Məhkəmə qərarları › İş №3(051)-73/2024

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-73/2024

26.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-73/2024 26.01.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi Ağayeva Aynurə Nizami qızının katibliyi Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru: X1 İcra sənədi üzrə borclu: Şəxs İcra sənədi üzrə tələbkar: X2 iştirakı ilə, xx.xx.1996-cı il tarixdə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Kəlbəcər rayonu Təkəqaya Ərazi Dairəsinin Babaşlar kəndində qeydiyyatda olan, Mingəçevir şəhəri AzQres, Vaqonlar qəsəbəsində yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İXM–in 528.1-ci maddəsi ilə inbzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə verilmişdir. Ona görə ki, Kəlbəcər rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qanuni qüvvəyə minmiş icra sənədi əsasında uşaqla ünsiyyət hüququnun həyata keçirilməsini nəzərdə tutan icra sənədinin icrası ilə əlaqədar Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərinə qəsdən tabe olmamış, qətnamənin tələblərinə məhəl qoymaraq uşaqları ataları ilə görüşməsindən boyun qaçırmışdır. Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X3 məhkəmə iclası zamanı inzibati xəta haqqında protokolun dəlillərini müdafiə edərək izahatında göstərdi ki, Kəlbəcər rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli icra sənədi ilə İş üzrə X4 xx.xx.2018ci il təvəllüdlü Nizami və xx.xx.2020-ci il təvəllüdlü Nilay adlı uşaqları ilə hər ayın hər həftəsinin şənbə günləri saat 14:00-dan saat 18:00-dək görüş (sərbəst ünsiyyətdə olmaq hüququ) tanınması qət edilmişdir. Lakin, borcluya dəfələrlə bildiriş və xəbərdarlıqlar göndərilməsinə baxmayaraq, o uşaqları atası ilə görüşdürməkdən yayınmışdır. Onun davranışı o nəticəyə gəlməyə əsas verir ki, o, icra məmurunun tələblərinə qəsdən tabe olmur. Ona görə də hazırki protokolla məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Protokolun dəlillərini müdafiə edir və borclu haqqında qanuni tədbir görülməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı tələbkar X5 izahatında göstərdi ki, o, uşaqları ilə görüşə bilmir. Borclu görüş üçün heç bir şərait yaratmır. Odur ki, qərar qəbul edilərkən izahatında göstərilənləri nəzərə almağı məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı borclu Şəxs izahatında göstərdi ki, həqiqətən Kəlbəcər rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli icra sənədi ilə İş üzrə X4 xx.xx.2018-ci il təvəllüdlü Nizami və xx.xx.2020-ci il təvəllüdlü Nilay adlı uşaqları ilə hər ayın hər həftəsinin şənbə günləri saat 14:00-dan saat 18:00-dək görüş (sərbəst ünsiyyətdə olmaq hüququ) tanınması qət edilmişdir. O, uşaqlarının ataları ilə görüşməsinə etiraz etmir. Sadəcə olaraq kiçik uşaq psixoloji cəhətdən bir az nasaz oduğu, həmçinin uşaq ondan ayrı qala bilməməsini nəzərə alaraq görüşdə iştirak edir. Lakin uşaqları ataları ilə görüşməsinə heç bir maneələr yaratmır. Odur ki, qərar qəbul edilərkən izahatında göstərilənləri nəzərə almağı məhkəmədən xahiş edir. İşdə olan Kəlbəcər rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh X4 xx.xx.2018-ci il təvəllüdlü Nizami və xx.xx.2020-ci il təvəllüdlü Nilay adlı uşaqları ilə hər ayın hər həftəsinin şənbə günləri saat 14:00-dan saat 18:00-dək görüş (sərbəst ünsiyyətdə olmaq hüququ) tanınması qət edilmişdir. Beləliklə, işdə iştirak edən şəxslərin izahatları, işdə olan sənədlər və digər iş materialları ilə borclu Şəxs icra sənədini qəsdən və qərəzli olaraq icra etməməsi, qəsdən yayınması və xüsusən icra məmurunun qanuni tələbinə qəsdən tabe olmaması müəyyən olunmur. Belə ki, iş materialları və işdə iştirak edən şəxslərin izahatı ilə müəyyən edilir ki, borclu uşaqlarının ataları ilə görüşməsinə etiraz etmir və heç bir maneələr yaratmır. icra məmurunun tələbinə riayət edərək uşaqları ataları ilə görüşməsi üçün icra məmurunun təyin etdiyi vaxtda və yerlərə vaxtında gətirir. Halbuki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi borclunun məsuliyyətini icra məmurunun tələbinə qəsdən tabe olmaması ilə şərtləndirmişdir. Hazırki vəziyyətdə isə borclu Şəxs əməlində həmin inzibati xətanın tərkibinin olması iş materialları ilə təkzib olunur. Həmin dəlillər icra məmuru tərəfindən və borclu tərəfindən görüşün telefon vasitəsi ilə çəkilmiş viedo yazılarla və foto şəkillərlə də təsdiq olunur. Ona görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində borclunun icra məmurunun qanuni tələblərini qəsdən yerinə yetirməməsi müəyyən edilmir. Borclu Şəxs əməlində ona istinad olunan inzibati xətanın tərkibi yoxdur. Bu səbəbdən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə əsasən borclu Şəxs barəsində olan inzibati xəta haqqında işə, əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM–nin 53.0.2–ci maddəsində göstərilmişdir ki, inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Ona görə də məhkəmə hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməsini qanuni və əsaslı hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 106, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1–ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərardan 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar