Məhkəmə qərarları › İş №3(051)-565/2021

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-565/2021

23.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-565/2021 23.06.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Kərimova Məhburə Kərim qızının sədrliyi, Hacıyev Fəzail Hacı oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4, zərərçəkmiş şəxs X9 və onun qanuni nümayəndəsi X3 iştirakı ilə, xx.xx.1978-ci ildə Mingəçeviir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Tərtər rayonu Kəbirli kəndində qeydiyyatda olan, Mingəçevir şəhəri, Günəşli Bağ massivi 14-cü küçədə yaşayan X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Mingəçevir şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq Müəyyən etdim: Mingəçevir şəhər Polis Şöbəsi tərəfindən tərtib olunmuş MN № ******* saylı, 22.06.2021-ci il tarixli protokoldan görünür ki, X4 24.05.2021-ci il tarixdə saat 23:00 radələrində Mingəçevir şəhəri Günəşli bağ massivində X7 döymüşdür. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, 24.05.2021-ci il tarixdə saat 23:00 radələrində gəlinləri Sevda ilə yolda gəzərkən iki nəfər qadının onların qonşusu Aytəkinlə dalaşdıqlarını gördü. Həmin qadınlar Aytəkini sürüyüb hara isə aparmaq istəyirdi. Yaxınlaşdıqda həmin qadınların qonşuluqda yaşayan Şəhla və onun qızı Aygün olduğunu bildi. O, yaxınlaşıb Aytəkini həmin qadınların əlindən alıb evlərinə aparıb anasına təhvil verdi və sonra öz evlərinə getdi. O, Aygünü döyməmişdir. Zərərçəkmiş şəxs X9 məhkəmə iclaslnda verdiyi izahatında bildirdi ki, 2018-ci ilin yanvar ayında anadan olub 24.05.2021-ci il tarixdə təxminən saat 22:00 radələrində qonşuda yaşayan Aytəkin ona zəng edərək parka getməyi təklif etdi. Onlar birlikdə parka getdilər. Anası da onların arxası ilə gəlirdi. Sonra gördülər ki, arxadan oğlanlar da gəlir. Aytəkin dedi ki, oğlanlar sənin arxanca düşüblər, o da etiraz etdi ki, oğlanlar onun deyil, Aytəkinin arxasınca düşüblər. Ona görə də aralarında mübahisə yarandı. Aytəkin ona nəlayiq söz işlətdi. Mübahisə edən zaman qonşular onlara yaxınlaşıb onları ayırmğa başladılar. Qonşuluqda yaşayan Təhminə adlı qadın onun saçından tutub yerə yıxdı, döyməyə başladı. Anası araya girib zorla onu Təhminənin əlindən aldı. Evə gələndən sonra gördü ki, boyundakı qızıl boyubağı mübahisə zamanı düşüb itib. Zərərçəkmiş şəxs X5 qanuni nümayəndəsi X6 məhkəmə iclasında izahatında bildirdi ki, Aygün onun qızıdır, 14 yaşı tamam olmamışdır. 24.05.2021-ci il tarixdə saat 22:00 raələrində qonşuluqda yaşayan Aytəkin qızına zəng edib bir az parkda gəzməyi təklif etdi. O, qızına razılıq verdi, ancaq qızı azyaşlı olduğuna görə o da yavaş-yavaş qızların arxası ilə getməyə başladı. Onu da bildirir ki, Aytəkin onun qızı Aygündən yaşda xeyli, 13-14 yaş böyükdür. Bir az gəzdikdən sonra gördü ki, qızlar mübahisə etməyə başladılar . O, qızıgilə yaxınlaşdı, bu zaman orada olan qonşu qadınlar da onlara yaxınlaşdılar. Qonşuluqda yaşayan Təhminə adlı qadın onun qızı Aygünün saçından tutub, yerə yıxıb onu onu döyməyə başladı. O, qızını Təhminədən aralayıb, evlərinə gətirdi. Evə gələndən sonra məlum oldu ki, qızının boynunda olan qızıl boyunbağı itibdir. Bundan sonra o, 102 xidmətinə müraciət etdi. Sonra polis şöbəsinə şikayət ərizəsi yazdı. Şəxs qanun daxilində cəza verilməsini xahiş edir. X8 şahid kimi məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, Aytəkin onun qızıdır. Aytəkin 1993-cü il təvəllüdlüdür. Aytəkinin psixi vəziyyətində problem var, lakin işləyir. Belə ki, “xxxx” MMCdə reklam işi ilə məşğul olur. Evə gecə saat 22:00-dən sonra gəlir. 24.05.2021-ci il tarixdə saat 23:00 radələrində evdə olan zaman qonşular ona dedilər ki, qızı Aytəkin qonşuluqda yaşayan Aygünlə küçədə mübahisə edirlər. O, gedəndə gördü ki, qızı Aytəkinlə Aygün əlbəyaxa olublar. O, yaxınlaşıb Aytəkini Aygündən araladı. Aytəkin aralanan kimi Aygün özünü divara, yerə vurub özözünə xəsarət yetirdi. Sonra onlar aralanıb getdilər. X1 təhqiqat materiallarına əlavə edilmiş izahatında göstərilir ki o, 24.05.2021-ci il tarixdə saat 23:00 radələrində işdən evə qayıdan zaman qonşuluqda yaşayan Aygünlə evlərinin yanındakı parkda rastlaşdılar. Arxalarınca oğlanlar düşməyə başladılar. O, Aygünə dedi ki, oğlanlar sənin arxanca düşüblər, Aygün də ona bildirdi ki, oğlanlar onun arxasınca düşüblər. Aralarında mübahisə yarandı. Parkda olan qonşu qadınlar onların mübahisəsinə müdaxilə etdilər. Müdaxilə zamanı qonşuluqda yaşayan Təhminə Aygünü vurdu. İşə əlavə olunmuş məhkəmə -tibb ekspertizasının 25.05.2021-ci il tarixli 313 №li rəyində göstərilir ki, X5 məhkəmə tibbi müayinəsi zamanı onun bədənində aşkar olunan xəsarətlər-qarın nahiyəsində qançır, sağ dizində, sağ baldırında və hər iki gözlərinin bayır buxaqlarında sıyrqlar, bərk küt əşyanın (alətin) təsirindən əmələ gələ bilərdilər, yetirilmə müddəti qərarda göstərilən 24.05.2021-ci il tarixə uyğundurlar, sağlamlığa zərər vurmadıqları üçün dərəcələri təyin olunmur. Toplanmış sübutları məcmuu halda araşdırıb, qiymət verərək hesab edirəm ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi vardır və həmin maddə ilə təqsirli bilinərək ona inzibati tənbeh tətbiq olunmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatı özünümüdafiə xarakteri daşayır, zərərçəkmiş şəxsin şahidlərin izahatları, ekspert rəyi ilə tərkib olunur. Ona görə də Şəxs izahatı sübut kimi qəbul edilməməlidir. Azərbaycan Respublikasi İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasi İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həmdə başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsini qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31-ci maddəsinin tələblərinə görə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən olunmadı. Şəxs şəxsiyyətini, qadın olmasını, törətdiyi inzibati xətanın xarakterini nəzərə alaraq hesab edirəm ki, ona cərimə növündə inzibati tənbehin tətbiq edilməsi tənbehin məqsədlərini təmin edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114, 128-130-ci maddələrini rəhbər tutub, Qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar