Məhkəmə qərarları › İş №3(051)-730/2024

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-730/2024

04.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-730/2024 04.11.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Elza Cəbrayılzadə Vaqif qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Mingəçevir Şəhər Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis leytenantı X1, Zərərçəkmiş şəxslər X5 və X3 iştirakı ilə xx.xx.1994-cü ildə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM–nin 157-ci maddəsi ilə inzibati icraat materiallarına baxaraq, məhkəmə Müəyyən etdi: Mingəçevir Şəhər Polis Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola görə, Mingəçevir şəhəri Prokurorluğunun inzibati binasının qarşısında xx.xx.2024-cü il tarixdə saat 11:00 radələrində vətəndaş Nərgiz Osmanova, Sahib Osmanov və Şəxs qarşılıqlı olaraq bir-birini döymüşdür. Mingəçevir Şəhər Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis leytenantı X4 məhkəmə iclası zamanı verdiyi izahatında göstərmişdir ki, ilk dəfə Osmanova Nərgizin müraciət daxil oldu. İzahatlar alındı. Bundan sonra 102-ə prokurorluğun inzibati binası qarşısında münaqişə olmasına dair məlumat daxil oldu. Bundan sonra məsələ araşdırıldı. Məsələnin kökündə əmlak olduğu və bu səbəbdən tərəflər arasında münaqişə olduğu müəyyən edildi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, Araz marketdən işdən çıxırdı. Belə ki, o, səhər növbəsində işləyir. Yorğun idi. 15 gün Qarabağda, 15 gün isə burada işləyir. Dayısı ona demiş ki, yataqxanada ev vardır. O, cavab verdi ki, evi nə etsin. Dayısı söyləmiş ki, evlənəndən sonra harada yaşayacaq? O da buna cavab kimi söyləmişdir ki, xalasının evi var. Orada qalmaq niyyətindədir. Bu vaxt dayısı xalasını söymüşdür. Sonra o evə istirahət etmək üçün getmişdir. O evdə olanda anası gəlib dayısının bacısını təhqir etdiyini ona söyləmişdir. O da dayısının bu hərəkətlərini düz olmadığını izah etmək üçün yanına getmişdir. Dayısı onu yerə yıxıb boğmuşdur. O isə dayısının üzünə şillələr vurmuşdur ki, onu buraxsın. Deyilənlər yalandır. İkisi bir-birinin sözünü deyir. İkisi də onu vurmuşdur. Dayısı arvadı şillə vururdu. Dayısı isə onu boğurdu. Onu öldürmək qəsdinə durmuş idi. O onları döyməyib. Yalandır. İşə məhkəmə qaydasında tam baxılmasını istəyir. O barışmır. Onun döyülməsinə dair sübutları vardır. Təpik atsa idi, izi qalardı. Həkimə getməli idi. O həkimə getmişdir və Sənədləri vardır. Şahidləri yalançı şahidlərdir. Orada hadisə vaxtı heç kəs yox idi. Onun heç bir günahı yoxdur. Odur ki, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Zərərçəkmiş şəxs X5 izahatında bildirdi ki, yoldaşının ata mülkünün mübahisəsidir. Onlar 7 il kirayədə yaşamışlar. Ondan sonra yoldaşı ata evindən pay almaq məqsədilə məhkəməyə müraciət etmişdir. Onlar məhkəmə qaydasında o evə köçmüşlər. Həmin evə qətnamə əsasında köçdükdən sonra ona, yəni baldızı oğluna qarşı heç bir söz-söhbəti olmamışdır. Onlar arasında problem olmamışdır. O, prokurorluğun inzibati binasının qarşısında yer süpürəndə, belə ki, o orada işləyir. O, parkı süpürür. Gəldi ona dedi ki, o ailə qurub həmin evdə yaşamaq istəyir. O ona demiş ki, yoldaşı buna icazə verməz və polisə şikayət edər. Yoldaşı ilə eyni parkda işləyir. Yoldaşı nə olduğunu soruşmuşdur. O isə olanları yoldaşına söyləmişdir. Dəfələrlə bu hallar baş verdikdən sonra polisə şikayət etmişdir. Bundan sonra o yenə onu təhqir etmişdir. O, 102-ə yığdığından o getmişdir. Həmin gün yoldaşının bacısı, yəni həmin şəxsin anası gəlib yoldaşına onu istinad edərək təhqir etmişdir. Bundan sonra yoldaşı da onun qızı haqqında həmin təhqiri etmişdir. Baldızı bundan sonra bu oğlanı qızışdırıb onların üstünə yollamışdır. Həmin vaxt parkda o, yoldaşı və briqada olmuşlar. Bu oğlan yoldaşına dəfələrlə zəng etmişdir. Ancaq söz-söhbət olmasın deyə cavab verməmişlər. Çoxlu sayda nalayiq mesajlar atmışdır. Bundan sonra onların iş yeri olan parka gəlmişdir. Onları təhqir edərək onun, yoldaşının yox, onun üzərinə hücum etmişdir. Bundan sonra itələşmiş və bir-birinin boğazlarından yapışmışlar. O, aralamışdır. Ona vurmuş və onun proşkisi düşmüşdür. Hətta ona təpikdə atmışdır. O heç kimə vurmamışdır. Onun 45 yaşı vardır. Öz dayısına hücum çəkmişdir. Həmin xərçəngdir və əməliyyat olunmuşdur. Utanmır, əl qaldırır. Briqədir 102-ni yığan kimi çıxdı-getdi. Hazırda Şəxs şikayətçidir. Onun barəsində tədbir görülməsini xahiş edir. Zərərçəkmiş şəxs X8 verdiyi izahatında bildirdi ki, onun ona gücü çatmaz. Əməliyyatdan yeni çıxmış insandır. Alnına və böyür-başına zərbələr vurmuşdur. Yoldaşının vurmağa getdiyindən o aralamaq istəmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X6 verdiyi ifadəsində göstərmişdir ki, Natiqi tanımır. Briqadir və Nərgiz oturacaqda oturmuşdular. O isə onlarla üzbəüz arxası yola olmaqla söhbət edirdi. Birdən onlar dedilər ki, gəlir. Oğlan sarı koftalı idi. Onu polisə bənzətdi. Yolu keçib gəldikdən sonra çox əxlaqsız söyüşlər deməyə başladı. Qorxdu və üzünə baxmağa çəkindi. Günay dedi ki, qohumlarıdı. Nərgizin yoldaşı dedi ki, söyüş söyməsin. Bu vaxt Nərgizin yoldaşını döydü, sonra Nərgiz araya girdi. Nərgizi də döydü. Sonra ikisinidə döydü. Qorduğuna görə heç nə edə bilmədi Sahibin başı vurulmaqdan qıpqırmızı olmuşdu. O, gördüyünü danışmışdır. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X7 verdiyi ifadəsində göstərmişdir ki, onlar Yaşıllaşdırma İdarəsinin işçiləridirlər. O, briqadirdir. Ər-arvadı tanıyır. Çünki onlar yaşıllaşdırmanın işçiləridirlər. Oğlanı isə qiyabi tanıyır. Onlar iş başında idilər. Saat 12-ə işləmiş və ya yarısı olardı. O işçilərə nəzarət edir. Natiq qaça-qaça yolu keçdi. Nərgizə tərəf gəlirdi. Sahib onun qabağına çıxdı. Onda bir-birlərini vurmağa başladılar. Çox qorxdu bu zaman. Yaxın dura bilmədi. 102-ni yığdığını deyib yığdı. Bundan sonra oğlan getdi. Sahib özünü müdafiə edirdi. Arvadı Nərgiz aralamağa çalışırdı. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İşdə olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 30 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Şəxs ilə Şəxs, X8 ilə Şəxs qarşılıqlı olaraq bir-birlərini vuraraq, döyməsi inzibati hüquq pozma sayıldığından və cinayət tərkibinin əlamətləri olmadığına görə cinayət işi başlanması rədd edilmişdir. Bundan həmin qərarın məzmunundan görünür ki, məhkəmə-tibb ekspertizasının xx.xx.2024-cü il tarxixli 516 N-li rəyinə əsasən, X2 bədənində xəsarət aşkar olunmamışdır. Məhkəmə-tibb ekspertizasının xx.xx.2024-cü il tarxixli 517 N-li rəyinə əsasən, X3 bədənində xəsarət aşkar olunmamışdır. Məhkəmə-tibb ekspertizasının xx.xx.2024-cü il tarixli 528 N-li rəyinə əsasən, Şəxs bədənində aşkar olunan xəsarətlər: - döş qəfəsinin ön səthində sıyrıqlar küt əşyanın (alətlərin) təsirindən əmələ gəlmişdir, yetirilmə müddətləri qərarda göstərilən xx.xx.2024-cü tarixə uyğundur, sağlamlığa zərər vurmadıqları üçün dərəcələri təyin olunmur. İşdə olan xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Mingəçevir şəhəri Prokurorluğunun inzibati binasının qarşısında xx.xx.2024-cü il tarixdə saat 11:00 radələrində vətəndaş Nərgiz Osmanova, Sahib Osmanov və Şəxs qarşılıqlı olaraq bir-birini döymüşdür. Məhkəmə inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq, mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin izahatlarını, iş üzrə icraat materiallarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Şəxs xx.xx.2024-cü il tarixdə şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı Şəxs döyməsi, sağlamlığına dərəcəsi təyin edilməyən xəsarət yetirməklə döyməsi iş materialları ilə sübut olunmur. Belə ki, Şəxs xx.xx.2024-cü il tarixdə şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı Şəxs döyməsi ilə bağlı hər hansı sübut olmadığından bu fakt öz təsdiqini tapmır. Bundan əlavə Mingəçevir şəhər polis şöbəsinin 30 sentyabr 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan da görünür ki, Şəxs əməlində cinayət tərkibinin əlamətləri müəyyən olunmadığından cinayət işinin başlanması rədd edilmişdir. Belə olan halda məhkəmə o, nəticəyə gəlməyə əsas verir ki, törədilmiş inzibati xətada şəxsin təqsirliliyi sübuta yetirilməsi üçün kifayət qədər əsaslar mövcud deyildir. Əksinə Şəxs X8 tərəfindən döyülməsinə dair sübutlar vardır. Belə ki, onun döyülməsi məhkəmə-tibb ekspertizasının xx.xx.2024-cü il tarixli 528 saylı qərarına əsasən, Şəxs bədənində aşkar olunan xəsarətlər: - döş qəfəsinin ön səthində sıyrıqlar küt əşyanın (alətlərin) təsirindən əmələ gəlmişdir, yetirilmə müddətləri qərarda göstərilən xx.xx.2024-cü tarixə uyğundur, sağlamlığa zərər vurmadıqları üçün dərəcələri təyin olunmur, rəyinə əsasən müəyyən edilmişdir. Bundan başqa döyüldüklərini iddia edən zərərçəkmiş şəxs qismində dindirilmiş şəxslər, məhkəmə-tibb ekspertizasının xx.xx.2024-cü il tarixli 516 N-li rəyinə əsasən, X2 bədənində xəsarət aşkar olunmamışdır. Məhkəmə-tibb ekspertizasının xx.xx.2024-cü il tarixli 517 N-li rəyinə əsasən, X3 bədənində xəsarət aşkar olunmamışdır, bununla da onların və şahid qismində dindirilmiş şəxslərin verdikləri izahatlar və ifadələr təkzib olunmuşdur. Bundan əlavə məhkəmə iclası zamanı şahid qismində dindirilmiş şəxslər zərərçəkmiş şəxslərin iş yoldaşı olduğundan məhkəmə həmin şahidlərin məhkəməyə vermiş olduqları ifadələri mötəbər sübut qismində qəbul etmir. Ona görə də məhkəmə hesab edir ki, hazırki inzibati xəta haqqında iş üzrə icraatda barəsində protokol tərtib edilmiş şəxsin təqsirli olunması sübut olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadığından Şəxs barəsində inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 105.2-ci maddəsinə əsasən inzibati xəta haqqında işin icraata xitam verilməsi haqqında qərarın surəti barəsində belə qərar qəbul edilmiş şəxslərə və zərərçəkmiş şəxsə göndərilir. 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir; 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə -üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməsini qanuni və əsaslı hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 106, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar