Məhkəmə qərarları › İş №3(051)-62/2024

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-62/2024

05.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-62/2024 05.03.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi Ağayeva Aynurə Nizami qızının katibliyi Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs: Şəxs, Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru: X2 iştirakı ilə xx.xx.1986-cı il tarixdə Zərdab rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 529.1-ci maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2022-ci il tarixli MN ******* saylı qərarına əsasən Şəxs Azərbaycan Respublikası İXM-in 210.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 5000 (beş min) manat miqdarında inzibati cərimə edilmişdir. Şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2022-ci il tarixli MN ******* saylı qərarını qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində icra etməməsi barədə Mingəçevir şəhər İcra və Probasiya Şöbəsi tərəfindən Azərbaycan Respublikası İXM-in 529.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İnzibati protokola əlavə edilmiş sənədlərdən görünür ki, Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən borclu Şəxs xx.xx.2023-cü il tarixdə icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası haqqında bildirişlər göndərilmiş, lakin borclu heç bir üzrlü səbəb olmadan Səhiyyə Nazirliyinin qərarını icra etməmişdir. Mingəçevir şəhər Məhkəməsinin 3(051)-680/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmiş və himayəsində üç yaşınadək uşağı olduğuna görə həmin Məcəllənin 34-1-ci maddəsinə əsasən 250 (iki yüz əlli) manat məbləğində inzibati cərimə edilmişdir. Sonradan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi apelyasiya şikayəti vermişdir. Şəki Apellyasiya Məhkəməsinin 3(107)- 6/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarına əsasən inzibati xəta haqqında qərar qəbul etmiş səlahiyyətli orqan Azərbaycan Respublikası Səhiyyət Nazirliyi tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, Mingəçevir Şəhər Məhkəməsinin 24 avqust 2023-cü il tarixli, 3(051)-680/2023 nömrəli qərarı ləğv edilmiş və inzibati xəta haqqında iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir. Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X3 məhkəmə iclasında bildirdi ki, iş üzrə borclu Şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2022-ci il tarixli MN ******* saylı qərarına əsasən 5000 manat məbləğində inzibati cərimə ödəməli olduğu halda, heç bir ödəniş etməmiş, nəticədə borclu tərəfindən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməmişdir. Halbuki, borclu Şəxs xx.xx.2023-cü il tarixdə icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası haqqında bildirişlər göndərilmişdir. Ona görə də borclunun barəsində Azərbaycan Respublikası İXM-in 529.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında inzibati protokol tərtib olunmuşdur. Barəsində inzibati xəta protokol tərtib olunmuş Şəxs məhkəmə iclasında bildirdi ki, sözügedən cəriməni maddi imkanı olmadığına görə qanunla müəyyən olunmuş vaxt ərzində ödəyə bilməmişdir. Bundan əlavə, himayəsində xx.xx.2022-ci il tarixdə doğulmuş Narin adlı uşağı vardır. Ona görə də işləyə bilməmişdir. İş materiallarında olan inzibati tənbeh vermə haqqında Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2022-ci il tarixli MN ******* saylı qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-in 210.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 5000 (beş min) manat miqdarında inzibati cərimə edilmişdir. İş materiallarında olan, xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2022-ci il tarixli MN ******* saylı qərarı əsasında verilmiş icra sənədi üzrə icraata başlanmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, Şəxs inzibati cərimə edilməsi barədə qərarın 10 gün müddətində könüllü icrası xahiş edilmiş, əks halda qanunvericilik ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyacağı bildirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli Daşınmaz əmlakın dövlət reyestrindən arayışın surətindən görünür ki, bu arayış Şəxs ondan ötrü verilmişdir ki, Azərbaycan Respublikası üzrə daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində, keçmiş Tİ və MHQ idarələrinin arxiv məlumatlarında, ƏMDK və DTXK tərəfindən təqdim edilmiş elektron bazada məlumat yoxdur. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinə ünvanlanmış 20 iyul 2023-cü il tarixli məktubun surətindən görünür ki, Şəxs hazırda mülkiyyətində olan daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış əmlak aşkar edilməmişdir. İş materiallarında olan "xxxx" QSC-nin Şəxs cavab məktubundan görünür ki, onun "xxxx" QSC-də bank hesabları mövcud deyil. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2022-ci il tarixdə doğulmuşdur. X1, anası Şəxsdır. Məhkəmə, inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda baxaraq, mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, iş üzrə icraat materiallarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2022-ci il tarixli MN ******* saylı qərarı əsasında verilmiş icra sənədi üzrə icraata başlanmış və həmin tarixdə borclu Şəxs tələbin könüllü icrası üçün bildiriş verilmişdir. Borclu verilmiş 10 gün müddət ərzində tələbi icra etməmişdir. Ona görə də borclunun barəsində məcburi icra tədbirləri tətbiq edilmiş, lakin borclunun tələbin yönəldilə biləcəyi əmlakları və bankda hesabı olmadığına görə icra sənədi 3 ay ərzində icra edilməmişdir. Göründüyü kimi borclu İXM-in 529.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı xx.xx.2023-cü il tarixdə törətmişdir. İcra məmuru tərəfindən borclunun barəsində xx.xx.2023-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib edilib məhkəməyə verilmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2022-ci il tarixli MN ******* saylı qərarını qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində icra etməməklə Azərbaycan Respublikası İXM-in 529.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və onun əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcuddur. Onun qeyd olunan inzibati xətanı törətməkdə təqsirli olması özünün etirafı, habelə işdə olan materiallarla, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin xətanın az əhəmiyyətli olmasına görə inzibati xəta törətmiş şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar və onun əməlində inzibati məsuliyyəti istisna edən, həmçinin icraatı rədd edən hallar yoxdur. İnzibati xəta haqqında iş üzrə icraatda tədqiq edilmiş həmin sübutlar qanunda nəzərdə tutulmuş qaydada əldə edilməklə bərabər, inzibati xəta törətmiş şəxsin təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Həmçinin iş materiallarından və əlavə məhkəmə araşdırması zamanı əldə edilmiş sənədlərdən müəyyən olundu ki, barəsində inzibati xəta prtokolu tərib edilmiş Şəxs vergi ödəyicisi deyil, himayəsində xx.xx.2022-ci il təvəllüdlü azyaşlı uşağı olduğu üçün işləmir, adına heç bir daşınar və daşınmaz əmlak müəyyən olunmamışdır. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə görə, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsini qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası İXM-in 529.1–ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş ictimai işlər növündə inzibati tənbeh tədbiri borclu Şəxs münasibətdə tətbiq oluna bilməz. Belə ki, borclunun himayəsində xx.xx.2022ci il tarixdə doğulmuş azyaşlı uşağı vardır. Ona görə də Şəxs İXM-in 34-1-ci maddəsində nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-in 28.4-cü maddəsində imperativ qaydada göstərilmişdir ki, himayəsində üç yaşınadək uşağı olan qadınlara İctimai işlər növündə inzibati tənbeh tədbiri tətbiq oluna bilməz Həmin Məcəllənin 34-1-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətaya görə müəyyən edilmiş sanksiyada nəzərdə tutulmuş ictimai işlər və ya inzibati həbs növündə inzibati tənbehin tətbiq edilməsi bu Məcəllənin 28.4-cü və ya 30.2-ci maddələrinin tələblərinə əsasən mümkün olmadıqda, hakim inzibati xəta törətmiş şəxs barəsində bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş inzibati tənbeh əvəzinə iki yüz manatdan beş yüz manatadək məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edir. Həmin Məcəllənin 31-ci maddəsinin tələblərinə görə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, həmçinin nəzərə alır ki, Şəxs himayəsində azyaşlı uşağının olması məsuliyyətini yüngülləşdirən haldır. Məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmadı. Belə ki, AR İXM-nin 32.1.3-cü maddəsinə əsasən inzibati xətanın hamilə qadın və ya himayəsində azyaşlı uşağı olan qadın tərəfindən törədilməsi inzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti yüngülləşdirən hal hesab edilir. Beləliklə, məhkəmə, inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halın mövcudluğunu nəzərə alaraq, Şəxs barəsində İXM-in 34-1-ci maddəsində nəzərdə tutulmuş həddə cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 40, 43, 48-51, 114, 128- 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və himayəsində üç yaşınadək uşağı olduğuna görə həmin Məcəllənin 34-1-ci maddəsinə əsasən 250 (iki yüz əlli) manat məbləğində inzibati cərimə edilsin. Qərarın icrası Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Məhkəmənin hakimi Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar