Məhkəmə qərarları › İş №3(051)-725/2024

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-725/2024

30.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-725/2024 30.10.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, Mingəçevir ŞPŞ-nin İTB-nin polis sahə rəisi Xəzər Ağamaliyevin Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.2006–cı il tarixdə Ağdam rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, Ağdam rayonu, Ağdam kənd sahəsində qeydiyyatda olmaqla, Mingəçevir şəhəri, Az Dres qəsəbəsi Gənclik mərkəzində yaşayan Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ : Şəxs xx.xx.2024-cü il tarixdə saat Mingəçevir şəhəri, Naxçıvan küçəsində inzibati xəta törədən Şəxs polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bu hərəkəti ilə Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Mingəçevir ŞPŞ-nin İTB-nin polis sahə rəisi Xəzər Ağamalıyev məhkəmə iclası zamanı protokola uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclası zamanı izahatında göstərdi ki, onun o, həqiqətən də sərxoş olmuşdur. Lakin tabesizlik etməmişdir. O, heç bir səs-küy salmamışdır. Onun yanında olan uşaqlar səs-küy salmışdır. Ona polislər şöbəyə getməyi təklif etdilər, o isə polis əməkdaşları ilə birlikdə şöbəyə getmişdir. Heç bir artıq hərəkət və tabesizlik etməmişdir. İş üzrə şahid qismində çıxış edən Mingəçevir ŞPŞ-nin əməkdaşı X2 bildirdi ki, o, həmin şəxsləri tanımır. Onu əməliyyat zamanı tanımışdır. Gecə vaxtı xidmətdə olan zaman səs-küy eşitdilər. Onlar iki nəfər idi. Əsas səs-küy salan digər şəxs idi. Rəhbər adlı şəxs səs-küy salmamış və tabesizlik göstərməmişdir. İş üzrə şahid qismində çıxış edən Mingəçevir ŞPŞ-nin əməkdaşı X1 da digər şahid X2 ilə eyni məzmunlu ifadə verərək Rəhbər adlı şəxsin səs-küy salmadığını bildirmişdir. xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə saat Mingəçevir şəhəri, Naxçıvan küçəsində inzibati xəta törədən Şəxs polisin qanuni tələbinə qəsdən tabe olmadığı üçün polis əməkdaşları tərəfindən saxlanılmışdır. xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə qərardada əsasən, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tərtib olunmuş protokola aidiyyəti üzrə baxılması üçün Mingəçevir Şəhər Məhkəməsinə göndərilmişdir. xx.xx.2024-cü il tarixli inzibati qaydada tutuma haqqında protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmaması barədə inzibati xətanı törətməkdə təqsirli bilinərək, inzibati xətaların qarşısını almaq məqsədi ilə xx.xx.2024-cü il tarixdə saat 01:40-da inzibati qaydada tutulmuşdur. İşdə olan Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aralarında tibbi müayinəyə dair xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Şəxs xəta törədilən zaman yüngül dərəcəli sərxoş vəziyyətdə olmuşdur. Məhkəmə, inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda baxaraq, mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxsin ifadələrini, iş üzrə icraat materiallarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Şəxs əməlində inzibati məsuliyyətə cəlb etməyə əsas verən inzibati xəta tərkibi yoxdur. Məhkəmə protokolda tərtib edilmiş hallara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, protokolda qeyd edilən və “Şəxs xx.xx.2024-cü il tarixdə saat Mingəçevir şəhəri, Naxçıvan küçəsində inzibati xəta törədən Şəxs polisin qanuni tələbinə qəsdən tabe olmaması” faktını təsdiq edən əsaslı sübutlar şikayətçi tərəfindən təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin:

3. Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 9.1. İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır.

12. Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsini qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 76.1-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Göründüyü kimi, həmin inzibati xəta tərkibinin olmasını təsdiq edən sübutlar inzibati xəta haqqında protokolda öz əksini tapmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 105.2-ci maddəsinə əsasən inzibati xəta haqqında işin icraata xitam verilməsi haqqında qərarın surəti barəsində belə qərar qəbul edilmiş şəxslərə və zərərçəkmiş şəxsə göndərilir. 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir; 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur.r. Maddənin tələbinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamalıdır, halbuki, məhkəmə iclası zamanı və şahid ifadələri zamanı Şəxs həqiqətən də səsküy salması və bunun nəticəsində polisin qanuni tələblərinə qəsdən tabe olmaması kimi hər hansı hal məhkəmə araşdırması zamanı öz əksini tapmadı. İnzibati xəta haqqında protokolu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidlərin izahatını və inzibati işin materialında da olan sənədləri nəzərdən keçirib, iş üzrə sübutları qiymətləndirib, həmçinin inzibati iş üzrə əlavə sübutların təqdim edilməməsini nəzərə alaraq məhkəmə hesab edir ki, iş üzrə inzibati xəta hadisəsi olmadığı üçün icraata xitam verilməlidir. Bu səbəbdən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində olan inzibati xəta haqqında işə, inzibati xəta hadisəsinin olmaması əsası ilə xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 106, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq məhkəmə

QƏRARA ALDİ:

Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər.

HAKİM: Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar