Məhkəmə qərarları › İş №3(051)-72/2025

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-72/2025

11.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-72/2025 11.01.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi Mingəçevir ŞPŞ-nin İTB-nin profilaktika üzrə baş inspektoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs iştirakı ilə xx.xx.1979-cu il tarixdə Yevlax rayonu, Gülövşə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Yevlax rayonu, Gülövşə kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İnzibati xəta haqqında protokola görə Şəxs xx.xx.2025–ci il tarixdə saat 23:50 radələrində Mingəçevir şəhəri, Nizami küçəsində ucadan səs-küy salaraq nalayiq söyüşlər söyməsi və polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması göstərilmişdir. Mingəçevir ŞPŞ-nin İTB-nin profilaktika üzrə baş inspektoru X2 məhkəmə iclası zamanı protokolu müdafiə etdi və Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclası zamanı göstərdi ki, sərxoş olduğu üçün ucadan səs-küy salaraq nalayiq ifadələr işlədibişlətmədiyini dəqiq xatırlamır. Yanında heç kim olmamışdır. Polis əməkdaşları ona yaxınlaşmış, ona onlarla birlikdə polis şöbəsinə getməli olmasını bildirmişlər. O da heç bir etiraz etməmiş, polis əməkdaşları ilə birlikdə polis şöbəsinə getmişdir. Odur ki, məhkəmədən ifadəsində göstərdiyi halları nəzərə alaraq qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş, Mingəçevir ŞPŞ-nin PPXB-nün polis nəfəri X3 ifadəsində göstərdi ki, xx.xx.2025–ci il tarixdə saat 23:50 radələrində Mingəçevir şəhəri, Nizami küçəsində xidmətdə olan zaman bir nəfər şəxsin ucadan səs-küy salaraq küçə söyüşləri söydüyünü görmüşlər. Onlar həmin şəxsə yaxınlaşaraq nizam-intizama dəvət etsələr də, həmin şəxs onların qanuni tələblərinə qəsdən tabe olmayaraq, öz əməllərini davam etdirməyə başlamışdır. Onlar həmin şəxsi polis şöbəsinə gətirmişlər. Polis şöbəsində həmin şəxsin Şəxs olduğu müəyyən olunmuşdur. İşə əlavə edilmiş xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025–ci il tarixdə saat 23:50 radələrində Mingəçevir şəhəri, Nizami küçəsində ucadan səs-küy salaraq nalayiq söyüşlər söymüş və polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. İşə əlavə edilmiş xx.xx.2025-ci il tarixli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs orta dərəcəli sərxoşluq vəziyyətində olmuşdur. İşə əlavə edilmiş inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025–ci il tarixdə saat 00:05-də inzibati qaydada tutulmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı və iş materialları ilə müəyyən edilir ki, Şəxs polis əməkdaşlarının qanuni tələblərinə tabe olmuşdur. Belə ki, polis işçisi Şəxs onlarla birlikdə polis şöbəsinə getməsini bildirdikdə, o, etiraz etməmiş, polis əməkdaşları ilə birlikdə polis şöbəsinə getmişdir. Həmçinin Şəxs ucadan səs-küy salaraq nalayiq ifadələr işlətməsi, işdə olan materiallarla təsdiq edilməmişdir. Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini polis işçisi ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, qanuni tələblərinə qəsdən tabe olmaması ilə şərtləndirmişdir. Belə olan halda onun əməlində inzibati məsuliyyəti istisna edən hallar mövcuddur. Belə ki, inzibati xəta haqqında iş üzrə icraatda tədqiq edilmiş sübutlar inzibati xəta törətmiş şəxsin təqsirli olmasına şübhə yaradır və onun təqsirinin sübuta yetirilməsi üçün kifayət etmir. Bu da o nəticəyə gəlməyə əsas verir ki, törədilmiş inzibati xətada şəxsin təqsirliliyinin sübuta yetirilməsi üçün kifayət qədər əsaslar mövcud deyildir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs Azərbaycan Respublikasının İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmədə təqsirli olması sübut olunmur. Belə ki, Azərbaycan Respublikası İXM–in 75–ci maddəsində inzibati xəta törətməkdə şəxsin təqsirli olması inzibati xətalar haqqında işlərin icraatı üzrə sübut edilməli olan hal kimi müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, hazırki inzibati xəta haqqında iş üzrə icraatda barəsində protokol tərtib edilmiş şəxsin məhz İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmədə təqsirli olunması sübut olunmadığından, inzibati xəta haqqında protokolda göstərilən inzibati xəta hadisəsi Şəxs tərəfindən törədilməmiş hesab edilməlidir. Azərbaycan Respublikası İXM–in 3–cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.2–ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3–cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12-ci maddəsində göstərilmişdir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM–in 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Ona görə də məhkəmə hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməsini qanuni və əsaslı hesab edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən, bu Məcəllənin 53-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Göstərilənlərə əsasən Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsi ilə olan inzibati xəta haqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 114, 128–130–cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraatda təqsirliliyi sübuta yetirilmədiyinə görə inzibati xəta haqqında işin icraatına xitam verilsin. Şəxs məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Qərarın icrası Mingəçevir Şəhər Polis Şöbəsinə tapşırılsın. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar