Məhkəmə qərarları › İş №3(051)-701/2021

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-701/2021

31.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-701/2021 31.08.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Şəfiyeva Könül Səməd qızının katibliyi İnzibati xəta törətmiş şəxs: Şəxs iştirakı ilə xx.xx.1987-ci il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ikinci qrup əlil, işləməyən və 18.07.2020-ci il tarixdən sahibkarlıq fəaliyyəti müvəqqəti dayandırılmış, evli, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İXM–in 211.1–ci maddəsi ilə barəsində tərtib edilmiş inbzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs 31.08.2021-ci il tarixdə saat 00:15 radələrində Mingəçevir şəhərinin 20 Yanvar küçəsində fəaliyyət göstərən “Styopa Pub” kafesini işlədərək Azərbaycan Respublikasının daxilində elan olunmuş karantin rejiminin tələblərinə əməl etməyərək, karantin rejim qaydalarını pozmuşdur. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM–in 211.1–ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs həmin inzibati xətanı törətməsi özünün etirafı və işdə olan sənədlərlə tam təsdiq olunmuşdur. İnzibati xətanı törətmiş şəxs Şəxs məhkəmə iclası zamanı barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə özünü təqsirli bildi və izahatında göstərdi ki, Mingəçevir şəhərinin 20 Yanvar küçəsində fəaliyyət göstərən Styopa Pub” kafesini əvvəllər icarəyə vermiş, sonradan, yəni bir neçə gündü özü işlədir. 31.08.2021-ci il tarixdə saat 00:15 radələrində həmin kafedə olan zaman Mingəçevir ŞPŞ-nin əməkdaşları ora daxil olub və onun Azərbaycan Respublikasının daxilində elan olunmuş karantin rejiminin tələblərini pozaraq saat 00:00-dan sonra həmin kafeni işlətməsini müəyyən etmişlər. Bundan sonra polis əməkdaşları onu Mingəçevir Şəhər Polis Şöbəsinə aparmış və barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Əməlindən peşimandır, ikinci qrup əlil kimi pensiya alır və ailənin yeganə qazanc gətirənidir. Eləcə də daxili xəstəliklərdən əziyyət çəkir. Odur ki, məhkəmədən onun barəsində həbslə əlaqədar olmayan inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş, Mingəçevir ŞPŞ-in PPXB-nin polis nəfəri Ruslan Mehtiyev ifadəsində göstərdi ki, 31.08.2021-ci il tarixdə saat 00:15 radələrində Mingəçevir şəhərinin 20 Yanvar küçəsində fəaliyyət göstərən Styopa Pub” kafesini Azərbaycan Respublikasının daxilində elan olunmuş karantin rejiminin tələblərini pozaraq saat 00:00-dan sonra işlətməsi müəyyən olunmuşdur. Şəxs 00:15-də sözügedən kafeni işlətməklə ölkə ərazisində elan edilmiş xüsusi karantin rejimi qaydalarını pozmuşdur. Həmin şəxs tərəfimizdən ŞPŞ-yə dəvət edildi və barəsində inzibati xəta haqqında protokol tərtib edildi. İşə əlavə edilmiş 31.08.2021-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 31.08.2021-ci il tarixdə saat 00:15 radələrində Mingəçevir şəhərinin 20 Yanvar küçəsində fəaliyyət göstərən “Styopa Pub” kafesini saat 00:00-dan sonra işlədərək ölkə ərazisində mövcud olan xüsusi karantin rejimi qaydalarını pozmuşdur. İşə əlavə edilmiş 31.08.2021-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 31.08.2021-ci il tarixdə saat 00:40-da inzibati qaydada tutulmuşdur. İşə əlavə edilmiş vergi məlumatları barədə elektron sorğudan görünür ki, Şəxs sahibkarlıq fəaliyyətini 18.07.2020-ci il tarixdə müvəqqəti olaraq dayandırmışdır. İşə əlavə edilmiş Azərbaycan Respublikasının ƏƏSMN-nin elektron arayışından (forma 88) görünür ki, Şəxs ikinci qrup əlildir. Məhkəmə, inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxsin izahatı, iş üzrə icraat materiallarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Şəxs 31.08.2021–ci il tarixdə saat 00:15 radələrində Mingəçevir şəhərinin 20 Yanvar küçəsində fəaliyyət göstərən Styopa Pub” kafesini işlətməklə ölkə ərazisində mövcud olan xüsusi karantin rejimi qaydalarını pozaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1–ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və onun əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcuddur. Onun qeyd olunan inzibati xətanı törətməkdə təqsirli olması, özünün etirafedici ifadəsi, habelə işdə olan materiallarla, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin xətanın az əhəmiyyətli olmasına görə inzibati xəta törətmiş şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar və onun əməlində inzibati məsuliyyəti istisna edən hallar yoxdur. İnzibati xəta haqqında iş üzrə icraatda tədqiq edilmiş həmin sübutlar qanunda nəzərdə tutulmuş qaydada əldə edilməklə bərabər, inzibati xəta törətmiş şəxsin təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Azərbaycan Respublikasi Nazirlər Kabinetinin hal-hazırda qüvvədə olan “Xüsusi karantin rejiminin müddətinin uzadılması və sərtləşdirilmiş karantin rejimində tətbiq edilən bəzi məhdudiyyətlərin aradan qaldırılması barədə” 16 yanvar 2021-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilir ki, 2021-ci il 1 fevral saat 00:00-dan Azərbaycan Respublikasının bütün ərazisində ictimai iaşə obyektlərində, eləcə də restoran, kafe, çay evləri və bu kimi digər məkanlarda Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarları ilə müəyyən edilmiş məhdudiyyətlər və tələblər nəzərə alınmaqla, müştərilərə saat 06.00-dan 00.00-dək yerində xidmət göstərilməsinə icazə verilir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsində göstərilir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31-ci maddəsinin tələblərinə görə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdiriən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, Şəxs əməlindən peşiman olması onun məsuliyyətini yüngülləşdirən haldır. Onun əməlində məsuliyyəti ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə, məhkəmə, inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halların mövcudluğunu, ağırlaşdıran halların olmamasını, ikinci qrup əlil olmasını nəzərə alaraq, Şəxs barəsində fiziki şəxs kimi cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğun hesab edir. Azərbaycan Respublikası İXM-nin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, birinci və ya ikinci dərəcə əlilliyi olan şəxslər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Həmin Məcəllənin 17-ci maddəsinin Qeyd hissəsinə görə Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyridövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Ona görə də məhkəmə hesab edir ki, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi zamanı onun həbsdə olması nəzərə alınmaqla cərimə növündə inzibati tənbeh maddənin sanksiyasında göstərilən məbləğin dörddə üçü həddində müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM–in 35.1, 35.2, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM–in 211.1–ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Şəxs Rəhman oğlu məhkəmə iclas zalından həbsdən dərhal azad olunsun. Qərardan, 10 gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar