Məhkəmə qərarları › İş №3(051)-722/2022

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-722/2022

01.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-722/2022 01.11.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs və qanuni nümayəndəsi X1 Barəsində protokol tərtib edilmiş: Şəxs iştirakı ilə xx.xx.1981-ci il tarixdə Mingəçevir şəhərində doğulmuş, subay, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: Mingəçevir Şəhər Polis Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola görə, Şəxs xx.xx.2022-ci il tarixdə saat 00:15-də yaşadığı mənzildə özünü müdafiə etmək məqsədi ilə Zərərçəkmiş şəxs vuraraq döymüşdür. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs izahatında göstərdi ki, o, xx.xx.2022-ci il tarixdə saat 00:15-də yaşadıqları mənzildə baş vermiş hadisə zamanı, qardaşı oğlu Zərərçəkmiş şəxs bıçaq çıxararaq ona xəsarət yetirmək istəmişdir. Bu zaman bacısı Azadə ilə birlikdə bıçağı onun əlindən almağa çalışarkən əlbəyaxa olmuşlar. Həmin vaxt Əli xəsarətlər almışdır. Hadisə zamanı o, özünü Əlidən müdafiə etməyə çalışmışdır. Ondan başqa Əli hadisə zamanı şüşə banka ilə ögey anası Xalidəyə xəsarət yetirmək istəmiş, lakin o, qarşısını almışdır. Bununla belə Xalidə Əlini döyməmiş və ona hər hansı xəsarət yetirməmişdir. Hazırda özünü təqsirli hesab etmir. Ona görə də izahatında göstərilənləri nəzərə almaqla barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş edir. Məhkəmə iclası zamanı qanuni nümayəndəsi X1 iştirakı ilə dindirilmiş Zərərçəkmiş şəxs izahatında göstərdi ki, xx.xx.2022-ci il tarixə saat 00:15-də yaşadıqları mənzildə ögey anası Xalidə Babayeva ilə aralarında münaqişə baş vermişdir. Belə ki, Xalidə Babayeva onun əşyaları olan otağa öz əşyalarını yığmışdır. Hadisə zamanı o, Xalidə Babayevaya heç bir xəsarət yetirməmişdir. Xalidə Babayeva isə guya onun bıçaq çıxarması ilə bağlı yalan məlumat vermişdir. Həmin vaxt bibiləri Azadə Babayeva və Şəxs onu tutub saxlamışlar. Bu zaman bibisi Şəxs tərəfindən ona müxtəlif bədən xəsarətləri yetirilmişdir. O, yalnız Xalidə Babayeva onun üzərinə gələn zaman özünü müdafiə etmək üçün əlinə şüşə banka götürmüşdür. O, Xalidə Babayevanı vurmaq istəsə də, vurmamışdır. X2 görə özünə qəsd etmək istəmişdir. Bu barədə anası anası Nuranə Babayevaya da məlumat vermişdir. Hazırda Şəxs şikayətçidir və məhkəmədən onun barəsində qanuni tədbir görülməsini xahiş edir. Məhkəmə iclası zamanı Zərərçəkmiş şəxs qanuni nümayəndəsi X3 izahatında göstərdi ki, Zərərçəkmiş şəxs onun keçmış arvadı Nuranə Babayeva ilə birgə nikahından doğulmuşdur. Daha sonra Xalidə Babayeva ilə ailə qursa da, hazırda onunla olan münasibəti də pisləşdiyindən, evdən çıxmış və başqa bir qadınla yaşayır. Hadisə barədə oğlu Əli ona məlumat vermişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Belə ki, işdə olan xx.xx.2022-ci il tarixli 601 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı onun bədənində aşkar olunan xəsarətlər sağ qulaqardı nahiyədə, boynunda, sağ əlinin arxa hissəsində sıyrıqlar bərk küt əşyanın təsirindən əmələ gəlmişdir. Yetirilmə müddətləri qərarda göstərilən xx.xx.2022-ci il tarixə uyğun gələ bilər. Sağlamlığa zərər vurmadıqları üçün dərəcələri təyin olunmur. İşdə olan Mingəçevir ŞPŞ-nin xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Şəxs əməlində cinayət tərkibi əlamətləri müəyyən edilmədiyindən, cinayət işinin başlanması rədd edilmiş və onun barəsində İXM-in 157-ci maddəsinə əsasən tədbir görülməsi üçün aidiyyəti üzrə göndərilmişdir. İşdə olan Mingəçevir ŞPŞ-nin xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başanılması haqqında qərarından görünür ki, Şəxs barəsində İXM-in 157-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmış və inzibati araşdırma aparılmışdır. Məhkəmə məhkəmə, inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq, mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin izahatlarını, iş üzrə icraat materiallarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Şəxs xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs vuraraq, sağlamlığına dərəcəsi təyin edilməyən xəsarət yetirməklə döyməsi, barəsində inzibati xəta haqqında iş üzrə protokol tərtib edilmiş şəxsin özünümüdafiə etməsi nəticəsində yaranmışdır. Belə ki, zərərçəkmiş şəxs öz izahatında qeyd etmişdir ki, onunla Xalidə Babayeva arasında yaranmış münaqişə zamanı ona xəsarət yetirməsinin qarşısını almaq üçün bibisi Şəxs onu tutmuş və bu zaman ona xəsarətlər yetirilmişdir. Göründüyü kimi barəsində protokol tərtib edilmiş şəxs zərərçəkmiş şəxs tərəfindən Xalidə Babayeva xəsarət yetirilməsinin qarşısını alan vaxt ona xəsarət yetirmişdir. Belə olan halda Şəxs Xalidə Babayevanı hüquqazidd qəsddən qoruyarkən, Zərərçəkmiş şəxs dərəcəsi təyin edilməyən xəsarət yetirməsi, qarşısı alınmış qəsdin xarakterinə və təhlükəlilik dərəcəsinə uyğun olduğundan, o, zəruri müdafiə həddini aşmamışdır. Ona görə də onun əməlində inzibati məsuliyyəti istisna edən hallar mövcuddur. Belə ki, inzibati xəta haqqında iş üzrə icraatda tədqiq edilmiş sübutlar inzibati xəta törətmiş şəxsin zəruri müdafiə vəziyyətində hərəkət etdiyini deməyə əsas verir. Ona görə də məhkəmə hesab edir ki, hazırki inzibati xəta haqqında iş üzrə icraatda barəsində protokol tərtib edilmiş şəxs zəruri müdafiə vəziyyətində hərəkət etmişdir. Ona görə də onun əməli inzibati xəta hesab olunmur. Azərbaycan Respublikası İXM–nin 75–ci maddəsində inzibati xəta törətməkdə şəxsin təqsirli olması inzibati xətalar haqqında işlərin icraatı üzrə sübut edilməli olan hal kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası İXM–nin 3–cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.2–ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3–cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur Həmin Məcəllənin 13–cü maddəsində göstərilmişdir ki, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Həmin Məcəllənin 157-ci maddəsindən görünür ki, şəxsin inzibati tənbehə məruz qalması üçün onun döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməsi nəzərdə tutulmuşdur. Göründüyü kimi Azərbaycan Respublikası İXM–in 157–ci maddəsinin tərkibinin yaranması üçün əməl qəsdən törədilməlidir. Məhkəmə hesab edir ki, Şəxs zəruri müdafiə həddini aşmaqla Zərərçəkmiş şəxs qəsdən döyməsi və ya ona qəsdən fiziki ağrı yetirməsi iş materialları ilə istisna olunur. Azərbaycan Respublikası İXM–nin 20.1-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş əməllərin əlamətlərinə uyğun olsa da, zəruri müdafiə vəziyyətində, yəni özünü müdafiə edənin və ya başqa şəxsin həyatına, sağlamlığına və ya hüquqlarına, dövlətin və ya cəmiyyətin mənafeyinə qəsd edənə zərər vurmaq yolu ilə hüquqazidd qəsddən qoruyarkən edilmiş hərəkət, zəruri müdafiə həddini aşmamışdırsa, inzibati xəta hesab olunmur. Həmin Məcəllənin 53.1.4-cü maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata şəxs zəruri müdafiə vəziyyətində hərəkət etdikdə xitam verilir. Ona görə də məhkəmə hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməsini qanuni və əsaslı hesab edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən, bu Məcəllənin 53-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, nzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 106, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs zəruri müdafiə vəziyyətində hərəkət etdiyinə görə onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157–ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar