Məhkəmə qərarları › İş №3(051)-622/2021

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-622/2021

26.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-622/2021 26.07.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Müdafiəçi-Mingəçevir Şəhər vəkil Bürosunun vəkili Vəkil Mingəçevir ŞPŞ-nin sahə rəisi X1 iştirakı ilə 23.10.1973-cü ildə Mingəçevir şəhərində doğulmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında yaşayan Şəxs Elbrus oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə Mingəçevir şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Mingəçevir şəhər Polis şöbəsi tərəfindən tərtib olunmuş MN № ******* saylı protokoldan görünür ki, Şəxs Elbrus oğlu 23.07.2021-ci il tarixdə saat 18:00 radələrində Mingəçevir şəhəri İslamzadə küçəsində yerləşən icazə əsasında işlətdiyi “Qala” kafesində elektron icazə portalında qeydiyyatdan keçmədən nişan mərasimi təşkil etmişdir. Nəticədə Şəxs Elbrus oğlu tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu səbəbdən də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə protokol tərtib edilərək məhkəməyə verilmişdir. Şəxs Elbrus oğlu məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, Mingəçevir şəhəri İslamzadə küçəsində yerləşən “Qala” kafesini icazə əsasında işlədir. 23.07.2021-ci il tarixdə saat 18:00-da həmin kafedə nişan mərasimi təşkil etmişdir, həmin mərasim 44 nəfər şəxsin iştirakı ilə keçirilirmiş. Şənlik mərasimini keçirməzdən əvvəl Nazirlər Kabinetinin qərarına uyğun olaraq şənlik mərasimlərində karantin rejiminin tələblərinə əməl edilməsinə dair iltizamnaməyə mərasim sahibi X2 ilə birgə imalamışlar. Mərasimin gedişində heç bir karantin rejimi qaydaları pozulmayıb. Mərasimdə iştirak edən şəxslərin saylı 50 nəfərdən az olduğu üçün həmin mərasimi portaldan elektron qeydiyyatdan keçirtməmişdir. Çünki bir neçə gün əvvəl ******* qaynar xəttinə zəng vuraraq 50 nəfərdən az olan şəxsin iştirakı ilə keçirilən mərasimləri elektron icazə portalından qeydiyyatdan keçirilməsinə ehtiyac olmadığını bildirmişlər. Özünü günahsız hesab edir. Məhkəmədən barəsində aparılan inzibati xəta haqqında işə xitam verilməsini xahiş edir. Şəxs Elbrus oğlunun müdafiəçisi (vəkil) Vəkil məhkəmə iclasında məhkəmədən Şəxs Elbrus oğlunun barəsində aparılan inzibati xəta haqqında işə xitam verilməsini xahiş etmişdir. Mingəçevir ŞPŞ-nin sahə rəisi X4 məhkəmə iclası zamanı protokolu müdafiə edərək izahatında göstərmişdir ki, Şəxs Elbrus oğlu 23.07.2021-ci il tarixdə Mingəçevir şəhəri İslamzadə küçəsində yerləşən “Qala” kafesində elektron icazə portalında qeydiyyatdan keçmədən nişan mərasimi təşkil etmişdir. Nişan mərasimi elektron icazə portalında qeydiyyatdan keçmədən təşkil edərək Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Məhkəmədən qərar çıxarərkən izahatında göstərdiyi halları nəzərə almasını xahiş edir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib, işdə olan sənədləri öyrənib sübutlara qiymət verərək aşağıdakılara əsasən hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsində göstərilmişdir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər dörd min manatdan on min manatadək məbləğdə cərimə edilir. İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinin tələbinə görə, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Məhkəmə iş materiallarını və Şəxs Elbrus oğlunun izahatını nəzərdən keçirərkən hesab edir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübuta yetirməyə borclu deyil. Belə olan halda Şəxs Elbrus oğlunun elektron icazə portalından qeydiyyatdan keçmədən nişan mərasimi təşkil etdiyi üçün onun barəsində protokol tərtib edilmişdir. Şəxs Elbrus oğlunun izahatından və protokolda da görünür ki, məclisdə 44 nəfər iştirak etmişdir. Lakin Nazirlər Kabineti yanında Operativ qərargah şənlik mərasimlərinin keçirilməsinə icazə verilməsi haqqında qərarının mənasından isə görünür ki, 50 nəfərə qədər şəxslərin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində iştirak üçün COVİD-19 pasportunun təqdim olunması tələb olunmur və həmin şənlik mərasimlərin məlumatlarının elektron icazə portalına daxil edilməsi nəzərdə tutulmamışdır. Məclis qanuna tam uyğun şəkildə təşkil olunmuş və hər hansı qanun pozuntusuna yol verilməmişdir. Şəxs Elbrus oğlunun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olduğu sübuta yetmir. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə görə inzibati xətanın tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. X3 əməlində inzibati xətanın tərkibi olmadığına görə barəsində olan inzibati işin icraatına xitam verilməlidir. Həmin Məcəllənin 114.2-ci maddəsində göstərilir ki, bu Məcəllənin 53-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Göstərilənlərə əsasən Şəxs Elbrus oğlu barəsində Azərbaycan Republikası İXM-nin 211.1ci maddəsi ilə olan inzibati xəta haqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 21, 40, 43, 48-51, 114, 128-130-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara a l d ı: Şəxs Elbrus oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə olan inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar