Məhkəmə qərarları › İş №3(051)-652/2024

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-652/2024

04.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-652/2024 04.10.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi Borclu: Şəxs Tələbkar: Zərərçəkmiş şəxs Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru: X5 iştirakı ilə xx.xx.1985-ci il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, evli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İXM–in 528.1-1-ci maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Borclu Şəxs Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 06 avqust 2021-ci il tarixli 2(007)-3459/2021 saylı icra sənədi üzrə 14040 manat məbləğində aliment borcunun ödənilməsi üçün xəbərdarlıq edilməsinə, həmçinin barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmasına baxmayaraq, həmin qərar qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərinə qəsdən tabe olmamış və eyni icra sənədini üzrsüz səbəbdən təkrar icra etməmişdir. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X7 məhkəmə iclası zamanı inzibati xəta haqqında protokolun dəlillərini müdafiə edərək izahatında göstərdi ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 06 avqust 2021-ci il tarixli icra sənədi ilə mübahisə məhkəmədə həll olunana və qətnamə çıxarılanadək, Şəxs 16 sentyabr 2011-ci il təvəllüdlü X2, 09 may 2013-cü il təvəllüdlü X3 və 28 may 2014-cü il təvəllüdlü X1 üçün, 29 iyun 2021-ci il tarixdən başlayaraq, hər ay hər uşaq üçün 120 manat olmaqla, cəmi 360 manat sabit pul məbləğində aliment tutulub Zərərçəkmiş şəxs verilməsi qərara alınmışdır. Lakin Şəxs dəfələrlə bildiriş və xəbərdarlıqlar göndərilməsinə baxmayaraq, o, borclu olduğu aliment məbləğini ödəməkdən yayınmışdır. Borclu bir neçə dəfə icra şöbəsinə dəvət edilərək borcunu ödəməsi tələb olunmuş, lakin hazırki vaxtadək borclu aliment borcunu ödəməmişdir. Şəxs hazırki vaxta olan aliment borcu 14040 manat təşkil edir və onun davranışı o nəticəyə gəlməyə əsas verir ki, o, borcunu qəsdən ödəmir, bundan yayınır və icra məmurunun tələblərinə qəsdən tabe olmur. Ona görə də hazırki protokolla məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Protokolun dəlillərini müdafiə edir və borclu haqqında qanuni tədbir görülməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı tələbkar Zərərçəkmiş şəxs göstərdi ki, borclu məhkəmə qərarı ilə müəyyən edilmiş alimenti ödəmir. Nəticədə, borclunun 14040 manat məbləğində aliment borcu yaranmışdır. Borclunun barəsində iki dəfə cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsə də, borclu yenə də aliment borcunu ödəməkdən yayınmışdır. Göründüyü kimi cərimə növündə inzibati tənbeh tədbirinin borcluya islah təsiri olmamışdır. Ona görə də onun barəsində daha ciddi inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Odur ki, məhkəmədən borcun birdəfəyə ödəməsinin təmin edilməsini, əks halda isə borclunun inzibati qaydada həbs edilməsini xahiş edir. Məhkəmə iclası zamanı borclu Şəxs izahatında göstərdi ki, həqiqətən, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 06 avqust 2021-ci il tarixli icra sənədi ilə mübahisə məhkəmədə həll olunana və qətnamə çıxarılanadək, ondan 16 sentyabr 2011-ci il təvəllüdlü X2, 09 may 2013-cü il təvəllüdlü X3 və 28 may 2014-cü il təvəllüdlü X1 üçün, 29 iyun 2021-ci il tarixdən başlayaraq, hər ay hər uşaq üçün 120 manat olmaqla, cəmi 360 manat sabit pul məbləğində aliment tutulub Zərərçəkmiş şəxs verilməsi qərara alınmışdır. Lakin maddi imkanı olmadığından borcunu birdəfəyə ödəməyə imkanı olmamışdır. Ona görə də aliment borcu yığılmışdır. O, ali təhsilli ingilis dili müəlliməsidir. Hazırda işə düzəlmək üçün müraciət etmiş, lakin münasib iş olmadığına görə işlə təmin edilməmişdir. Ona görə də maddi cəhətdən çətinlik çəkir və alimenti ödəyə bilmir. Eləcə də, həmin iş üzrə qəbul olunmuş qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə ləğv edilmişdir. Hazırda əməlindən peşmandır. Lakin onun maddi imkanı olmadığına görə aliment borcundan ödəniş edə bilmir. Odur ki, məhkəmədən qərar qəbul edərkən izahatında göstərdiyi diqqətəlayiq halların nəzərə alınmasını xahiş edir. İşdə olan Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 06 avqust 2021-ci il tarixli icra vərəqəsindən görünür ki, mübahisə məhkəmədə həll olunana və qətnamə çıxarılanadək, Şəxs 16 sentyabr 2011-ci il təvəllüdlü X2, 09 may 2013-cü il təvəllüdlü X3 və 28 may 2014-cü il təvəllüdlü X1 üçün, 29 iyun 2021-ci il tarixdən başlayaraq, hər ay hər uşaq üçün 120 manat olmaqla, cəmi 360 manat sabit pul məbləğində aliment tutulub Zərərçəkmiş şəxs verilməsi qərara alınmışdır. İşdə olan izahatlardan görünür ki, icra orqanı borcludan icra sənədində göstərilən tələbi icra etməyi tələb etmiş, əks halda məsuliyyət daşıyacağı barədə ona xəbərdarlıq edilmişdir. İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin 3(051)-755/2021 saylı xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Şəxs əməlində inzibati xəta tərkibi olmaması əsası ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1–ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilməsi qərara alınmışdır. İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin 3(051)-9/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilməsi qərara alınmışdır. İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin 3(051)-894/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilməsi qərara alınmışdır. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-2365/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından görünür ki, iddiaçı Şəxs tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-276/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi, işin yeni apelyasiya baxışına qaytarılması qərara alınmışdır. Beləliklə, icra orqanının nümayəndəsinin, tələbkarın və borclunun izahatları, eləcə də icra işinin materialları ilə müəyyən edilir ki, Şəxs mübahisə məhkəmədə həll olunana və qətnamə çıxarılanadək Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 06 avqust 2021-ci il tarixli 2(007)-3459/2021-ci il tarixli qərardadı əsasında verilmiş icra sənədinin icrasından qəsdən boyun qaçırmış, barəsində olan inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanı təkrar törətmişdir. Bununla da onun əməlində Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsinin tərkibi vardır. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsində göstərilir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31-ci maddəsinin tələblərinə görə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdiriən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs səmimi peşmanlıq keçirməsini, qadın olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, həmçinin hesab edir ki, icra məmuru tərəfindən Şəxs dəfələrlə aliment öhdəliyini ödəmək barədə xəbərdarlıq edilməsinə baxmayaraq, yenə də alimenti ödəməməsi onun məsuliyyətini ağırlaşdıran haldır. Azərbaycan Respublikası İXM-in 32.1.1-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən, inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı məsuliyyəti yüngülləşdirən hal hesab edilir. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1-32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Həmin Məcəllənin 33.1.1-ci maddəsində səlahiyyətli şəxslərin hüquqazidd hərəkəti dayandırmağı tələb etdiklərinə baxmayaraq, bu hərəkətin davam etdirilməsi məsuliyyəti ağırlaşdıran hal kimi müəyyən olunmuşdur. Ona görə də məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsinin tərkibi vardır və o, həmin maddə üzrə inzibati xəta törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə, inzibati tənbeh tətbiq edərkən nəzərə alır ki, Şəxs 16 sentyabr 2011-ci il tarixdə doğulmuş Cəmilə, 09 may 2013-cü il tarixdə doğulmuş İnci və 28 may 2014-cü il tarixdə doğulmuş Emil adlı uşaqların nikah pozulduqdan sonra atanın yanında qalmasına dair yekun məhkəmə aktı çıxarılsa da, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qərarı ilə iddiaçı Şəxs tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 276/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilməsi və işin yeni apelyasiya baxışına qaytarılması qərara alınmışdır. Ona görə də Şəxs hazırda da himayəsində on dörd yaşınadək uşağı olan qadın hesab edilir. Belə olan halda inzibati xəta törətmiş Şəxs barəsində həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi istisna olunur. Məhkəmə öz qənaətini onunla əsaslandırır ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 06 avqust 2021-ci il tarixli qərardadı ilə mübahisə məhkəmədə həll olunana və qətnamə çıxarılanadək, Şəxs 16 sentyabr 2011-ci il tarixdə doğulmuş Cəmilə, 09 may 2013-cü il tarixdə doğulmuş İnci və 28 may 2014-cü il tarixdə doğulmuş Emil adlı uşaqların saxlanılması üçün, 29 iyun 2021-ci il tarixdən başlayaraq, alimentin tutulub tələbkara verilməsi qərara alınsa da, uşaqların hazırda tələbkarın yanında qalması və borclu Şəxs həmin uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün aliment vermək öhdəliyinin olmasına dair yekun məhkəmə qətnaməsi çıxarılsa da, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qərarı ilə iddiaçı Şəxs tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-276/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilmişdir. Göründüyü kimi uşaqlarla bağlı mübahisə tam həll edilmədiyinə görə 14 yaşına çatmamış uşaqların Şəxs yanında saxlanması ehtimalı aradan qalxmamışdır. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81- 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Beləliklə, məhkəmə, inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların mövcudluğunu nəzərə alaraq, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128- 130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 1000 (bir min) manat məbləğində inzibati cərimə edilsin. Qərarın icrası Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar