Məhkəmə qərarları › İş №3(051)-581/2025

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-581/2025

26.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-581/2025 26.08.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Qurbanova Xanım Bəxtiyar qızının katibliyi, Mingəçevir ŞPŞ-nin İTB-nin polis sahə rəisi, X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1968–ci il tarixdə Yevlax rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Mingəçevir Şəhər Məhkəməsinə Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 510 və 535-ci maddəsi ilə inzibati xəta haqqında protokol daxil olmuşdur. Mingəçevir ŞPŞ-nin İTB-nin polis sahə rəisi X2 məhkəmə iclası zamanı öz izahatında bildirdi ki, xx.xx.2025-ci il tarixdə saat 15:00 radələrində ünvan 2 ünvanında Şəxs sərxoş halda səs küy salaraq oğlu ilə mübahisə zamanl nalayiq ifadələr işlətmiş, qonşular mənzildə olan səs-küy səbəbindən polisə şikayət etmişlər. Polis əməkdaşları mənzilə yaxınlaşıb özlərini təqdim edib, nizam-intizama dəvət etmiş, qanuni tələblərə tabe olmağa çağırsalar da, o tabe olmamağa başlamışdır. Həmin şəxs öz əməllərini qərəzli şəkildə davam etdirərək, Polisin qanuni tələblərinə tabe olmamışdır. Bundan sonra o Şöbəyə çağırılmış, ona məlumatlar verilmiş və Şəxs barəsində AR İXM-nın 510 və 535-ci maddələri ilə protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclası zamanı izahatında göstərdi ki, xx.xx.2025-ci il tarixdə saat 15:00 radələrində yaşadığı evdə oğlu ilə mübahisə etmiş, ucadan səs-küy salmış və nalayiq ifadələr işlətmişdir. Belə ki, o, içkili olmuşdur. Polislər onun evinə gəlmişlər. Şöbəyə dəvət edəndə Polislərlə birgə Şöbəyə getmişdir. Odur ki, izahatında göstərilən halların nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə qərardada görə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535-ci maddəsi ilə tərtib olunmuş protokola aidiyyəti üzrə baxılması üçün Mingəçevir Şəhər Məhkəməsinə göndərilmişdir. xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 15:00 radələrində ünvan 2 ünvanında ucadan səs-küy salaraq, nalayiq ifadələr işlətmiş və polisin qanuni tələblərinə tabe olmadığı üçün polis əməkdaşları tərəfindən saxlanılmışdır. xx.xx.2025-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535-ci maddələri ilə nəzərdə tutulmuş polis işçisinin qanuni tələbinə qəsdən tabe olmaması barədə inzibati xətanı törətməkdə təqsirli bilinərək, inzibati xətaların qarşısını almaq məqsədi ilə xx.xx.2025-ci il tarixdə saat 16:40-da inzibati qaydada tutulmuşdur. İşdə olan “Sərxoşluq hallarının bütün növlərinin təyini” məqsədilə aparalmış tibbi müayinəyə dair xx.xx.2025-ci il tarixli 1032 №-li protokoldan görünür ki, Şəxs xəta törədilən zaman sərxoş vəziyyətdə olmuşdur. Məhkəmə, inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda baxaraq, mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, iş üzrə icraat materiallarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 15:00 radələrində ünvan 2 ünvanında ucadan səs-küy salaraq, nalayiq ifadələr işlətmiş və polisin qanuni tələblərinə tabe olmadığı üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və onun əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcuddur. Onun qeyd olunan inzibati xətanı törətməkdə təqsirli olması işdə olan materiallarla, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin xətanın az əhəmiyyətli olmasına görə inzibati xəta törətmiş şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar və onun əməlində inzibati məsuliyyəti istisna edən hallar yoxdur. İnzibati xəta haqqında iş üzrə icraatda tədqiq edilmiş həmin sübutlar qanunda nəzərdə tutulmuş qaydada əldə edilməklə bərabər, inzibati xəta törətmiş şəxsin təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə, həmçinin nəzərə alır ki, inzibati xəta haqqında protokolda inzibati xətaya görə məsuliyyət nəzərdə tutan İXM-in 510-cu maddəsi qeyd edilsə də, xətanın mahiyyətinin nədən ibarət olması, yəni barəsində protokol tərtib edilmiş şəxsin hərəkətlərində həmin maddənin tərkib əlamətlərinin məcmu halında mövcud olması təsvir edilməmişdir. Belə ki, İnzibati xəta haqqında protokolda Şəxs xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətləri öz əksini tapmamışdır. Belə olan halda şəxsin İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi istisna edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə görə, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31-ci maddəsinin tələblərinə görə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdiriən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, Şəxs əməlində məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hal müəyyən edilmədi. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə, inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alaraq, hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 535-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işin icraatına xitam verilməli, lakin Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-in 535-ci maddəsi ilə tərkibi əlamətləri olduğundan, o, həmin maddə üzrə inzibati xəta törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati tənbeh tətbiq edilməlidir. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının 535-ci maddəsinin sanksiyasında müəyyən olunmuş həddə qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və o, həmin Məcəllənin 535.1ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə 150 (bir yüz əlli) manat məbləğində inzibati cərimə edilsin. Qərarın icrası Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar