Məhkəmə qərarları › İş №3(051)-539/2025

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-539/2025

05.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-539/2025 05.08.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, Məhkəmə iclas katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, Mingəçevir Şəhər Polis Şöbəsinin polis baş leytenantı X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Vəkil, Mingəçevir Bələdiyyəsinin nümayəndəsi X2 iştirakı ilə xx.xx.1989-cu il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, ünvan 1 ünvanda qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola əsasən inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Mingəçevir Şəhər Polis Şöbəsinin xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoluna görə Şəxs xx.xx.2025-ci il tarixdə saat 15:40 radələrində şəhərin Nəsimi küçəsində bələdiyyə işçilərinə maneəçilik törətmiş, həmin vaxt ona yaxınlaşan polis əməkdaşlarına qarşı nalayiq ifadələr işlətmiş, polisin qanuni tələbinə qəsdən tabe olmamış və öz hərəkətlərini davam etdirmişdir. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Proses iştirakçılarının izahatları: Mingəçevir Şəhər Polis X1 Bölməsinin sahə rəisi, polis baş leytenantı X6 məhkəmə iclası zamanı inzibati xəta haqqında protokolun dəlillərini müdafiə edərək göstərdi ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 15:40 radələrində atası X7 ilə birlikdə şəhərin Nəsimi küçəsində bələdiyyə işçilərinə maneəçilik törətmiş, həmin vaxt ona yaxınlaşan polis əməkdaşlarına qarşı nalayiq ifadələr işlətmiş, polisin qanuni tələbinə qəsdən tabe olmamış və öz hərəkətlərini davam etdirmişdir. Ona görə onun barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, xx.xx.2025-ci il tarixdə saat 15:40 radələrində şəhərin Nəsimi küçəsində bələdiyyə işçiləri onun tikdiyi yeri sökəcəklərini bildirdikdə onlara etirazını bildirmiş, lakin saxlanılan zaman polis əməkdaşlarının qanuni tələbinə qarşı heç bir tabesizlik göstərmədiyini, daha sonra polis əməkdaşlarının onu şəhər polis şöbəsinə apardığını bildirmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs müdafiəçisi Vəkil izahat verərək bildirdi ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 15:40 radələrində şəhərin Nəsimi küçəsində olan zaman bələdiyyə işçilərinə qarşı nalayiq ifadələr işlətməmiş, eləcə də oraya yaxınlaşan polis əməkdaşlarına qarşı heç bir tabesizlik göstərməmişdir. Odur ki, şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Mingəçevir Bələdiyyəsinin nümayəndəsi X5 izahat verərək bildirdi ki, , xx.xx.2025-ci il tarixdə saat 15:40 radələrində şəhərin Nəsimi küçəsində Mingəçevir Bələdiyyəsinin işçiləri qanunsuz tikintilərlə bağlıorda olan zaman Şəxs və atası X3-küy salaraq, onların fəaliyyətinə maneəçilik törətmişdir. İşdə olan sübutlar: Mingəçevir Şəhər Polis Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 510 və 535.1-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. xx.xx.2025-ci il tarixli “inzibati qaydada tutma haqqında” protokoldan görünür ki, inzibati xəta törətməkdə təqsirli bilinən Şəxs xx.xx.2025-ci il tarixdə saat 16:15-də inzibati qaydada tutulmuşdur. xx.xx.2025-ci il tarixdə Şəxs Mingəçevir Şəhər Polis Şöbəsində izahatı alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3–cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8.2–ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3–cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll edilir. 53.1.2-ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. 75–ci maddəsində inzibati xəta törətməkdə şəxsin təqsirli olması inzibati xətalar haqqında işlərin icraatı üzrə sübut edilməli olan hal kimi müəyyən edilmişdir. 114.1. İnzibati xəta haqqında işə baxılarkən aşağıdakı məsələlər barəsində qərar çıxarılır: 114.1.4. inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında.(...) 114.2. İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar aşağıdakı hallarda çıxarılır:114.2.1. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda;(...) 535.1. Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati məsuliyyətə cəlb olunur. Məhkəmənin mövqeyi: Tərəflərin izahatı, işdə olan sənədlər və digər iş materialları ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs ucadan nalayiq ifadələr işlətməsi və polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmaması müəyyən olunmur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən Şəxs barəsində olan inzibati xəta haqqında işə inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işin icraatına inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Güləndam Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar