir. Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru məhkəmə iclasında bildirdi ki, iş üzrə borclu Şəxs Məhkəmənin xx.xx.2021-ci il tarixli, 3(051)-985/2021 saylı icra sənədi üzrə 500 manat məbləğində inzibati cərimə ödəməli olduğu halda, heç bir ödəniş etməmiş, nəticədə borclu tərəfindən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında məhkəmə qərarı qanuni qüvvəyə mindiyi gündən 25 gün müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməmişdir. Ona görə də borclunun barəsində Azərbaycan Respublikası İXM-in 529.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında inzibati protokol tərtib olunmuşdur. Barəsində inzibati xəta protokol tərtib olunmuş Şəxs məhkəmə iclasında bildirdi ki, sözügedən cərimə cəzasını maddi imkanı olmadığına görə qanunla müəyyən olunmuş vaxt ərzində ödəyə bilməmişdir. Hazırda da hamilədir, himayəsində azyaşlı uşağı və xəstə anası var. Odur ki, borcunu ödəmək imkanı yoxdur. Məhkəmədən ifadəsində göstərilənləri nəzərə alı b qərar çıxarılmasını xahiş etdi. Məhkəmə, inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda baxaraq, mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, iş üzrə icraat materiallarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Şəxs tərəfindən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında məhkəmə qərarı qanuni qüvvəyə mindiyi gündən 25 gün müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməməklə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2–ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və onun əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcuddur. Onun qeyd olunan inzibati xətanı törətməkdə təqsirli olması özünün etirafı, habelə işdə olan materiallarla, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin xətanın az əhəmiyyətli olmasına görə inzibati xəta törətmiş şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar və onun əməlində inzibati məsuliyyəti istisna edən hallar yoxdur. İnzibati xəta haqqında iş üzrə icraatda tədqiq edilmiş həmin sübutlar qanunda nəzərdə tutulmuş qaydada əldə edilməklə bərabər, inzibati xəta törətmiş şəxsin təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İşdə olan İnzibati xəta haqqında xx.xx.2022-ci il tarixli MN ******* saylı protokoldan görünür ki, Şəxs Məhkəmənin xx.xx.2021-ci il tarixli, 3(051)-958/2021 saylı icra sənədini üzürsüz səbəbdən 25 gün müddətində icra etmədiyinə görə Mingəçevir şəhər İcra və Probasiya Şöbəsi tərəfindən Azərbaycan Respublikası İXM-in 529.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İşdə olan portaldan çıxarışdan görünür ki, Şəxs, X3 xx.xx.2012-ci il tarixdə Mingəçevir şəhərində doğulmuşdur. İşdə olan X4 Mərkəzi tərəfindən verilmiş göndərişdən görünür ki, Şəxs hamiləliklə bağlı analiz vermişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə görə, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsini qarşısını almaq məqsədi daşıyır. Hamilə qadınlara və himayəsində üç yaşınadək uşağı olan qadınlara İnzibati xətalar Məcəlləsinin 28.4-cü maddəsinə əsasən ictimai işlər inzibati tənbeh tədbiri tətbiq edilmir. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81- 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Həmin Məcəllənin 34-1-ci maddəsinə əsasən həmin Məcəllənin Xüsusi hissəsində inzibati xətaya görə müəyyən edilmiş sanksiyada nəzərdə tutulmuş ictimai işlər və ya inzibati həbs növündə inzibati tənbehin tətbiq edilməsi bu Məcəllənin 28.4-cü və ya 30.2-ci maddələrinin tələblərinə əsasən mümkün olmadıqda, hakim inzibati xəta törətmiş şəxs barəsində bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş inzibati tənbeh əvəzinə iki yüz manatdan beş yüz manatadək məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edir. Məhkəmə, xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və yüngülləşdirici (hamilə və himayəsində 14 yaşına çatmayan uşağı olması) halları nəzərə alaraq hesab edir ki, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğundur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 40, 43, 48-51, 114, 128- 130-cu maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona həmin Məcəllənin 34-1-ci maddəsinə əsasən 200 (iki yüz) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar