Məhkəmə qərarları › İş №3(051)-624/2024

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-624/2024

18.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-624/2024 18.10.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi, Abbasova Gülşən Elxan qızının katibliyi, Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru: X2 Tələbkar Zərərçəkmiş şəxs, Borclu Şəxs iştirakı ilə xx.xx.1983-cü il tarixdə Yevlax rayonu, Havarlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Yevlax rayonu, Havarlı kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə verilmişdir ona görə ki, o, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(051)-1370/2020 saylı icra vərəqəsi üzrə yaranmış 5567 manat aliment borcunun ödənilməsini nəzərdə tutan icra sənədinin icrası ilə əlaqədar Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərinə qəsdən tabe olmamış, qətnamənin tələblərinə məhəl qoymayaraq alimentin ödənilməsindən boyun qaçırmış, bununla da aliment borcunu ödəməkdən qəsdən yayınmışdır. Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru məhkəmə iclası zamanı inzibati xəta haqqında protokolun dəlillərini müdafiə edərək izahatında göstərdi ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(051)-1370/2020 saylı qətnaməsinə əsasən Şəxs xx.xx.2020-ci il tarixdən başlayaraq, xx.xx.2013-cü il təvəllüdlü X5, xx.xx.2007-ci il təvəllüdlü X6 və xx.xx.2008-ci il təvəllüdlü X7 adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa 110 manat, cəmi 330 manat məbləğində aliment tutulub X3 verilməsi qət edilmişdir. Lakin Şəxs dəfələrlə bildiriş və xəbərdarlıqlar göndərilməsinə baxmayaraq, o, borclu olduğu aliment məbləğini ödəməkdən yayınmışdır. Onun davranışı o nəticəyə gəlməyə əsas verir ki, o, borcunu qəsdən ödəmir, bundan yayınır və icra məmurunun qanuni tələblərinə qəsdən tabe olmur. Ona görə də hazırki protokolla məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bununla belə borclu tərəfindən ödəniləcək olan 5567 manat aliment borcundan 4000 manat ödəniş edilmişdir. Odur ki, məhkəmədən borclu haqqında qanuni tədbir görülməsini xahiş edir. Məhkəmə iclası zamanı borclu Şəxs izahatında göstərdi ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(051)-1370/2020 saylı icra vərəqəsi üzrə 5567 manat aliment borcu yaranmışdır. O, aliment pulunu poçt vasitəsilə göndərirdi. Övladı bildirdi ki, həmin pulu poçt vasitəsilə almaqda çətinlik çəkirlər və 600 manat məbləğində alimentin əlbəəl ödənilməsini istəmişdir. Bu səbəbdən o, hər ay alimenti övladına əlbəəl ödəmiş, lakin ödəniş barədə heç bir qəbz almamışdır. Bununla belə xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə 4000 manat ödəniş etmişdir. Odur ki, qərar qəbul edilərkən izahatında göstərdiyi halların nəzərə alınmasını məhkəmədən xahiş edir. Tələbkar Zərərçəkmiş şəxs məhkəmə iclası zamanı izahatında göstərdi ki, borclunun Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(051)-1370/2020 saylı icra vərəqəsi üzrə 5567 manat aliment borcu yaranmışdır. Borclu tərəfindən mövcud borcundan 4000 manat ödəniş edilmişdir. Odur ki, məhkəmədən izahatında göstərilənlərin nəzərə alınaraq qərar çıxarılmasını xahiş edir. İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(051)-1370/2020 saylı icra vərəqəsindən görünür ki, iddia tələbi qismən təmin edilmiş, X4 ilə Şəxs arasında Yevlax Şəhər İHB-nin Havarlı kənd İƏD üzrə nümayəndəliyində 25 iyun 2006-cı il tarixdə 24 nömrə ilə qeydə alınmış nikah pozulması, tərəflərin birgə nikahından olan xx.xx.2013cü il təvəllüdlü X5, xx.xx.2007-ci il təvəllüdlü X6 və xx.xx.2008-ci il təvəllüdlü X7 adlı uşaqlar iddiaçı X1 yanında qalması, Şəxs xx.xx.2020-ci il tarixdən başlayaraq, xx.xx.2013cü il təvəllüdlü X5, xx.xx.2007-ci il təvəllüdlü X6 və xx.xx.2008-ci il təvəllüdlü X7 adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa 110 manat, cəmi 330 manat məbləğində aliment tutulub X3 verilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli MN ******* saylı protokoldan görünür ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(051)-1370/2020 saylı icra vərəqəsi üzrə yaranmış 5567 manat məbləğində borc Şəxs tərəfindən ödənilmədiyindən, onun barəsində AR İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, tələbkar Zərərçəkmiş şəxs məhkəmə zalından Şəxs 2000 (iki min) manat məbləğində aliment pulu qəbul etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, tələbkar Zərərçəkmiş şəxs məhkəmə zalında Şəxs 2000 (iki min) manat məbləğində aliment pulunu almışdır. Beləliklə, borclunun və tələbkarın izahatlarını, işdə olan sənədlər və digər iş materialları ilə borclu Şəxs icra sənədini qəsdən və qərəzli olaraq icra etməməsi, qəsdən yayınması və xüsusən icra məmurunun qanuni tələbinə qəsdən tabe olmaması müəyyən olunmur. Borclunun izahatı və iş materialları ilə müəyyən edilir ki, borclu borcunu ödəməkdən qəsdən boyun qaçırmamışdır. Belə ki, borclu hazırda mövcud borcundan 4000 manat ödəniş etmişdir. Halbuki, Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi borclunun məsuliyyətini icra məmurunun tələbinə qəsdən tabe olmaması və icra sənədini üzrsüz səbəbdən icra etməməsi ilə şərtləndirmişdir. Hazırki vəziyyətdə isə borclu Şəxs əməlində həmin inzibati xətanın tərkibinin olması iş materialları ilə təkzib olunur. Ona görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində borclunun icra məmurunun qanuni tələblərini qəsdən yerinə yetirməməsi müəyyən edilmir. Borclu Şəxs əməlində ona istinad olunan inzibati xətanın tərkibi yoxdur. Həmin Məcəlləninin 75–ci maddəsində inzibati xəta törətməkdə şəxsin təqsirli olması inzibati xətalar haqqında işlərin icraatı üzrə sübut edilməli olan hal kimi müəyyən edilmişdir. Həmin Məcəlləninin 3–cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.2–ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3–cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Bu səbəbdən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinə əsasən borclunun barəsində olan inzibati xəta haqqında işə, əməlində inzibati xəta tərkibinin olmaması əsası ilə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM–in 53.1.2-ci maddəsində göstərilmişdir ki, inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Ona görə də məhkəmə hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməsini qanuni və əsaslı hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 106, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işin icraatına əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar