Məhkəmə qərarları › İş №3(051)-553/2022

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-553/2022

31.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-553/2022 31.08.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi Ağayeva Aynurə Nizami qızının katibliyi Zərərçəkmiş şəxs: X1 Barəsində protokol tərtib edilmiş şəxs: Şəxs iştirakı ilə xx.xx.1978-ci ildə doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında işüzrə icraatda açıq məhkəmə iclasında baxaraq M ÜƏ Y YƏ N E T D İ : Şəxs xx.xx.2022-ci il tarixdə X2 Mingəçevir şəhəri, Sahil küçəsində aralarında yaranmış mübahisə zamanı sol təpə nahiyyəsinə və sağ qalça tininə bərk küt əşya ilə vuraraq onun sağlamlığına ağırlıq dərəcəsi təyin edilməyən zərər vurmaqla döymüşdür. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs həmin inzibati xətanı törətməsi zərərçəkmiş şəxsin izahatı və işdə olan mötəbər sənədlərlə təsdiq olunmuşdur. İnzibati xətanı törətmiş şəxs Şəxs məhkəmə iclası zamanı özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Zakir Məmmədov onun gözətçi işlədiyi yaxın ərazidə torpaq sahəsi vardır və orada dam tikdirmişdir. Tanışlıqları bundan ibarətdir. Aralarında əvvəllər mübahisə və ya narazılıqları olmamışdır. xx.xx.2022-ci il tarixdə səhər saatlarında Mingəçevir şəhər mərkəzi bazara gedərkən yolda Zakir Məmmədov ilə rastlaşmışlar. O, Zakirə “Poz-qazan” lotereyasından iki manat pul udduğunu demiş və almaq üçün mərkəzi bazara getməsini bildirmişdir. Zakir Məmmədov da özünün mərkəzi bazara getdiyini deyərək iki manat pulu ona verərək lotereyadakı uduşu özü ala biləcəyini və bazara getməsinə zərurət qalmamasını bildirmişdir. Bundan sonra iki manat pulu Zakirdən alaraq lotereyanı ona vemişdir. Daha sonra içkili olduğuna görə bazara yeridən getmiş, orada Zakirlə rastlaşanda ondan əlavə 1 manat da pul istəmiş, Zakir də 1 manat pul vermişdir. Həmin gün günorta saatlarında oğlu Elşən onun yanma gələrək Zakirin onu torpaq sahəsindən qovmasını dedikdə Zakirlə özü görüşərək nə üçün oğlu Elşəni torpaq sahəsindən qovmasını aydılaşdırmaq istəmiş, Zakirlə söhbət zamanı aralarında mübahisə baş vermiş, həmin mübahisə zamanı əlbəyaxa olmuşlar və hər ikisi yerə yıxılmışdır. Daha sonra o oğlunu səslədikdə oğlu Elşən və onun yanında olan dostu Əkrəm birlikdə gələrək onları aralaşdırmışdır. Zakir Məmməovu bıçaqla hədələməmiş, onun baş nayihəsindən oğlu Elşən bel ilə vurmamış, Zakir əlbəyaxa dava zamanı hər ikisi yerə yıxılan zaman başı daşa dəyərək xəsarət almışdır. Odur ki, məhkəmədən onun barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs X3 məhkəmə iclası zamanı ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə Mingəçevir ŞPŞ-yə ərizə ilə müraciət etmişdir, barəsində şikayət etdiyi Mustafa onun qonşusudur. Özünün Mingəçevir şəhəri Sahil küçəsində fərdi torpaq sahəsi vardır. Həmin torpaq sahəsində mişar daşı ilə dam tikdirmiş və gələcəkdə sənədləşmə aparıb ev tikdirmək fikri vardır. Mustafa onun torpaq sahəsi ilə sərhəddə yerləşən, özü Rusiyada yaşayan Elnur adlı şəxsin torpaq sahəsinə nəzarət edən şəxsdir. Mustafa ilə normal münasibətləri vardır. Mustafa “Poz-qazan” lotereyasından 2 manat pul udmuş və lotereya da onda olmuşdur. 04 mart 2022-ci il tarixdə saat 11-12 radələrində o, Musatafaya demişdir ki, 2 manatı verib, bazara gedib, lotereyanı verib pulunu alar. Mustafa da onunla razılaşmışdır. Mustafaya 2 manat pul vermiş və lotereyanı alıb bazara getmiş, oradakı lotereya satış nöqtəsinə verib və 2 manat pulunu almışdır. Bir müddət sonra Mustafa ilə bazarın qarşısında görüşmüş və Mustafa iddia etmişdir ki, guya o, əlavə 1 manatlıq uduşlu lotereya da vermişdir. O, isə Mustafaya ikinci lotereya vermədiyini demiş, lakin narazılıq olmaması üçün ona 1 manat da əlavə vermişdir. Mustafa çıxıb getmişdir. Bir müddət sonra torpaq sahəsinə gələn zaman Mustafanın oğlu Elşənin onun torpaq sahəsində oturduğunu görmüş, Elşənə orada yəni onun torpaq sahəsində oturmamasmı demişdir. Elşən də onun sözündən sonra ondan narazı qalmış və görüşərik deyərək getmişdir. Aradan bir neçə dəqiqə keçmiş Mustafa sahəsində işləyən zaman onu çağırmışdır. Nə istədiyini niyə əl çəkməməsini soruşaraq Elşəni torpaq sahəsindən nə üçün qovmasını soruşmuşdur. Özünün torpaq sahəsinə girməmələrini deyərək cavab verdikdə Mustafa ilə aralarında narazılıq yaranmış və bu zaman Mustafa əl atıb şalvarının arxasından bıçaq çıxartmış və onu vurmaq istəyəndə o, özünü müdafiə edərək onun sifətinə bir sillə vurmuşdur. Həmçinin əli ilə Mustafanın əlini tutmuş, bıçaqla vurmasına mane olmuşdur. Hər ikisi əlbəyaxa dava zamanı yaxalaşmış vəziyyətdə yerə yıxılmışlar. Yıxıldıqda Mustafa altında qalmış onun əlini sıxıb silkələyərək bıçağı almağa çalışmışdır. Mustafa isə kəlləsi ilə onun alın nahiyyəsinə yıxılı halda zərbələr vurmuşdur. O isə diqqəti bıçaqda olmuşdur. Həmin vaxt Mustafa qışqırıb onu vurmasını demişdir. Bu sözdən sonra onun oğlu Elşən bel ilə onun başının arxasından zərbə vurmuş, yanındakı oğlan isə mişar daşını qırığı ilə sağ bel nayihəsinə zərbə vurmuşdur. Bundan sonra o ayağa qalxmışdır. Mustafanı özündən kənara itələmiş, həmin vaxt Elşən ikinci dəfə bellə başının arxasından təkrar zərbə vurmuşdur. Başından qan axdığına görə orada dayanmamış və qaçaraq yola getmiş həmin vaxt yolda maşınla keçən qonşusu Məhəmmədə əl edib, Məhəmməd də maşını ilə onu xəstəxanaya gətirmişdir. Odur ki, məhkəmədən Şəxs barəsində qanuni tədbir görülməsini xahiş edir. İşdə olan xx.xx.2022-ci il tarixli, 148 saylı ekspert rəyindən görünür ki, X1 bədən səthində aşkar edilmiş xəsarətlər- sol təpə nahiyəsində yara və sağ qalça tinində qançır bərk küt əşyanın təsirindən əmələ gələ bilərdilər, yetirilmə müddəti xx.xx.2022-ci il tarixə uyğun gəlir. Beləliklə, məhkəmə iclası zamanı təsdiq olundu ki, Şəxs xx.xx.2022-ci il tarixdə Mingəçevir şəhəri Sahil küçəsində X2 vuraraq onun sağlamlığına ağırlıq dərəcəsi təyin edilməyən zərər yetirməklə qəsdən döymüşdür. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmişşəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsində göstərilir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmişşəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31-ci maddəsinin tələblərinə görə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən vəağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, Şəxs ilk dəfə inzibati xəta törətməsi onun məsuliyyətini yüngülləşdirən hallardır. Onun əməlində məsuliyyəti ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə, məhkəmə, inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən halların olmasını, məsuliyyəti ağırlaşdıran halların olmamasını, nəzərə alaraq, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 400 (dörd yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan, 10 gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar