Məhkəmə qərarları › İş №3(051)-585/2024

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-585/2024

17.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-585/2024 17.10.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi Borclu: Şəxs Tələbkar "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə xx.xx.1961-ci il tarixdə Yevlax rayonu, Balçılı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İXM–in 528.1-1-ci maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Borclu Mustafayev X1 Şəhər Məhkəməsinin 2(051)-77/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədini icra etməsi üçün xəbərdarlıq edilməsinə, həmçinin barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmasına baxmayaraq, həmin qərar qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərinə qəsdən tabe olmamış və eyni icra sənədini təkrar icra etməmişdir. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru məhkəmə iclası zamanı inzibati xəta haqqında protokolun dəlillərini müdafiə edərək izahatında göstərmişdir ki, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-77/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi ilə cavabdeh Şəxs 10247.41 (on min iki yüz qırx yeddi dollar qırx bir sent) ABŞ dolları əsas borc, 10179.77 (on min bir yüz yetmiş doqquz dollar yetmiş yeddi sent) ABŞ dolları faiz borc və 500 (beş yüz) ABŞ dolları cərimə olmaqla, cəmi 20927.18 (iyirmi min doqquz yüz iyirmi yeddi dollar on səkkiz sent) ABŞ dolları kredit borcu, qətnamə icra olunduğu günə olan manat məzənnəsi ilə sənədlərin notariat qaydasında təsdiq edilməsi üçün ödənilmiş 16 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat pul alınıb iddiaçı "xxxx" ASC-yə verilməsi, iş üzrə ekspertiza xərcləri olan 145 (bir yüz qırx beş) manat və 200 (iki yüz) manat cavabdeh Şəxs alınıb dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Lakin borcluya dəfələrlə bildiriş və xəbərdarlıqlar göndərilməsinə baxmayaraq, o, borclu olduğu məbləği ödəməkdən yayınmışdır. Həmçinin Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024cü il tarixli 3(051)-277/2024 saylı qərarı ilə Şəxs AR İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 08 (səkkiz) gün müddətə inzibati qaydada həbs edilmişdir. Borclunun davranışı o nəticəyə gəlməyə əsas verir ki, o, borcunu qəsdən ödəmir, bundan yayınır və inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə inzibati xətanı təkrar törətməklə icra məmurunun tələblərinə qəsdən tabe olmur. Ona görə də hazırki protokolla məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Borclu xx.xx.2024-cü il tarixdə borcundan 1000 USD ödəniş etmişdir. Protokolun dəlillərini müdafiə edir və borclu haqqında qanuni tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı tələbkar "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə göstərdi ki, borclu xx.xx.2024-cü il tarixdə borcundan 1000 USD ödəniş etmişdir. Bununla belə borclu məhkəmə qətnaməsi ilə müəyyən edilmiş məbləği tam ödəmir. Odur ki, məhkəmədən borcun birdəfəyə ödəməsinin təmin edilməsini, əks halda isə borclu haqqında qanuni tədbir görülməsini xahiş edir. Məhkəmə iclası zamanı borclu Şəxs izahatında göstərdi ki, maddi imkanı olmadığından borcunu birdəfəyə ödəməyə imkanı olmamışdır. Bununla belə xx.xx.2024-cü il tarixdə borcundan 1000 USD ödəniş etmişdir. Odur ki, məhkəmədən qərar qəbul edərkən izahatında göstərdiyi diqqətəlayiq halların nəzərə alınmasını xahiş edir. Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuruna məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə isə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmurunun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-77/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs 10247.41 (on min iki yüz qırx yeddi dollar qırx bir sent) ABŞ dolları əsas borc, 10179.77 (on min bir yüz yetmiş doqquz dollar yetmiş yeddi sent) ABŞ dolları faiz borc və 500 (beş yüz) ABŞ dolları cərimə olmaqla, cəmi 20927.18 (iyirmi min doqquz yüz iyirmi yeddi dollar on səkkiz sent) ABŞ dolları kredit borcu, qətnamə icra olunduğu günə olan manat məzənnəsi ilə, sənədlərin notariat qaydasında təsdiq edilməsi üçün ödənilmiş 16 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat pul alınıb iddiaçı "xxxx" ASC-ə verilməsi, iş üzrə ekspertiza xərcləri olan 145 (bir yüz qırx beş) manat və 200 (iki yüz) manat cavabdeh Şəxs alınıb dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. İşdə olan izahatlardan görünür ki, icra orqanı borcludan icra sənədində göstərilən tələbi icra etməyi tələb etmiş, əks halda məsuliyyət daşıyacağı barədə ona xəbərdarlıq edilmişdir. İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(051)-277/2024 saylı qərarından görünür ki, Şəxs AR İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 08 (səkkiz) gün müddətə inzibati qaydada həbs edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli qəbzin surətindən görünür ki, Şəxs borcundan 1000 USD ödəniş etmişdir. Beləliklə, tələbkarın və borclunun izahatları, eləcə də icra işinin materialları ilə müəyyən edilir ki, Mustafayev X1 Şəhər Məhkəməsinin 2(051)-77/2019 saylı, xx.xx.2019cu il tarixli icra sənədinin icrasından qəsdən boyun qaçırmış, barəsində olan inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanı təkrar törətmişdir. Bununla da onun əməlində Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsinin tərkibi vardır. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsində göstərilir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31-ci maddəsinin tələblərinə görə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdiriən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, icra məmuru tərəfindən Şəxs dəfələrlə borclu olduğu məbləği ödəmək barədə xəbərdarlıq edilməsinə baxmayaraq, yenə də borcunu ödəməməsi onun məsuliyyətini ağırlaşdıran haldır. Onun əməlində məsuliyyəti yüngülləşdirən hal müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-in 33.1.1-ci maddəsində səlahiyyətli şəxslərin hüquqazidd hərəkəti dayandırmağı tələb etdiklərinə baxmayaraq, bu hərəkətin davam etdirilməsi məsuliyyəti ağırlaşdıran hal kimi müəyyən olunmuşdur. Ona görə də məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsinin tərkibi vardır və o, həmin maddə üzrə inzibati xəta törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati tənbeh tətbiq edilməlidir. Beləliklə, məhkəmə, inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini, məsuliyyətini ağırlaşdıran halların mövcudluğunu, yüngülləşdirən halların olmamasını nəzərə alaraq, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128- 130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 1000 (bir min) manat məbləğində inzibati cərimə edilsin. Qərarın icrası Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar