Məhkəmə qərarları › İş №3(051)-677/2022

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-677/2022

31.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-677/2022 31.10.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızı Məhkəmə iclas katibi X1 Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə göndərilmiş inzibati xəta haqqında materiala baxaraq Müəyyənetdim: Azərbaycan Respublikasının Maliyyə Nazirliyi uçot siyasəti şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, MN1731859 saylı protokoldan görünür ki, 2020-ci il üzrə maliyyə hesabatlarının 2021-ci ildə auditinin aparılmamasına görə "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-yə məlumat verilmiş, lakin nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə hesab edir ki, İXM-nin 61.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkündür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsinə əsasən “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə - vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. İş materiallarını araşdırıb hesab edirəm ki, "xxxx" MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 464-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi var. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsində göstərilir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsinin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-nin 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. İnzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri araşdırıb hesab edirəm ki, "xxxx" MMC İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsində nəzərdə tutulan inzibati məsuliyyətə cəlb olunmalı və həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə inzibati cərimə edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq Qərara aldım: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllənin 464-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 1500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Mingəçevir məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar