Məhkəmə qərarları › İş №3(051)-647/2023

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-647/2023

24.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-647/2023 24.08.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi, Abbasova Gülşən Elxan qızının katibliyi, Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru: Hacıməmmədov Sənan Mülkağa oğlunun, Tələbkar Zərərçəkmiş şəxs, Borclu Şəxs iştirakı ilə xx.xx.1992-ci il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə verilmişdir ona görə ki, o, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(051)-1827/2022 saylı icra vərəqəsi üzrə yaranmış 921 manat borcun ödənilməsini nəzərdə tutan icra sənədinin icrası ilə əlaqədar Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərinə qəsdən tabe olmamış, qətnamənin tələblərinə məhəl qoymayaraq alimentin ödənilməsindən boyun qaçırmış, bununla da aliment borcunu ödəməkdən qəsdən yayınmışdır. Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru məhkəmə iclası zamanı inzibati xəta haqqında protokolun dəlillərini müdafiə edərək izahatında göstərdi ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(051)-1827/2022 saylı qətnaməsinə əsasən Şəxs 891 manat pul və dövlət rüsumu kimi ödənilmiş 30 manat pul alınıb tələbkar Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Lakin Şəxs dəfələrlə bildiriş və xəbərdarlıqlar göndərilməsinə baxmayaraq, o, borcunu ödəməkdən yayınmışdır. Onun davranışı o nəticəyə gəlməyə əsas verir ki, o, borcunu qəsdən ödəmir, bundan yayınır və icra məmurunun qanuni tələblərinə qəsdən tabe olmur. Ona görə də hazırki protokolla məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bununla belə borclu tərəfindən mövcud borcundan əvvəl 300 manat, işə məhkəmədə baxılan zaman isə 200 manat olmaqla, ümumilikdə 500 manat ödəniş edilmişdir. Odur ki, məhkəmədən borclu haqqında qanuni tədbir görülməsini xahiş edir. Məhkəmə iclası zamanı borclu Şəxs izahatında göstərdi ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(051)-1827/2022 saylı qanuni qüvvəyə minmiş qətnaməsi ilə ondan 891 manat pul və dövlət rüsumu kimi ödənilmiş 30 manat pul alınıb tələbkar Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Həmin borcdan 300 manatını tələbkara əlbəəl ödəmişdir. Lakin maddi imkanı olmadığı üçün borcunu bir dəfəyə ödəyə bilmir. Belə ki, əvvəllər işləmirdi və maddi cəhətdən çətinlik çəkirdi, ona görə də borcunu ödəmək imkanına malik deyildi. Bununla belə tələbkara olan borcundan hazırda 200 manat da ödəniş etmişdir. Qalan borcunu da iki ay ərzində iki dəfəyə ödəyəcəkdir. Odur ki, qərar qəbul edilərkən izahatında göstərdiyi halların nəzərə alınmasını məhkəmədən xahiş edir. Tələbkar Zərərçəkmiş şəxs məhkəmə iclası zamanı ifadə verərək bildirdi ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(051)-1827/2022 saylı qətnaməsinə əsasən Şəxs 891 manat pul və dövlət rüsumu kimi ödənilmiş 30 manat pul alınıb ona verilməsi qət edilmişdir. Borclu tərəfindən mövcud borcundan əvvəl 300 manat, işə məhkəmədə baxılan zaman isə 200 manat da ödəniş edilmişdir. Ümumilikdə borclu ona olan borcundan 500 manat ödəniş etmiş, qalan borcunu da iki ay ərzində iki dəfəyə ödəməsinə razıdır. Odur ki, məhkəmədən izahatında göstərilənlərin nəzərə alınaraq qərar çıxarılmasını xahiş edir. İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(051)-1827/2022 saylı icra vərəqəsindən görünür ki, Şəxs 891 manat pul və dövlət rüsumu kimi ödənilmiş 30 manat pul alınıb tələbkar Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İşdə olan xx.xx.2023-cü i tarixli MN ******* saylı protokoldan görünür ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(051)-1827/2022 saylı icra vərəqi üzrə yaranmış 921 manat məbləğində borc Şəxs tərəfindən ödənilmədiyindən, onun barəsində AR İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli qəbzin surətindən görünür ki, tələbkar Zərərçəkmiş şəxs ona çatası olan pul tələbi üzrə 300 manat məbləği qəbul etmişdir. Həmin məbləği Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X1 təhvil vermişdir. İşdə olan xx.xx.2023-cü il tarixli qəbzin surətindən görünür ki, tələbkar Zərərçəkmiş şəxs ona çatacaq pul tələbi üzrə 200 manat məbləği borclu Şəxs qəbul etmişdir. Beləliklə, borclunun və tələbkarın izahatlarını, işdə olan sənədlər və digər iş materialları ilə borclu Şəxs icra sənədini qəsdən və qərəzli olaraq icra etməməsi, qəsdən yayınması və xüsusən icra məmurunun qanuni tələbinə qəsdən tabe olmaması müəyyən olunmur. Borclunun izahatı və iş materialları ilə müəyyən edilir ki, borclu borcunu ödəməkdən qəsdən boyun qaçırmamışdır. Belə ki, borclu borcunu maddi imkanı olmadığı üçün ödəyə bilməmiş, hazırda isə mövcud borcundan 200 manat, ümumilikdə 500 manat ödəniş etmişdir. Halbuki, Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi borclunun məsuliyyətini icra məmurunun tələbinə qəsdən tabe olmaması və icra sənədini üzrsüz səbəbdən icra etməməsi ilə şərtləndirmişdir. Hazırki vəziyyətdə isə borclu Şəxs əməlində həmin inzibati xətanın tərkibinin olması iş materialları ilə təkzib olunur. Ona görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində borclunun icra məmurunun qanuni tələblərini qəsdən yerinə yetirməməsi müəyyən edilmir. Borclu Şəxs əməlində ona istinad olunan inzibati xətanın tərkibi yoxdur. Həmin Məcəlləninin 75–ci maddəsində inzibati xəta törətməkdə şəxsin təqsirli olması inzibati xətalar haqqında işlərin icraatı üzrə sübut edilməli olan hal kimi müəyyən edilmişdir. Həmin Məcəlləninin 3–cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.2–ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3–cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Bu səbəbdən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinə əsasən borclunun barəsində olan inzibati xəta haqqında işə, əməlində inzibati xəta tərkibinin olmaması əsası ilə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM–in 53.1.2-ci maddəsində göstərilmişdir ki, inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Ona görə də məhkəmə hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməsini qanuni və əsaslı hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 106, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işin icraatına xitam verilsin Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar