Məhkəmə qərarları › İş №3(051)-575/2023

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-575/2023

05.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-575/2023 05.07.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi, Abbasova Gülşən Elxan qızının katibliyi, Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru: Şərifova Ruqiyə Yusif qızının, Tələbkar Quliyeva Gülnisə Adil qızının İcra sənədi üzrə borclu: Quliyev Elşad Ərşad oğlunun iştirakı ilə 18 mart 1984-cü il tarixdə Xankəndi rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Mingəçevir şəhəri, Şəfa Bağ massivi, 7-ci döngə, ev 2 ünvanında qeydiyyatda olan və yaşayan Quliyev Elşad Ərşad oğlunun Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən borclu Quliyev Elşad Ərşad oğlunun barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə verilmişdir ona görə ki, o, Mingəçevir Şəhər Məhkəməsinin 08 may 2023-cü il tarixli 2(051)-1103/2023 saylı icra vərəqəsi üzrə yaranmış 380 manat aliment borcunun ödənilməsini nəzərdə tutan icra sənədinin icrası ilə əlaqədar Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərinə qəsdən tabe olmamış, qətnamənin tələblərinə məhəl qoymayaraq alimentin ödənilməsindən boyun qaçırmış, bununla da aliment borcunu ödəməkdən qəsdən yayınmışdır. Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru məhkəmə iclası zamanı inzibati xəta haqqında protokolun dəlillərini müdafiə edərək izahatında göstərdi ki, Mingəçevir Şəhər Məhkəməsinin 08 may 2023-cü il tarixli 2(051)-1103/2023 saylı qətnaməsinə əsasən 21 avqust 2009-cu il tarixdə doğulmuş Quliyeva Aynur Elşad qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün Quliyev Elşad Ərşad oğlundan hər ay 160 (bir yüz altmış) manat sabit pul məbləğində aliment alınıb tələbkar Quliyeva Gülnisə Adil qızına verilməsi qət edilmişdir. Lakin Quliyev Elşad Ərşad oğluna dəfələrlə bildiriş və xəbərdarlıqlar göndərilməsinə baxmayaraq, o, borclu olduğu aliment məbləğini ödəməkdən yayınmışdır. O səbəbdən də borclu hazırki vaxtadək aliment borcunu ödəməmişdir. Borclunun hazırki vaxta olan aliment borcu 380 manat təşkil edir və onun davranışı o nəticəyə gəlməyə əsas verir ki, o, borcunu qəsdən ödəmir, bundan yayınır və icra məmurunun qanuni tələblərinə qəsdən tabe olmur. Ona görə də hazırki protokolla məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, məhkəmədən borclu haqqında qanuni tədbir görülməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı borclu Quliyev Elşad Ərşad oğlu izahatında göstərdi ki, Mingəçevir Şəhər Məhkəməsinin 08 may 2023-cü il tarixli 2(051)-1103/2023 saylı qanuni qüvvəyə minmiş qətnaməsi ilə 21 avqust 2009-cu il təvəllüdlü qızı Aynurun yetkinlik yaşına çatanadək saxlanılması üçün ondan hər ay 160 (altmış) manat sabit pul məbləğində aliment alınıb tələbkar Quliyeva Gülnisə Adil qızına verilməsi qət edilmişdir. Lakin maddi vəziyyəti aşağı olduğu aliment borcunu ödəyə bilməmişdir. Bununla belə tələbkarla öz aralarında razılığa gəlmiş və borcundan 200 manat məbləği ödəmişdir. Qalan borcunu qısa zamanda ödəyəcəkdir. Odur ki, qərar qəbul edilərkən izahatında göstərdiyi halların nəzərə alınmasını məhkəmədən xahiş edir. Tələbkar Quliyeva Gülnisə Adil qızı məhkəmə iclası zamanı ifadə verərək bildirdi ki, Mingəçevir Şəhər Məhkəməsinin 08 may 2023-cü il tarixli 2(051)-1103/2023 saylı qətnaməsinə əsasən 21 avqust 2009-cu il tarixdə doğulmuş Quliyeva Aynur Elşad qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün Quliyev Elşad Ərşad oğlundan hər ay 160 (altmış) manat sabit pul məbləğində aliment alınıb ona verilməsi qət edilmişdir. Lakin borclu tərəfindən təyin edilmiş aliment ödənilməmişdir. Bununla belə işə məhkəmədə baxılan zaman borclu ilə aralarında razılığa gəlmişdir. Belə ki, borclu məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment borcundan 200 manat məbləğini ödəmiş, qalan borcunu qısa zamanda ödəyəcəyinə dair öhdəlik götürmüşdür. Hesab edir ki, hazırkı vəziyyətdə borcluya vaxt verilməsi işin hallarına daha uyğundur. Odur ki, məhkəmədən izahatında göstərilənlərin nəzərə alınaraq qərar çıxarılmasını xahiş edir. İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin 08 may 2023-cü il tarixli 2(051)-1103/2023 saylı icra vərəqəsindən görünür ki, 21 avqust 2009-cu il tarixdə doğulmuş Quliyeva Aynur Elşad qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün Quliyev Elşad Ərşad oğlundan hər ay 160 (bir yüz altmış) manat sabit pul məbləğində aliment alınıb tələbkar Quliyeva Gülnisə Adil qızına verilməsi qət edilmişdir. İşdə olan 04.07.2023-cü i tarixli MN 1476108 saylı protokoldan görünür ki, Mingəçevir Şəhər Məhkəməsinin 08 may 2023-cü il tarixli 2(051)-1103/2023 saylı icra vərəqi üzrə yaranmış 380 manat məbləğində aliment borcu Quliyev Elşad Ərşad oğlu tərəfindən ödənilmədiyindən, onun barəsində AR İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Beləliklə, borclunun və tələbkarın izahatlarını, işdə olan sənədlər və digər iş materialları ilə borclu Quliyev Elşad Ərşad oğlunun icra sənədini qəsdən və qərəzli olaraq icra etməməsi, qəsdən yayınması və xüsusən icra məmurunun qanuni tələbinə qəsdən tabe olmaması müəyyən olunmur. Borclunun izahatı və iş materialları ilə müəyyən edilir ki, borclu aliment borcunu ödəməkdən qəsdən boyun qaçırmamışdır. Belə ki, borclu aliment borcunu maddi vəziyyəti aşağı olduğundan ödəyə bilməmiş, hazırda isə mövcud aliment borcunun bir hissəsini ödəmiş, qalan borcunu isə yaxın vaxtda ödəyəcəyinə söz verərək, tələbkar ilə razılığa gəlmişlər. Halbuki, Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi borclunun məsuliyyətini icra məmurunun qanuni tələbinə qəsdən tabe olmaması və icra sənədini üzrsüz səbəbdən icra etməməsi ilə şərtləndirmişdir. Hazırki vəziyyətdə isə borclu Quliyev Elşad Ərşad oğlunun əməlində həmin inzibati xətanın tərkibinin olması iş materialları ilə təkzib olunur. Ona görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində borclunun icra məmurunun qanuni tələblərini qəsdən yerinə yetirməməsi müəyyən edilmir. Borclu Quliyev Elşad Ərşad oğlunun əməlində ona istinad olunan inzibati xətanın tərkibi yoxdur. Həmin Məcəlləninin 75–ci maddəsində inzibati xəta törətməkdə şəxsin təqsirli olması inzibati xətalar haqqında işlərin icraatı üzrə sübut edilməli olan hal kimi müəyyən edilmişdir. Həmin Məcəlləninin 3–cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.2–ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3–cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Bu səbəbdən məhkəmə hesab edir ki, borclunun barəsində olan inzibati xəta haqqında işə, əməlində inzibati xəta tərkibinin olmaması əsası ilə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM–in 53.1.2-ci maddəsində göstərilmişdir ki, inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Ona görə də məhkəmə hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməsini qanuni və əsaslı hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 106, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D I: Quliyev Elşad Ərşad oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işin icraatına əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilsin Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar