Məhkəmə qərarları › İş №3(051)-566/2022

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-566/2022

12.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-566/2022 12.10.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mingəçevir şəhər məhkəməsinin hakimi Hüseynov Ələkbər Məmmədtağı oğlu, Ağayeva Aynurə Nizami qızının katibliyi və Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs təsisçisi X1 iştirakı ilə, ünvan 1 ünvanda yerləşən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM) 430.4-cü maddəsi ilə Azərbaycan Respublikası Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında işə baxaraq, m ü ə y y ə n e t d i m: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC 3000000.00 Rusiya rublu məbləğində olan vəsaiti bank hesabından 21 avqust 2021-ci il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş, ödənişin aparıldığı gündən iki il müddət keçsə də, 3000000.00 Rusiya rublu məbləğində vəsait hesabına alınmış malların (xidmətlərin) ölkəyə idxalını təsdiq edən sənədlər banka təqdim edilməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Məhkəmə iclasında Şəxs təsisçisi X2 verdiyi izahatında göstərmişdir ki, onlar “MRT MMC” olaraq Rusiyadan Azərbaycana ağac idxal edirlər. Bu müqvilədə göstərildiyi kimi materialların Azərbaycana gətirilməsi üçün əvvəlcədən ödəniş edirlər. Lakin bir neçə hal olur ki, Rusiyadan Azərbaycana gələn malları Rusiya şirkətləri tərəfindən gecikdirilir və yaxud göndərilmir. Bu hallardan biri mövcud vəziyyətdə Rusiyanın Slavnoe şirkəti ilə “MRT MMC” arasında mövcud vəziyyətin yaranmasıdır. “MRT MMC” 2020-ci il tarixində Slavnoe şirkətinə ******* rubl ödəniş etmişdir. Lakin 2 il keçməsinə baxmayaraq şirkət materiallarını göndərməyib və əsaslı səbəblərlə iflas etdiyini göstərib. Buna görə də Şəxs MMC-nin ziyanlğını nəzərə alınmasını, onlar barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. İnzibati xəta haqqında protokola əlavə olunmuş 25 avqust 2022-ci il tarixli EP № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC 3000000.00 Rusya rublu məbləğində vəsaiti 21 avqust 2020-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də 3000000.00 Rusiya rublu məbləğində vəsait hesabına alınan malları ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati xəta haqqında protokola əlavə olunmuş "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikası Mərkəzi Bankına ünvanladığı 19 avqust 2022-ci il tarixli məktubundan görünür ki, “Azərbaycan Respublikası Rezidentlərinin xarici valyutada habelə qeyri rezidentlərin milli və xaricİ valyutada əməliyyatlarının aparılması Qaydaları ilə nəzərdə tutulmuş müddətdə qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi banka təqdim olunmamış, və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ müştərilərin "xxxx" ASC-də olan hesablarına geri qaytarılmamışdır. İnzibati xəta haqqında protokola əlavə olunmuş "xxxx" ASC-nin 25 iyul 2022-ci il tarixli məktubundan görünür ki, “Azərbaycan Respublikası Rezidentlərinin xarici valyutada habelə qeyri rezidentlərin milli və xaricİ valyutada əməliyyatlarının aparılması Qaydalarına əsasən qabaqcadan ödənişin aparıldığı gündən ən geci 2 il müddətində malların ölkəyə idxalını təsdiq edən yük gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədin banka təqdim olunması, həmçinin cədvəldə qeyd olunan qabaqcadan ödənişin açıq qalan məbləği üzrə malların ölkəyə daxil olması xidmətlərin göstərilməsi haqqında məlumatı banka təqdim olunması xahiş edilmişdir. İnzibati xəta haqqında iş əlavə edilmiş Hüquqi şəxslərin Vahid dövlət reyestrindən çıxarışdan hüquqi şəxsə xitam verilməsi haqqında məlumatlardan görünür ki, "xxxx" MMC Sankt-Peterburq üzrə 15 № li Federal Vergi Xidmətinin Rayonlararası Müfəttişliyinin qərarı ilə xx.xx.2020-ci il tarixdən qeydiyyata alınmış hüquqi şəxslərin siyahısından çıxarılmışdır. Bank hesablarının bağlanması və istənilən fəaliyyətlə məşğul olmağın mümkünlüyü ilə "xxxx" MMC-nin hüquq qabiliyyəti dayandırılmışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsinin izahatını dinləyib, işdə olan sənədləri öyrənib sübutlara qiymət verərək aşağıdakılara əsasən hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsinin tələbinə görə avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə - vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı 25. Avqust 2022-ci il tarixli, ******* saylı inzibati xəta haqqında protokolda Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsini göstərsə də, Şəxs MMC tərəfindən bu xətanın qəsdən və ya ehtiyatsızlıqdan törədilməsi müəyyən olunmamışdır. İlk növbədə məhkəmə qeyd edir ki, İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi mahiyyət etibarilə iqtisadi fəaliyyət sahəsində maliyyə intizamının möhkəmləndirilməsinə yönəldiyindən, maliyyə qaydaları əleyhinə olan inzibati xəta tərkibi kimi sayılmalıdır. Həmin maddənin dispozisiyasından da göründüyü kimi, bu maddə, ilk növbədə, Azərbaycan Respublikasının iqtisadi fəaliyyət subyektləri tərəfindən xarici ölkələrə (xarici iqtisadi fəaliyyət subyektlərinin bank hesablarına) malların alınması, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi üçün avans yolu ilə ödənilmiş (köçürülmüş) valyuta vəsaitlərinin düzgün (təyinatı üzrə) istifadəsinə nəzarət, bu sahədə maliyyə intizamını möhkəmləndirmək və müəyyən olunmuş maliyyə qaydalarının pozulmasına görə hüquqi məsuliyyətin tətbiqi məqsədini daşıyır. İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir (İnzibati Xətalar Məcəlləsinin 4 və 5.2-ci maddələri). “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun 5.0.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Mərkəzi Bankı “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq valyuta tənzimini və nəzarətini həyata keçirir. Buna müvafiq olaraq, ölkənin tədiyə balansında valyuta kəsirinin azaldılması və valyuta nəzarətinin effektivliyinin artırılması məqsədi ilə “Mərkəzi Bank haqqında” Qanunun 22.0.4 və 22.0.17-ci maddələrinə əsasən X6 Heyətinin 2016-cı il 28 noyabr tarixli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları” qəbul edilmişdir. Həmin Qaydaların 4-cü bəndi bank hesabları üzrə aparılan valyuta əməliyyatlarını tənzimləyir. Qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Bu zaman ödənişin aparıldığı gündən 2 il müddətində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd banka təqdim olunmalıdır. Həmin müddət ərzində mallar idxal edilmədikdə, xidmətlər göstərilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən geri qaytarılmadıqda İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyətə səbəb. İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsində təqsirsizlik prezumpsiyası prinsipi öz əksini tapmışdır. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Buna görə yuxarıda qeyd edilən normaların tələbləri baxımından məhkəmələr səlahiyyətli orqan tərəfindən barəsində protokol tərtib edilən şəxsin İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirini dəqiq müəyyən etməlidir. Belə ki, müəyyən malların istehsal olunması və çatdırılması Qaydalar ilə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər, habelə malların gətirilməsi və xidmətlərin göstərilməsi həmin şəxsin iradəsindən asılı olmayan səbəblərdən gecikdirilə bilər, məsələn fors major, qəza, gömrük nəzarəti və baxışının keçirilməsi və s.. İş materiallarından, barəsində inzibati protokol tərtib edilmiş MRT-nin nümayəsi tərəfindən məhkəməyə təqdim edilmiş İnzibati xəta haqqında iş əlavə edilmiş Hüquqi şəxslərin Vahid dövlət reyestrindən çıxarışdan hüquqi şəxsə xitam verilməsi haqqında məlumatlardan görünür ki, "xxxx" MMC Sankt-Peterburq üzrə 15 № li Federal Vergi Xidmətinin Rayonlararası Müfəttişliyinin qərarı ilə xx.xx.2020-ci il tarixdən qeydiyyata alınmış hüquqi şəxslərin siyahısından çıxarılmışdır. Bank hesablarının bağlanması və istənilən fəaliyyətlə məşğul olmağın mümkünlüyü ilə "xxxx" MMC-nin hüquq qabiliyyəti dayandırılmışdır. Bu səbəbdən də ödənişin aparıldığı gündən iki il müddət keçsə də, 3000000.00 Rusiya rublu məbləğində vəsait hesabına alınmış malların (xidmətlərin) ölkəyə idxalını təsdiq edən sənədlər banka təqdim edilməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Bu səbəblər işin bütün hallarını nəzərə almaqla barəsində protokol tərtib edilmiş şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirilməlidir. Belə ki, əlİnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə görə, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi bu mövqedən çıxış edərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 19 dekabr 2019-cu il tarixli Qərarında qeyd etmişdir ki, məhkəmələr səlahiyyətli orqan tərəfindən barəsində protokol tərtib edilən şəxsin İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirini dəqiq müəyyən etməlidir. Belə ki, müəyyən malların istehsal olunması və çatdırılması Qaydalar ilə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər, habelə malların gətirilməsi və xidmətlərin göstərilməsi həmin şəxsin iradəsindən asılı olmayan səbəblərdən gecikdirilə bilər (məsələn fors major, qəza, gömrük nəzarəti və baxışının keçirilməsi və s.). Buna görə məhkəmə işin bütün hallarını nəzərə almaqla barəsində protokol tərtib edilmiş şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirə bilər. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır. Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə legitim məqsəd daşımalıdır. Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (Böyük Palatanın Broniowski Polşaya qarşı iş üzrə 2004-cü il 22 iyun, §147-148, 150; Scordino İtaliyaya qarşı iş üzrə 2006-cı il 29 mart, § 93 tarixli Qərarları). Tələb edilən ədalətli balansa nail olmaq üçün müvafiq şəxs fərdi və həddən artıq yükə məruz qalmamalıdır (Böyük Palatanın X3rşı iş üzrə 2016-cı il 13 dekabr tarixli Qərarı, § 115). Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsində göstərilmişdir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 13-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 14-cü maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) zərərli nəticələr verə biləcəyi imkanını qabaqcadan görmüş, lakin kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman etmişdirsə, yaxud bu nəticələrin baş verəcəyini lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görməmişdirsə, bu xəta ehtiyatsızlıqdan törədilmiş xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 42-ci maddəsinin 1-ci bəndinə görə inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslər bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati tənbehləri yalnız xidməti vəzifələrinin icrası zamanı tətbiq edə bilərlər. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə görə inzibati xətanın tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə işin faktiki hallarından çıxış edib bu nəticəyə gəlir ki, Şəxs MMC tərəfindən İnzibati xətanın qəsdən və ehtiyatsızlıqdan törətməsi halları müəyyən olunmadığından iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-nin 109.2-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilir. Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olduğu sübuta yetmədiyindən, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 21, 40, 43, 48- 51, 53, 105.1, 109.2, 128-130-cu maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı m: Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığına görə inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar