Məhkəmə qərarları › İş №3(051)-627/2023

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-627/2023

31.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-627/2023 31.08.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi ilə X4 Mingəçevir Şəhəri Yol Patrul Xidmətinin vəzifəli şəxsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati cərimə edilməsinə dair xx.xx.2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından, barəsində qərar çıxarılmış şəxs tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Mingəçevir Şəhəri Yol Patrul Xidmətinin vəzifəli şəxsinin xx.xx.2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 40 (qırx) manat məbləğində inzibati cərimə edilmişdir. Barəsində qərar çıxarılmış X1 Şəhəri Yol Patrul Xidmətinin vəzifəli şəxsinin xx.xx.2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, xx.xx.2023-cü il tarixdə saat 08 radələrində idarə etdiyi “Porsche Cayenne” markalı 10ZY888 dövlət qeydiyyat nişanlı avtomobil ilə Mingəçevir şəhərində “Kənar yol” adlanan ərazidə hərəkətdə olarkən polis əməkdaşı onu saxlayıb guya ötmə hərəkətini yerinə yetirən zaman xəttin tələblərini pozduğunu bildirmişdir. Lakin inspektor hər hansı bir hüququnu izah etmədən və qayda pozuntusu etməyi barədə sübut təqdim edə bilməyərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar çıxarmışdır. O, heç bir xəta etmədiyini bildirməyinə baxmayaraq inspektor ona inzibati protokol təqdim etmədən və hüquqlarını izah etmədən qərar çıxarmışdır. Hesab edir ki, hər hansı bir qayda pozuntusu etmədiyi halda barəsində əsassız və sübutsuz inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Odur ki, məhkəmədən Mingəçevir Şəhəri Yol Patrul Xidmətinin vəzifəli şəxsinin xx.xx.2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Barəsində qərar çıxarılmış X5 və qərarı barəsində şikayət verilmiş Mingəçevir şəhər Polis Şöbəsinin səlahiyyətli nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, barəsində qərar çıxarılmış şəxs və qərarı barəsində şikayət verilmiş vəzifəli şəxin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verilməmişlər. Məhkəmə işə barəsində qərar çıxarılmış X4 və qərarı barəsində şikayət verilmiş vəzifəli şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə barəsində qərar çıxarılmış şəxsin şikayət ərizəsini, həmçinin iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 40 (qırx) manat məbləğində inzibati cərimə edilməsi haqqında Mingəçevir Şəhəri Yol Patrul Xidmətinin xx.xx.2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayət təmin edilməməli, qərar isə dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Belə ki, işdə olan xx.xx.2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X6 Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 40 manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə iş üzrə olan materiallar əsasında baxaraq, qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını yoxlayaraq müəyyən etdi ki, Mingəçevir Şəhəri Yol Patrul Xidmətinin vəzifəli şəxsi X6 barəsində xx.xx.2023-cü il tarixli İXP5473134 nömrəli protokol əsasında Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. X6 idarə etdiyi “Porsche Cayenne” markalı 10ZY888 dövlət qeydiyyat nişanlı avtomobil ilə ötmə hərəkətini yerinə yetirən zaman yol xəttinin tələblərini pozması ilə bağlı yol patrul xidmətinin əməkdaşının hər hansı bir qayda pozuntusu etməyi barədə sübut təqdim etməyərək onun barəsində qərar qəbul etdiyini bildirsə də, şikayət verən şəxsin istinad etdiyi dəlillər məhkəmə iclasında öz təsdiqini tapmamış, həmçinin şikayətçi həmin hallara dair məhkəməyə əsaslı sübutlar təqdim etməmişdir. X2 idarə etdiyi “Porsche Cayenne” markalı 10ZY888 dövlət qeydiyyat nişanlı avtomobil ilə ötmə hərəkətini yerinə yetirən zaman xəttin tələblərini pozmasını istisna edən hallara dair hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmiş, işdə olan və məhkəmə iclasında tədqiq edilən sənədlər isə onun qərarda göstərilən inzibati xətanı törətməsini təsdiq etmişdir. Ona görə də X4 barəsində inzibati xəta haqqında protokol tərtib edilməklə inzibati xəta haqqında qərar verilmişdir. Həmin xətanın az əhəmiyyətli olmasına görə inzibati xəta törətmiş şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar və onun əməlində inzibati məsuliyyəti istisna edən hallar yoxdur. İnzibati xəta haqqında iş üzrə icraatda tədqiq edilmiş həmin sübutlar qanunda nəzərdə tutulmuş qaydada əldə edilməklə bərabər, inzibati xəta törətmiş şəxs X4 təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Belə ki, Azərbaycan Respublikası İXM–in 114.1.1–ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Həmin Məcəllənin 124.2–ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Həmin Məcəllənin 124.4–cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Həmin Məcəllənin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə qırx manat məbləğində cərimə edilir. Məhkəmə, şikayətin dəlilərini araşdırarkən, həmçinin müəyyən etdi ki, vəzifəli şəxsin gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmış, həmin nəticələr işin faktiki hallarına uyğundur, iş üçün əhəmiyyəti olan hallar sübuta yetirilmiş və inzibati məsuliyyəti müəyyən edən qanunun norması düzgün tətbiq edilmişdir. Bu da o nəticəyə gəlməyə əsas verir ki, qərarı barəsində şikayət verilmiş vəzifəli şəxs inzibati xəta haqqında işə baxarkən, İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl etmişdir. Eləcə də, barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxsin iş üzrə icraat zamanı təsbit edilmiş hüquqlarının həyata keçirilməsinə kifayət qədər imkan yaradılmışdır. Odur ki, məhkəmə verilmiş şikayətə iş üzrə olan materiallar əsasında baxaraq, qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını yoxlayaraq, işin müəyyən olunmuş hallarına əsasən belə nəticəyə gəlir ki, Mingəçevir Şəhəri Yol Patrul Xidmətinin vəzifəli şəxsinin, X4 Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsi əsasında inzibati cərimə edilməsinə dair xx.xx.2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı əsaslıdır və qanuna uyğun şəkildə qəbul edilmişdir. Bu səbəbdən X4 şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1–ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərarlardan biri qəbul edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 120–126 və 133–136–cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şikayət təmin edilməsin. Mingəçevir Şəhəri Yol Patrul Xidmətinin vəzifəli şəxsinin, X4 Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsi əsasında inzibati cərimə edilməsinə dair xx.xx.2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlansın. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar