Məhkəmə qərarları › İş №3(051)-550/2023

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-550/2023

22.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-550/2023 22.06.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi Borclu : Şəxs və müdafiəçisi Vəkil Tələbkar: Zərərçəkmiş şəxs Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X1 iştirakı ilə xx.xx.1981-ci il tarixdə Ağcabədi rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Ağdam rayonu, Yusifcanlı kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İXM–in 528.1-ci maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Borclu İbrahimov X2 Şəhər Məhkəməsinin 2(051)-2425/2018 saylı xx.xx.2018-ci il tarixli icra sənədi üzrə 6720 manat aliment borcunun ödənilməsi üçün xəbərdarlıq edilməsinə baxmayaraq, Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərinə qəsdən tabe olmamış, qətnamənin tələblərinə məhəl qoymaraq icra sənədini üzrsüz səbəbdən icra etməmişdir. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru məhkəmə iclası zamanı inzibati xəta haqqında protokolun dəlillərini müdafiə edərək göstərdi ki, Şəxs Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-2425/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ilə xx.xx.2009-cu il tarixdə doğulmuş Aybəniz adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 120 manat məbləğində alimentin cavabdeh Şəxs alınıb iddiaçı Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Lakin borclu tərəfindən borcun ödənilməsi təmin edilməmiş və nəticədə 6720 manat aliment borcu yaranmışdır. Borcluya dəfələrlə bildiriş və xəbərdarlıqlar göndərilməsinə baxmayaraq, o, borclu olduğu məbləği ödəməkdən yayınmışdır. Hazırda onun 6720 manat məbləğində borcu vardır. Borclunun davranışı o nəticəyə gəlməyə əsas verir ki, o, aliment borcunu qəsdən ödəmir, bundan yayınır və icra məmurunun tələblərinə qəsdən tabe olmur. Ona görə də hazırki protokolla məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Protokolun dəlillərini müdafiə edir və borclu haqqında qanuni tədbir görülməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı tələbkar Zərərçəkmiş şəxs izahatında göstərdi ki, borclu ilə aralarında olan razılığa görə o qaçqınlar və məcburi köçkünlər üçün verilmiş evdən, o isə alimentdən imtina etməli idi, lakin borclu aralarında olan razılığa əməl etməmişdir. Ona görə də o, məhkəməyə müraciət etmiş və aliment təyin edilmişdir. Ondan sonra dəfələrlə borclu vaxt istəmiş, lakin yenə də aliment borcunu qərəzli olaraq ödəməmişdir. Ona görə də borcun birdəfəyə ödənilməsinin təmin edilməsini, əks halda isə borclunun barəsində inzibati qaydada həbs edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı borclu Şəxs izahatında göstərdi ki, maddi imkan olmadığı üçün borcunu bir dəfəyə ödəyə bilmir. Uzun müddətdir ki, işsizdir. Aylıq aliment borclarını tam şəkildə ödəyə bilmədiyi üçün 6720 manat məbləğində aliment borcu yığılmışdır. O, hər ay aliment üzrə yığılmış borcdan 200 manat ödəmək imkanına malikdir. Hazırda da həmin borcu birdəfəyə ödəmək imkanı yoxdur. Həmçinin o, bildirdi ki, qeydiyyata düşmək üçün başqa mənzil olmadığından, qaçqınlar üçün verilmiş mənzildən qeydiyyatdan çıxa bilmir. Ona görə də tələbkarla aralarında olan razılığa əməl edə bilməmişdir. Eyni zamanda o, həmin razılığa inanmış və ona görə də aliment ödəməmişdir. Hazırda vaxt verilsə, o, hər 100-200 manat aliment ödəyə bilər. Odur ki, qərar qəbul edilərkən izahatında göstərilənləri nəzərə almağı məhkəmədən xahiş edir. İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-2425/2018 saylı xx.xx.2018-ci il tarixli icra vərəqəsindən görünür ki, xx.xx.2009-cu il tarixdə doğulmuş Aybəniz adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 120 manat məbləğində alimentin cavabdeh Şəxs alınıb iddiaçı Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli izahatdan görünür ki, icra orqanı borcludan icra sənədində göstərilən tələbi icra etməyi tələb etmiş, əks halda məsuliyyət daşıyacağı barədə ona xəbərdarlıq edilmişdir. İşdə olan borclunun axtarılması barədə xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ünvan 2 ünvanında yaşamış Şəxs barəsində axtarış elan edilmişdir. Beləliklə, məhkəmə iclası zamanı icra orqanının nümayəndəsinin, tələbkarın və borclunun izahatlarını, eləcə də icra işinin materiallarının tədqiqi nəticəsində müəyyən etdi ki, İbrahimov X2 Şəhər Məhkəməsinin 2(051)-2425/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsinin icrasından qəsdən boyun qaçırmış, bu zaman icra sənədində göstərilən tələbin yerinə yetirilməsini tələb edən Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da onun əməlində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsində göstərilir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31-ci maddəsinin tələblərinə görə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdiriən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, icra məmuru tərəfindən Şəxs dəfələrlə borclu olduğu məbləği ödəmək barədə xəbərdarlıq edilməsinə baxmayaraq, yenə də borcunu ödəməməsi, onun məsuliyyətini ağırlaşdıran haldır. Onun əməlində məsuliyyəti yüngülləşdirən hal müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-nin 3.1.1-ci maddəsində səlahiyyətli şəxslərin hüquqazidd hərəkəti dayandırmağı tələb etdiklərinə baxmayaraq, bu hərəkətin davam etdirilməsi məsuliyyəti ağırlaşdıran hal kimi müəyyən olunmuşdur. Ona görə də məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinin tərkibi vardır və o, həmin maddə üzrə inzibati xəta törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati tənbeh tətbiq edilməlidir. Beləliklə, məhkəmə, inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini, məsuliyyətini ağırlaşdıran halların mövcudluğunu, yüngülləşdirən halların olmamasını nəzərə alaraq, Şəxs barəsində həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128- 130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 15 (on beş) gün müddətə inzibati qaydada həbs edilsin. Həbsə almanın əvvəli 22 iyun 2023–cü il tarixdən saat 17:30-dan hesablansın. Şəxs məhkəmə iclas zalından dərhal həbsə alınsın. Qərarın icrası Mingəçevir Şəhər Polis Şöbəsinə tapşırılsın. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar