Məhkəmə qərarları › İş №3(051)-703/2021

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-703/2021

06.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-703/2021 06.10.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi İnzibati xəta törətmiş şəxs: Şəxs iştirakı ilə xx.xx.1980-ci ildə Mingəçevir şəhərində doğulmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 343.2-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i m: İnzibati xəta haqqında protokola görə Şəxs 01 avqust 2021-ci il tarixdə, saat 20:45də Mingəçevir şəhəri, H. Əliyev prospektiində sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılmaqdan imtina etmiş və bu hərəkəti ilə o, Azərbaycan Respublikasını İXM-nin 343.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 01.09.2021-ci il tarixli 3(051)-703/2021 saylı qərarına əsasən Şəxs AR İXM-nin 343.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 15 gün müddətində inzibati qaydada həbs edilmişdir. Şəxs sözügedən məhkəmə qərarından apelyasiya şikayəti vermiş, Şəki Apellyasiya Məhkəməsinin 03.09.2021-ci il tarixli 3(107)-278/2021 saylı qərarına əsasən Şəxs şikayəti qismən təmin edilmiş və Mingəçevir Şəhər Məhkəməsinin 01.09.2021-ci il tarixli 3(051)- 703/2021 saylı qərarı ləğv edilərək inzibati xəta haqqında iş yenidən baxılması üçün Mingəçevir Şəhər Məhkəməsinə göndərilmişdir. Şəxs məhkəmə iclası zamanı barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə özünü təqsirli bilmədi və göstərdi ki, o, 01.08.2021-ci il tarixdə təxminən 19:30 radələrində nəqliyyat vasitəsini idarə edərkən Mingəçevir Şəhər Polis Şöbəsinin YPX-nin əməmkdaşları nəqliyyat vasitəsinin nömrəsi olmaması səbəbi ilə onu saxlamışlar. Əslində, arxada nəqliyyat vasitəsinin nömrəsi olmasa da, nömrəni qabaq şüşədə yerləşdirmişdir. Avtomobil anasına məxsusdur, nəqliyyat vasitəsini idarə etmək hüququ da vardır. Sürücülük vəsiqəsi özündədir, evdədir, tutulduğu zaman üstündə heç bir sənəd olmamışdır. Həmin vaxt saxlanılan kimi polis əməkdaşlarının bütün qanuni tələblərini yerinə yetirmişdir. Cərimələri ödəmədiyi üçün nəqliyyat vasitəsinin müvəqqəti duracağa aparılmalı olduğu ona bildirilmiş, buna görə də avtomobilin açarını təhvil vermişdir. 10 dəqiqədən sonra mülki geyimdə olan polis əməkdaşı gəlib onu təhqir etməyə başlamışdır. O isə polis əməkdaşı ilə aşağı tonda danışmış, səsini yüksəltməmişdir. Həmin vaxt o, polis əməkdaşlarına heç bir müqavimət göstərməmişdir. Tibb bacısının gətirdiyi alkotesterə üfürmüşdür. Bu, kameraya da düşüb. Hadisə zamanı nəqliyyat vasitəsini idarə etmək hüququ olmuşdur. Cəriməni ödəmədiyinə görə 18.10.2020-ci il tarixdə sürücülük hüququnun məhdudlaşdırılması ona tətbiq edilsə də, artıq bundan 6 ay müddət keçmişdir. 3 övladı var, döyüş bölgəsində xidmət edib xəsarət almış, İİ qrup əlildir, bununla bağlı 266 manat miqdarında təqaüd alır. Ürəyi, qara ciyəri xəstədir. Həmçinin o bildirdi ki, 01 avqust 2021-ci il tarixdə heç bir tibbi müayinədən imtina etməmişdir. Əksinə, məhkəmə iclaslarında ekspertizanın keçirilməsini tələb etmişdir. Nəqliyyat vasitəsinin üzərində olan cərimələr tam ödənilmişdir. Habelə, 18.10.2020-ci il tarixdə altı ay müddətə sürücülük hüququnun məhdudlaşdırılması cəzası tam ödənilmişdir. Odur ki, məhkəmədən inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə Mingəçevir Şəhər Polis Şöbəsinə məlumat verilsə də, məhkəmə prosesində iştirak etməmişlər və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verilməmişdir. Məhkəmə, protokol tərtib etmək səlahiyyəti olan orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşə materiallarına əlavə edilmiş 01.08.2021-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 01 avqust 2021-ci il tarixdə, saat 20:45-də Mingəçevir şəhəri, H. Əliyev prospektində sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılmaqdan imtina etmişdir. İşə materiallarına əlavə edilmiş Mingəçevir Şəhər Məhkəməsinin 01.09.2021-ci il tarixli 3(051)-703/2021 nömrəli inzibati xəta haqqında qərarından görünür ki, Şəxs AR İXM-nin 343.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 15 gün müddətində inzibati qaydada həbs edilmişdir. İşə materiallarına əlavə edilmiş Şəki Apelyasiya Məhkəməsinin 03.09.2021-ci il tarixli 3(107)-278/2021 nömrəli qərarından görünür ki, Şəxs apelyasiya şikayəti qismən təmin edilmiş və Mingəçevir Şəhər Məhkəməsinin 01.09.2021-ci il tarixli 3(051)-703/2021 nömrəli qərarı ləğv edilərək, yenidən araşdırılması üçün Mingəçevir Şəhər Məhkəməsinə göndərilmişdir. İşə materiallarına əlavə edilmiş Mingəçevir Şəhər Məhkəməsinin 16.10.2020-ci il tarixli 3 (051)-452/2020 nömrəli inzibati xəta haqqında qərarından görünür ki, Şəxs Ələsgər oğlu Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, nəqliyyat vasitələrini idarə etmək hüququ 6 ay müddətə məhdudlaşdırılmışdır. Məhkəmə, inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxsin izahatı, iş üzrə icraat materiallarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, həmin vaxt nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan Şəxs 01 avqust 2021-ci il tarixdə, saat 20:45-də Mingəçevir şəhəri, H. Əliyev prospektiində sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılmaqdan imtina etməsinə baxmayaraq, onun əməli düzgün tövsif olunmayaraq, onun barəsində törətdiyi inzibati xətanın tərkib əlamətlərinə uyğun olmayan qanun norması ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Belə ki, Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs kimi, nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etməsinə görə inzibati tənbeh almış şəxs kimi, həmçinin inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar inzibati xəta törətmiş və həmin xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə tənbeh almış şəxs kimi göstərilməklə onun barəsində İXM-in 343.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Halbuki, Şəxs həmin inzibati xətanı nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan vaxt törətmiş, həmçinin onun barəsində əvvəllər, sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə etməyə və yaxud zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına dair qüvvədə olan inzibati xəta haqqında qərar olmamışdır. Belə olan halda Şəxs əməlində inzibati məsuliyyəti istisna edən hallar mövcuddur. Belə ki, inzibati xəta haqqında iş üzrə icraatda tədqiq edilmiş sübutlar inzibati xəta törətmiş şəxsin təqsirli olmasına əsaslı şübhələr yaradır və onun təqsirinin sübuta yetirilməsi üçün kifayət etmir. Bu da o nəticəyə gəlməyə əsas verir ki, törədilmiş inzibati xətada şəxsin təqsirliliyinin sübuta yetirilməsi üçün kifayət qədər əsaslar mövcud deyildir. Belə ki, AR İXM-nin 343.2-ci maddəsinə əsasən bu Məcəllənin 333.2 və 333.3-cü maddələrində nəzərdə tutulmuş hallarda sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılmış nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxsin tibbi müayinədən imtina etməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla, dörd yüz manatdan yeddi yüz manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 333.2-ci maddəsinə əsasən bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə nəqliyyat vasitələrini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla, dörd yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 333.3-cü maddəsinə əsasən bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla yeddi yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə AR İXM-in yuxarıda qeyd edilən maddələrini əlaqəli şəkildə nəzərdən keçirərək belə qənaətə gəlir ki, Şəxs barəsində AR İXM-nin 343.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli olması sübuta yetirilmədiyindən, onun barəsində tərtib edilmiş inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Məhkəmə öz qənaətini onunla əsaslandırır ki, İXM-in 343.2-ci maddəsi ilə inzibati məsuliyyət, İXM-in 333.2 və 333.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinmiş şəxs tərəfindən barəsində çıxarılmış qərar qüvvəyə mindiyi gündən bir il ərzində inzibati xəta təkrar törədildiyi halda yaranır. Hazırkı vəziyyətdə isə İXM-in 343.2-ci maddəsinin tərkib əlamətləri ilə Şəxs törətdiyi inzibati xətanın cəhətləri arasında uyğunluq müəyyən edilmədiyindən, əmələ düzgün hüquqi qiymət verilməmiş, yəni Şəxs əməlinə qanunun inzibati məsuliyyət müəyyən edən norması düzgün tətbiq edilməmişdir. Belə olan halda Şəxs İXM-in 343.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmək təqsirli olmasını təsdiq edən sübutlar kifayət qədər yetərli deyildir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs Azərbaycan Respublikasının İXM-in 343.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmədə təqsirli olması sübut olunmur. Belə ki, Azərbaycan Respublikası İXM–nin 75–ci maddəsində inzibati xəta törətməkdə şəxsin təqsirli olması inzibati xətalar haqqında işlərin icraatı üzrə sübut edilməli olan hal kimi müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, hazırki inzibati xəta haqqında iş üzrə icraatda barəsində protokol tərtib edilmiş şəxsin məhz İXM-in 343.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmədə təqsirli olunması sübut olunmadığından, inzibati xəta haqqında protokolda göstərilən inzibati xəta hadisəsi Şəxs tərəfindən törədilməmiş hesab edilməlidir. Azərbaycan Respublikası İXM–nin 3–cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.2–ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3–cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 12-ci maddəsində göstərilmişdir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM–nin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Ona görə də məhkəmə hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməsini qanuni və əsaslı hesab edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən, bu Məcəllənin 53-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Göstərilənlərə əsasən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 343.2-ci maddəsi ilə olan inzibati xəta haqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 21, 40, 43, 48-51, 114, 128-130-ci maddələrini rəhbər tutaraq, qərara a l d ı m: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 343.2-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraatda təqsirliliyi sübuta yetirilmədiyinə görə inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar