Məhkəmə qərarları › İş №3(051)-609/2024

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-609/2024

10.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-609/2024 10.09.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru: X1, İcra sənədi üzrə tələbkar: Zərərçəkmiş şəxs, İcra sənədi üzrə borclu: : Şəxs iştirakı ilə xx.xx.1994-cü il tarixdə Ağdam rayonu, İlxıçı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ağdam rayonu, İlxıçı kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İXM–in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə verilmişdir ona görə ki, Şəki Apellyasiya Məhkəməsinin 2(107)-224/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədinin icrası ilə əlaqədar Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərinə qəsdən tabe olmamış, bununla da borcunu ödəməkdən qəsdən yayınmışdır. Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru məhkəmə iclası zamanı inzibati xəta haqqında protokolun dəlillərini müdafiə edərək izahatında göstərdi ki, Şəki Apellyasiya Məhkəməsinin 2(107)-224/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədi ilə İddiaçı Zərərçəkmiş şəxs xx.xx.2022-ci il təvəllüdlü Mələk adlı qızı ilə hər həftənin şənbə günü saat 11:00-dan 13:00-dək, uşağın doğum günündə 12:00-dan 15:00-dək və Yeni il bayramında 1 gün və Novruz bayramında 1 gün olmaqla, həmin günlər saat 12:00-dan 14:00-dək ünsiyyətdə olmaq hüququ verilmiş və qətnamədə göstərilmiş ünsiyyət ilk 6 (altı) ay ərzində ananın - cavabdeh Şəxs iştirakı ilə müəyyən edilmişdir. Lakin borcluya dəfələrlə bildiriş və xəbərdarlıqlar göndərilməsinə baxmayaraq, o, borclu icra sənədini icra etməkdən yayınmış, maneə yaratmışdır. Bir görüşə uşağın gətirilməməsi səbəbindən bu protokol tərtib edilmişdir. Həmin gün isə uşaq naxoş olmuş və ona dair borclu sənədlər təqdim etmişdir. Hazırki iş rəisdə olmuş növbətçi olduğuna görə onun adı yazılmışdır. Odur ki, borclu haqqında qanuni tədbir görülməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı tələbkar Zərərçəkmiş şəxs izahatında göstərdi ki, ona hasar çəkmək üçün heç bir şərait yaratmır. Qətnamənin icrasına maneələr törədir. Həkimə onun da getməyinə qətiyyən razı olmur. O, ekologiyada çalışır. Qarşı tərəf onu uşaqla dəfələrlə görüşdürməmişdir. 2 dəfə uşağı gətirmədiyi üçün xəbərdarlıq alıb. Bir dəfə polis vasitəsilə gətirilib. xx.xx.2024-cü ildə xx.xx.2024-cü ildə xx.xx.2024-cü ildə uşağı görüşə gətirməmişdir. Gah uşağı gətirir gah da gətirmir. O, övladını vaxtında görə bilmir və uşaq soyumağa başlayır. Onun aliment borcu yoxdur. Odur ki, onun barəsində ciddi tənbeh növü tətbiq edilməsini xahiş edir. Məhkəmə iclası zamanı borclu Şəxs izahatında göstərdi ki, uşağında nitq geriliyi və əsəbilik var. Gəncədən ayda bir dəfə gələn nevroloq var. Ona görə də məcbur qalıb uşağı həmin nevroloqa aparmışdır. Qarşı tərəfə isə vəziyyəti izah etmişdir. Lakin qarşı tərəf bununla razılaşmamış və dəfələrlə şikayət etmişdir. Alimenti əksik ödəyir. Həkimə onlarla getmək istəmir. Uşaq ağlayır və atasını istəmir. Tələbkarın uşaq dərdi yoxdur. Onun fikri başqadır. Tələbkarı bütün sosial şəbəklərdə blok etsə də, o, yenə də facebook sosial şəbəkəsində onun şəkillərini bəyənir və şərh yazır. İş üzrə şahid qismində dindirilmiş X2 məhkəmə iclası zamanı verdiyi ifadəsində göstərmişdir ki, pozuntular ayrı-ayrı aylarda olduğundan qərəzli olduğu deyilə bilməz. Hansı vaxt borclu icranı yerinə yetirə bilməmişsə, əvəzləşdirmək üçün təklif etmişdir. İşdə olan Şəki Apellyasiya Məhkəməsinin 2(107)-224/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədindən görünür ki, iddiaçı Zərərçəkmiş şəxs xx.xx.2022-ci il təvəllüdlü Mələk adlı qızı ilə hər həftənin şənbə günü saat 11:00-dan 13:00-dək, uşağın doğum günündə 12:00-dan 15:00-dək və Yeni il bayramında 1 gün və Novruz bayramında 1 gün olmaqla, həmin günlər saat 12:00-dan 14:00-dək ünsiyyətdə olmaq hüququ verilmiş və qətnamədə göstərilmiş ünsiyyət ilk 6 (altı) ay ərzində ananın - cavabdeh Şəxs iştirakı ilə müəyyən edilmişdir.. Beləliklə, borclunun və tələbkarın izahatları, işdə olan sənədlər və digər iş materialları ilə borclu Şəxs icra sənədini qəsdən və qərəzli olaraq icra etməməsi, qəsdən yayınması və xüsusən icra məmurunun qanuni tələbinə qəsdən tabe olmaması müəyyən olunmur. Borclunun və tələbkarın izahatları və iş materialları ilə müəyyən edilir ki, iddiaçı Zərərçəkmiş şəxs xx.xx.2022-ci il təvəllüdlü Mələk adlı qızı ilə hər həftənin şənbə günü saat 11:00-dan 13:00-dək, uşağın doğum günündə 12:00-dan 15:00-dək və Yeni il bayramında 1 gün və Novruz bayramında 1 gün olmaqla, həmin günlər saat 12:00-dan 14:00-dək ünsiyyətdə olmaq hüququ verilmiş və qətnamədə göstərilmiş ünsiyyət ilk 6 (altı) ay ərzində ananın - cavabdeh Şəxs iştirakı ilə müəyyən edilmişdir. Məhkəmə iclası zamanı icra məmurunun izahatına əsasən protokolun borcunun icra vərəqəsindəki tələbi yalnız bir dəfə yerinə yetirmədiyinə görə tərtib edildiyi aşkar edilmişdir. Həmçinin həmin gün uşağın xəstə olduğu üçün atası ilə görüşə biləcək vəziyyətdə olmamışdır. Halbuki, Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi borclunun məsuliyyətini icra məmurunun tələbinə qəsdən tabe olmaması və icra sənədini üzürsüz səbəbdən icra etməməsi ilə şərtləndirmişdir. Hazırki vəziyyətdə isə borclu Şəxs əməlində həmin inzibati xətanın tərkibinin olması iş materialları ilə təkzib olunur. Ona görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində borclunun icra məmurunun qanuni tələblərini qəsdən yerinə yetirməməsi müəyyən edilmir. Borclu Şəxs əməlində ona istinad olunan inzibati xətanın tərkibi yoxdur. Həmin Məcəlləninin 75–ci maddəsində inzibati xəta törətməkdə şəxsin təqsirli olması inzibati xətalar haqqında işlərin icraatı üzrə sübut edilməli olan hal kimi müəyyən edilmişdir. Həmin Məcəlləninin 3–cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.2–ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3–cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Bu səbəbdən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinə əsasən borclunun barəsində olan inzibati xəta haqqında işə, əməlində inzibati xəta tərkibinin olmaması əsası ilə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM–in 53.1.2-ci maddəsində göstərilmişdir ki, inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Ona görə də məhkəmə hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməsini qanuni və əsaslı hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 106, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1–ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işin icraatına əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar