Məhkəmə qərarları › İş №3(051)-645/2021

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-645/2021

05.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-645/2021 05.08.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızı, Məhkəmə iclas katibi X1, İcra və Probasiya şöbəsinin icra məmuru X6, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, zərərçəkmiş şəxs X2 iştiraki ilə, xx.xx.1974-cü ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Mingəçevir şəhər İcra və Probasiya şöbəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında materiala baxaraq Müəyyən e t d i m: Mingəçevir şəhər məhkəməsinin 2(051)-2447/2019 №li 11.12.2019-cu il tarixli icra sənədi üzrə yaranmış 928 manat aliment borcunu ödəmədiyinə görə Şəxs barəsində Mingəçevir şəhər icra və probasiya şöbəsi tərəfindən Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, Mingəçevir şəhər məhkəməsinin 2 (051)-2447/2019 №li 11.12.2019-cu il tarixli icra sənədinə əsasən ondan 15.09.2003-cü il təvəllüdlü Pərvinə, 04.08.2005-ci il təvəllüdlü Rəvan adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa 120 manat, cəmi 240 manat məbləğində aliment tutulub X7 verilməlidir. O, uşaqlarını saxlamaqdan, alimenti ödəməkdən boyun qaçırmır. Lakin maddi imkanı olmadığına görə alimenti tam alaraq vaxtı-vaxtında ödəyə bilməmiş, borcu yaranmışdır. Daimi iş yeri yoxdur. Ayrı-ayrı adamların evində, iş olanda usta yanında fəhlə işləyir, aldığı əmək haqqı ilə də alimenti ödəyir. Daimi iş yeri olsa alimentin əmək haqqına yönəldilməsinə xahiş edər. Ancaq iş yeri tapa bilmir. Mülkiyyətində də elə bir əmlak yoxdur ki, onu satıb alimenti ödəsin. 928 manat aliment borcu yaranmışdır. Hazırda tələbkarın qardaşından 200 manat borc alıb gətirmişdir ki, həmin borcdan da ödəsin. Borcu tam şəkildə ödəməyə maddi imkanı yoxdur, hissə-hissə ödəyəcəkdir. O, uşaqlarına baxmaqdan, icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən boyun qaçırmır. Zərərçəkmiş şəxs X4 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, Mingəçevir şəhər məhkəməsinin 2(051)-2447/2019 №li 11.12.2019-cu il tarixli icra sənədinə əsasən Şəxs 15.09.2003-cü il təvəllüdlü Pərvinə və 04.08.2005-ci il təvəllüdlü Rəvan adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa 120 manat, cəmi 240 manat məbləğində alimentin tutulub ona verilməsi qət edilmişdir. O, uşaqları saxlamaqda çətinlik çəkir, uşaqların tələbatını ödəyə bilmir. Şəxs isə alimenti vaxtında, tam ödəməmiş, nəticədə 928 manat aliment borcu yaranmışdır. Hazırda borclu aliment borcundan 200 manat ödəyir. Ancaq o, alimentin tam ödənilməsini tələb edir. Mingəçevir şəhər İcra və Probasiya şöbəsinin icra məmuru X6 məhkəmə iclasında bildirdi ki, Mingəçevir şəhər məhkəməsinin 2(051)-2447/2019 №li 11.12.2019-cu il tarixli icra sənədinə əsasən Şəxs 15.09.2003-cü il təvəllüdlü Pərvinə və 04.08.2005-ci il təvəllüdlü Rəvan adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa 120 manat, cəmi 240 manat məbləğində alimentin tutulub tələbkar X3 verilməlidir. Lakin Şəxs alimenti vaxtında və tam ödəmədiyinə görə onun 928 manat borcu yaranmışdır. Şəxs daimi iş yeri və ya mülkiyyətində elə bir əşya yoxdur ki, borc ona yönəldilsin. Ona görə də barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Onu da bildirir ki, Şəxs Qarabağ müharibəsi iştirakçısıdır, veteran kimi müavinət alır, aliment onun aldığı həmin müavinətin 70 faizinə yönəldilmişdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İXM-nin 528-1-ci maddəsinin mənasına görə məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət yaranır. Lakin məhkəmə iclasında Şəxs icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməməsi, icra sənədini üzrsüz səbəbdən icra etməməsi müəyyən edilmədi. Azərbaycan Respublikasının İXM-nin 109.2-ci maddəsində göstərilir ki, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilir. İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, Şəxs 928 manat aliment borcu ilə bağlı inzibati xətanın tərkibi olmadığına görə iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 128-130-ci maddələrini rəhbər tutaraq Qərara aldım: Şəxs 928 manat aliment borcu ilə bağlı inzibati xətanın tərkibi olmadığına görə barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın sürəti rəsmi qaydada verdiyi gündən 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar