Məhkəmə qərarları › İş №3(051)-693/2023

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-693/2023

29.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-693/2023 29.08.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Nəzirov Elzamin Çingiz oğlunun katibliyi Mingəçevir ŞPŞ İTB-nin polis sahə rəisi X7, Zərərçəkmiş şəxslər: X5 və X3 Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs: Şəxs iştirakları ilə xx.xx.1973-cü il tarixdə Laçın rayonu Alxaslı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Laçın rayonu Alxaslı kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şəxs xx.xx.2023-cü il tarixdə yaşadığı Mingəçevir şəhəri, H.Əliyev prospektində 6 saylı binanın qarşısında qonşuları X5 və X6 vuraraq fiziki ağrı yetirərək onları qəsdən döymüşdür. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs həmin inzibati xətanı törətməsi, zərərçəkmiş şəxsin izahatı, şahid ifadələri və işdə olan mötəbər sənədlərlə təsdiq olunmuşdur. Mingəçevir Mingəçevir ŞPŞ İTB-nin polis sahə rəisi X7 məhkəmə iclası zamanı tərtib etdiyi protokola uyğun izahat verdi və təmin olunmasını xahiş etdi. İnzibati xəta törətmiş şəxs Şəxs məhkəmə iclası zamanı barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, ünvan 2 ünvanda 8 ildir ki, yaşayır. Adları çəkilən şəxslər onun yaşadığı binanın blokunda quraşdırılmış skamyada əyləşib söhbət edərək onun rahatlığını pozmuşlar. Həmin şəxslər onla prinsip olaraq başqa qonşuları da gətirib onun yaşadığı blokun qarşısındakı skamyada oturdub onu qəsdlə incidirlər. Aralarında olan mübahisə zamanı o, heç kimi vurmayıb. O, özü hazırda birinci qrup əlildir, müharibə veteranıdır. Yolu da gedəndə ehtiyatla gedir ki, başındakı zədə onu incitməsin. Belə bir vəziyyətdə onun kimisə vurması ağlabatan deyil. Əksinə olaraq Novruz Qurbanov ona qarşı aqressiya nümayiş etdirmiş, onlar hər ikisi, yəni ər və arvad onun yara boşluğuna zərbələr endirmişlər, həmin zaman onun epilepsiyası tutmuş və təcili yardım gələrək onu yuxarı çıxarmışlar. Həmin vaxt Novruz Qurbanov ona xəsarət yetirməklə yanaşı əlində ki, taxta parçası ilə də onun maşınına zədələr yetirərək ona maddi ziyanda vurmuşdur. Hesab edir ki, o, günahsızdır, odur ki, məhkəmədən izahatında göstərilənləri nəzərə almaqla, barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Zərərçəkmiş şəxs X10 məhkəmə iclası zamanı izahatında göstərdi ki, o, həyat yoldaşı və ailəsi ilə birlikdə Mingəçevir şəhəri H.Əliyev prospektində yerləşən 6 saylı binada yaşayırlar. Yoldaşı səhər radələrində ona bildirmişdir ki, zibil atmağa gedir. Yoldaşı zibil atmağa gedəndən bir neçə dəqiqə sonra binanın qarşısında səs küy eşitdikdən sonra o da həyətə düşdü. Bu zaman görmüşdür ki, Natiq onun yoldaşını nalayiq ifadələrlə söyüb təhqir edir. Həmin zaman o, Natiq həmin söyüşlərin kimə etdiyini soruşduqda Natiq ona bildirdi ki, onun arvadına söyür. Həmin zaman aralarında mübahisə yarandı, Natiq həmin söyüşləri ona da ünvanlamışdır. Bundan sonra Natiq yumruqla onu vurmuş və o müvazinətini itirərək yerə yıxılmışdır. O, yerə yıxılandan sonra Natiq onunda arvadını söyməkdən əlavə zərbələr endirərək onu vurmuşdur. Natiq onu vurandan sonra o yerə yıxılmış, sonra isə qonşular ona kömək etmişlər. O, özünə gələndən sonra 120 polis xidmətini yığmışdır. Natiq həmçinin qeyd edir ki, guya o, Natiqin maşınını ağacla vuraraq zədələmişdir. Bildirir ki, Natiq yalan deyir. Onun maşınına o, sadəcə əlinin içi ilə yüngül zərbə vurmuşdur. Lakin qeyd olunan taxta parçasından istifadə etməmişdir. Maşına da heç bir zədə yetirməmişdir. O, Natiqdən şikayətçidir, Natiqin onu vurmasını həmçinin həyat yoldaşına da zərbələr vurmasını və söyüşlər söyərək təhqir etməsini ona pis təsir etmiş, onun şərəf və ləyaqətini alçaltmışdır. O, hazırda Şəxs şikayətçidir. Odur ki, məhkəmədən onun barəsində ən sərt cəza tədbirinin görülməsini xahiş edir. Zərərçəkmiş şəxs X6 məhkəmə iclası zamanı izahatında göstərdi ki, o, həyat yoldaşı və ailəsi ilə birlikdə Mingəçevir şəhəri H.Əliyev prospektində yerləşən 6 saylı binada yaşayırlar. Həmin vaxt yəni 19 iyul 2023-cü il tarixdə yaşadıqları evdən çıxaraq zibil atmağa getmişdir. Zibili atıb qayıtdıqdan sonra Şəxs yaşadığı blokunun qarşısında quraşdırılmış skamyada əyləşərək digər qonşusu ilə söhbət etmişlər. Bu zaman Şəxs yaşadığı mənzilin pəncərəsindən onlara qarşı nalayiq ifadələr işlətməyə başlamışdır. Daha sonra Natiq evindən düşərək onların yanına gəlmiş yenidən onları təhqir etməyə başlamış, bu zaman onun yoldaşı Novruzda mübahisə yerinə gəlmiş, bu zaman Natiq onu da söyüb təhqir etmiş və onunla yanaşı həyat yoldaşı Novruzu da vurmuşdur. O, Novruzu vurduqdan sonra onun həyat yoldaşı yerə yıxılaraq huşunu itirmişdir. Bu zaman orada olan qonşuların köməyi ilə onun yoldaşını özünə gətirmişlər. Ondan sonra onlar 120 xidmətini yığaraq Natiq barəsində polisə şikayət vermişlər. Natiqdən şikayətçidirlər. Odur ki, onun barəsində ən ağır cəza verilməsini xahiş edirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş, X8 ifadəsində bildirmişdir ki, onlar Mingəçevir şəhəri H.Əliyev prospekti 6 saylı binada yaşayırlar. O Natiqlə eyni blokda yaşayır. O, həmin blokun qarşısındakı skamyada digər qonşusu Bənövşəylə oturub söhbət edirdilər. Bu zaman Natiq yaşadığı evin pəncərəsini açaraq onlara qarşı nalayiq ifadələr işlətməyə başladılar. O, isə ona etiraz olaraq dedi ki, onlar Natiqin evində yox blokun skamiyasında oturub söhbət edirlər. Natiq bir müddət sonra yerə düşərək onların yanına gəlmiş, bu zaman digər qonşusu Novruz da səs-küyə gəlmişdir. Həmin zaman onların arasında mübahisə yarandı. Bu zaman Natiq Novruzu vurdu. Bundan sonra Novruz yerə yıxıldı. Qonşuların köməkliyi ilə Novruzu yerdən qaldırılar. Bundan sonra Natiq Bənövşəni də vurmuşdur. X16 vurmayıb. Sadəcə olaraq Novruz əlinin içi ilə Natiqin maşınına yumruq vurmuşdur. Hadisə onun gözünün qarşısında aş vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş, X9 verdiyi ifadəsində göstərmişdir ki, 19 iyul 2023-cü il tarixdə səhər zibil atmağa gedirdi. Həmin vaxt Bənövşədə skamyada oturmuşdur. O, zibili atıb qayıdanda gördü ki, onların arasında mübahisə gedir. Natiq həmin vaxt narahat idi. Natiqin müharibə vaxtı başından xəsarət aldığı üçün ona səs küy olmaz. Həmin vaxt səs küy olan zaman qonşusu Novruz da hadisə yerinə gəlmişdir. Bənövşə Natiq barəsində nalayiq ifadə işlədərək onu təhqir etmişdir. Elə bu zaman Novruz Natiqin başından yumruqla vurdu və onun əli Novruzun başına dəydi. Novruz Natiqə təpik atanda ayağı ilişib yerə yıxıldı. Həmin zaman Natiqin epilepsiyası tutdu. Sonra Novruz bildirdi ki, onun tutmasaydılar Natiqi öldürəcəkdi. Həmin zaman Natiqin maşını məhlədə idi. Novruz Natiqin maşınını ağacla əzmişdir. Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməsi icra məmurunun izahatı, özünün etirafı və işdə olan sənədlərlə təsdiq olunmuşdur. Ona görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə inzibati xəta haqqında protokollar tərtib edilərək, məhkəməyə verilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: İşdə olan xx.xx.2023-cü il tarixli, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi əlamətləri olmadığından cinayət işinin başlanması rədd edilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli qərardaddan görünür ki, Şəxs barəsində AR İXMnin 157-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. İşdə olan 29 avqust 2023-cü il tarixli, MN seriyalı 15523121 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs İXM 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İşdə olan 20 iyul 2023-cü il tarixli Məhkəmə tibbi ekspertiza və patoloji anatomiya birliyinin 20 iyul 2023-cü il tarixli 511 saylı rəyindən görünür ki, X2 gözünün bayır bucağında qançır, hər iki dirsək oynaqlarının arxa səthlərində sıyrıqlar bərk küt əşyanın təsirindən əmələ gələ bilərdilər, yetirilmə müddətləri qərarda göstərilən xx.xx.2023-cü il tarixə uyğundurlar, sağlamlığa zərər vurmadıqları üçün dərəcələri təyin olunmur. İşdə olan 20 iyul 2023-cü il tarixli Məhkəmə tibbi ekspertiza və patoloji anatomiya birliyinin 510 saylı rəyindən görünür ki, X1 said və sol bazu nahiyyələrində qançırlar, küt əşyanın təsirindən əmələ gələ bilərdilər, yetirilmə müddətləri qərarda göstərilən xx.xx.2023-cü il tarixə uyğundurlar, sağlamlığa zərər vurmadıqları üçün dərəcələri təyin olunmur. İşdə olan xx.xx.2023-cü l tarixli ******* saylı protokoldan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə protokol tərtib edilərək Mingəçevir şəhər məhkəməsinə göndərilmişdir. Məhkəmə, inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda baxaraq, mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, iş üzrə icraat materiallarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Şəxs xx.xx.2023-cü il tarixdə yaşadığı Mingəçevir şəhəri, H.Əliyev prospektində 6 saylı binanın qarçısında qonşuları X10 və X4 vuraraq ona qəsdən fiziki ağrı yetirməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157–ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və onun əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcuddur. Onun qeyd olunan inzibati xətanı törətməkdə təqsirli olması işdə olan materiallarla, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin xətanın az əhəmiyyətli olmasına görə inzibati xəta törətmiş şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar və onun əməlində inzibati məsuliyyəti istisna edən hallar yoxdur. İnzibati xəta haqqında iş üzrə icraatda tədqiq edilmiş həmin sübutlar qanunda nəzərdə tutulmuş qaydada əldə edilməklə bərabər, inzibati xəta törətmiş şəxsin təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsində göstərilir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31-ci maddəsinin tələblərinə görə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, Şəxs ilk dəfə inzibati xəta törətməsi onun məsuliyyətini yüngülləşdirən haldır. Onun əməlində məsuliyyəti ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən halların olmasını, məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 400 (dörd yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın icrası Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Məhkəmənin hakimi Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar